Azərbaycan hakimiyyəti müxtəlif dövlət strukturlarının və oliqarxların nəzarətində olan yarımhərbi mühafizəçilər ordusunu silahlandırır. Bu xəbər “Yeni Müsavat”a həmin strukturlardakı mənbələrdən daxil olub. Xəbərdə deyilir ki, SOCAR-ın və digər dövlət strukturlarının tabeçiliyində fəaliyyət göstərən, mühafizəçi ştatında olan və əslində neçə vaxtdır narazılara qarşı mülki geyimli cəza dəstələri kimi istifadə olunan yarımhərbi birləşmələrə İsrail istehsalı olan “UZİ” tapança-pulemyotları paylanır. Silahlanmanın hansı məqsəd daşıdığı dəqiq məlum deyil. Lakin ehtimal edilir ki, məqsəd seçkisonrası mümkün çaxnaşmalara hazırlıq görməkdir.
“UZİ”ni İsrailin Hərbi Sənaye Kompleksi istehsal edir, bu silahlar yaxın məsafəli döyüşlər üçün nəzərdə tutulub və əsasən, xüsusi təyinatlı qüvvələr, o cümlədən polis qüvvələri tərəfindən istifadə edilir. Hədəfi maksimum 200 metr məsafədə vurmağa imkan verir. Azərbaycan İsraillə yaxın hərbi-texniki tərəfdaşlıq edir və ayrı-ayrı vaxtlarda bu ölkədən “UZİ” tapança-pulemyotlarının alındığına dair məlumatlar yayılıb.
Qeyd edək ki, hakimiyyətin müxtəlif strukturlarının nəzdində və ayrı-ayrı oliqarxların nəzarətində mühafizəçilər adı altında yarımhərbi birləşmələrin fəaliyyət göstərdiyi çoxdan məlumdur. Belə birləşmələr 2000-ci illərin əvvəllərindən etibarən formalaşdırılır. Proses təzə başlayanda idmançılar, o cümlədən əlbəyaxa döyüş növləri üzrə idmançılar bu dəstələrə cəlb olunurdular. Sonradan miqyas genişlənəndə yaxşı fiziki formada olan gənclər də belə dəstələrə cəlb edildi və onlara təlim keçilməyə başlandı. Məsələn, təkcə SOCAR-ın Mühafizə İdarəsinin tabeçilyində 5-6 minlik belə mühafizəçi ordusunun olduğu məlumdur. Onlara döyüş silahlarından istifadə üzrə təlimlərin keçirildiyindən də mətbuat yazıb. SOCAR-ın mühafizəçilər ordusu Binəqədidə və digər yerlərdə sənədsiz evlərə hücumda istifadə olunub. Həmçinin vaxtilə müxalifətin aksiyalarının dağıdılmasında da belə dəstələrdən istifadə olunduğu haqda çoxsaylı faktlar var.
Mühafizəçilərdən ibarət dəstələr SOCAR-la yanaşı FHN-in də nəzdində fəaliyyət göstərir. Bu qurumun da demək olar ki, bütün personalına “UZI” avtomatları paylanıb. Həmçinin ayrı-ayrı oliqarxların maliyyələşdirdiyi və rəsmi adı mühafizəçi olan, əsasən onların biznes obyektlərini, imarətlərini qoruyan, “boş vaxtlarında” da narazıları cəzalandırmağa cəlb edilən mühafizəçi dəstələri hakimiyyətin qeyri-rəsmi ordusu olaraq bilinməkdədir. Bu baxımdan həmin dəstələrin silahla təchiz edilməsinə dair rəsmi olaraq təsdiqlənməsi mümkün olmayan iddia kifayət qədər narahatedici hesab edilə bilər. Belə ki, hakimiyyət üçün potensial təhlükə yarananda rəsmi fəaliyyət göstərən silahlı gücləri işə salanadək belə dəstələrin köməyi ilə narazıları neytrallaşdırmaq, sonra izi itirmək üçün imkan yarana bilər. Hazırda hakimiyyətə qarşı xaricdən təhlükə barədə bir-birinin ardınca xəbərlər gəlir, iqtidar heç vaxt olmayan səviyyədə xarici təzyiqlərlə üzləşib və özünü qorumaq üçün bütün vasitələrə hazır görünür.