Medianews.az
İyunda bayram azdır
220 baxış

İyunda bayram azdır

İyunda bayram azdır

Nazirlər Kabinetinin vacib işlərlə məşğul olan idarələrindən biri də mətbuat xidmətidir. Dünən bu qurum APA-ya sensasion açıqlama veribdir, deyir iyun ayında 2 gün iş günü olmayacaqdır. İstəsəniz bunu “şok-xəbər”, “qalmaqallı hadisə” kimi də oxuya bilərsiniz - indi dəbdir belə şeylər, niyə geri qalaq?

Həmin günlərdən biri 17 iyundur. Məhz 1993-cü ilin 17 iyun gecəsi prezident Elçibəy Bakını tərk edərək Kələkiyə getmişdir. İndi də yapokratiya bunu bayram edir, rəsmən təqvimə qeyri-iş günü salmışlar... Zarafat edirəm, hər qəzetdə yazılana inanmayın. Sadəcə, 15 iyun yapokratların qurtuluş günüdür, bu il həmin gün şənbəyə düşürmüş, o üzdən Nazirlər Kabineti qarşıdan gələn bazar ertəsini - 17 iyunu qeyri-iş günü elan etməyə məcbur olubdur. 

Artur Rasizadə deyirsə, gərək biz həmin gün işləməyək. Bütün Azərbaycan xalqı 20 ildir həyatını Artur bəyin göstərişləri əsasında qurur. Adam desə işləyin, işləyirik. Desə ta bəsdir, işləməkdən “qrıja” oldunuz, gedin yatın - gedib yatırıq. Desə ramazandır - aclıq edirik, desə qurbandır - qoyun kəsirik. Millət uşağının sünnət toyu günündən tutmuş evliliyinin 60 illiyinə qədər min cür bayramları da məhz Artur müəllimin idarəsinin göstərişi ilə həyata keçirir.

Az qala unutmuşdum, ikinci qeyri-iş günü isə 26 iyun - Silahlı Qüvvələrimizin yaranması günüdür. Həmin gün nazirlər və başqa məmurlar özlərinə silahlı qoçu dəstələri yaratmışdır. Bu da zarafatdır, inanmayın. 26 iyunda Çevik Polis Alayı və “bandotdel” yaradılmışdır. Ümumiyyətlə, mən 26 iyunun tarixini bilmirəm, əl çəkin, əziz və hörmətli oxucular... 

Ancaq indiki halda bir aya cəmi iki qeyri-iş günü az deyilmi? Ümumiyyətlə, axmaq prinsipdir: yazın gözəl vaxtında, mart ayında 15 gün istirahət verilir, yayın qızmarında isə cəmi 2 gün. Buna görə Artur bəyi istefa verməyə çağırıram. İstefa mədəniyyəti yaxşı şeydir. 

Halbuki, lazım gəlsə iyun ayında xeyli qeyri-iş günü qayırmaq mümkündür. Məsələn, hər il iyunun ilk ongünlüyündə “Bakı neft-qaz sərgisi” tədbiri olur, bu il də olacaqdır. Sərgi keçirilən o 3-4 günü camaata istirahət verib sərgi salonuna aparmaq, neftin şəklini göstərmək yaxşı olmazmı? Xeyrini siz görün, şəklinə də xalq baxsın. Nə paxıllıqdır? Sovet hökumətinin bu sahədə yaxşı təcrübəsi var idi, nefti sümürüb aparırdı, ancaq Neft Daşlarından-zaddan romantik kinolar çəkirdi, camaat baxıb gözünün qurdunu öldürürdü. Tək elə “Bəxtiyar” filmini yada salsam bəsdir. İndi isə həm neft gedir, həm də bizə Rövnəqi göstərirlər.

Çox uzağa getməyək, elə bu yazının qəzetdə çıxdığı günü - 4 iyunu bayram eləməyin vaxtı deyilmi? Hətta gecikiblər. Axı 1993-cü ilin məhz bu günündə gerizəkalı polkovnik Surət Hüseynov ordunu yığıb cəbhə xəttindən üzü Bakıya gəlməsəydi indiki yapokratlar kim bilir hansı küllükdə eşələnirdilər. Atalar demişkən, qeysərin qeysər haqqı, peysərin peysər haqqı. Bu cür bayramı nədən qeyd eləmirlər? O “yeni-köhnə Yeni il” bayramı söhbətindəki kimi, yapokratların qurtuluşunun də əslində iki tarixi var. Biri 4 iyun qurtuluş günüdür, o biri də 15 iyun. İkisini də qeyd edin, 4 iyunda da göyə fişəng atın, şampan partladın... Bizə bu da azdır. Ümumiyyətlə, bütün iyun ayını bayram etməyə haqqınız çatır. 

İndi hər cür mənasız tədbirə “beynəlxalq” yarlıkı yapışdırmaq dəbdədir, elə iyun ayını da “Azərbaycanlıların beynəlxalq qeyri-iş günü” elan edə bilərik. Qoy axırıncı erməninin də gözü çıxsın, qaçıb getsin, biz də qayıdaq İsa bulağına. 

Yazını elə bu xoş ovqatla, mahnı buketi, poeziya çələngi ilə bitirirəm: “Toy olsun, bayram olsun, Həyat firavan olsun”

Bizə qoşulun