
Mayın 31-də “Viza” hüquq firmasının rəhbəri, tanınmış vəkil Aslan İsmayılov Baş Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsində (“Bandotdel”) başına gələnlərlə bağlı mətbuat konfransı keçirib. A.İsmayılov bundan əvvəl qohumunun yasına gedən İbrahim İbrahimlinin Naxçıvanda oğurlayıb döyülməsini yasda saldı: “O vaxt heç kim reaksiya vermədi. İsgəndər Həmidovu da oğurlayıb 3 saat saxladılar.
Sonra da rəsmi məlumat yaydılar ki, guya İsgəndər Həmidovu polis aparmayıb. Polis aparmayıbsa, deməli, hansısa qoçu dəstələri aparıb. Belədirsə bəs siz hara baxırsınız? Mən Rəşad adlı bloggerə "Bandotdel"də ağır işgəncələr verildiyini demişəm. Buna görə məni “Bandotdel”in qarşısından Nərimanov polisinə aparıblar. Rəislə 40 dəqiqə söhbət etdim. Dedi ki, bu sizə xəbərdarlıqdır, bəyanatlar səsləndirirsiniz, bir qədər belə çıxışlardan çəkinin. Mayın 30-da saat 17 radələrində bir neçə gün əvvəl qətlə yetirilən kardioloq Cavid Həmşəyevin yoldaşı İradə xanımın iştirakı ilə Nərimanov Rayon Prokurorluğunda olmuşuq. Mənə dəfələrlə Canpolad Daanov zəng elədi ki, 5 dəqiqəlik gəlin, sizinlə vacib işim var. Əgər mənə idarənin rəisi zəng etsəydi getməzdim. Daanovu çoxdan tanıyıram. O, dəfələrlə deyib ki, sizin kimi vəkil ola bilsəydim, bu zibil işi atıb gedərdim".
Vəkil bildirib ki, idarədə ona qarşı nalayiq ifadələr işlədilib, Daanov onu yumruqla vurub: “Orada məni mülki şəxs qarşıladı, kobud şəkildə dedi ki, bura keç. Başa düşdüm ki, məni aldadıblar. Canpolad orada otaqda idi. Ayağa qalxıb küçə söyüşləri ilə məni təhqir etməyə başladı. Bandit filmlərindəki jarqonlarla təhqir etdi. Məni vurdu. Yanında olan adamla bir ağızdan deyirdi ki, "çaşmısan, burada səni nələr gözlədiyini bilmirsən". Daanov deyirdi ki, kişisən sən də vur. Söyüb-döyüb təhqir etdilər, sonra da dedilər ki, rədd ol buradan".
A.İsmayılov dedi ki, oradan birbaşa Bakı şəhər prokuroru Əziz Seyidovun qəbuluna gedib: “Baş verənləri ona danışdım. Baş Prokurorluğun "Qaynar xətt" xidmətinə məlumat verdim. Daxili işlər nazirinin köməkçisi Elsevəri də məlumatlandırdım. Artıq yazılı şəkildə də daxili işlər nazirinə müraciət etmişəm".
A.İsmayılov rəsmilərin hadisədən xəbərsiz olmaları haqda məlumatlara da münasibət bildirdi: “Necə ola bilər ki, buna Avropa Şurasının komissarı reaksiya verir, amma Azərbaycan rəsmilərinin xəbəri olmur? DİN-in rəsmi məlumatı mənim üçün gözlənilməzdir. Buna bir kəlmə ilə cavab verə bilərəm - ayıbdır. 56 yaşım var, xuliqanlıq vaxtım çoxdan keçib. İnanmıram ki, ağlı başında olan kimsə bunların bəyanatına inanacaq! Necə ola bilər ki, mən gedib "Bandotdel" əməkdaşlarını təxribata çəkmək istəyim? Bu absurddur! Bütün bunlar məni susdurmaq üçündür. Mənə dönə-dönə deyiblər ki, sus. Bilsinlər, mən şərəfsiz həyat sürən, əqidəmdən dönən deyiləm. Tələbə yoldaşlarım olmuş 2 general bu gün Baş Prokurorluqda oturub. Onlardan məni qorxutmaq olar, ya yox soruşsunlar. Mənə qarşı baş verənlər göstərər ki, istəsələr öldürə bilərlər. Mən susmamışam, susmayacağam da. Mənim vəzifə iddiam yoxdur. Bu gün hakimiyyətdə olanlar cırıq şalvarda gəzəndə mən Rusiyada məhkəmə sədri idim. Mən hüquq müdafiəçisiyəm. Qarnınızın ağrısı nədir? Facebookda aktiv olmağım və gənclərin mənə münasibətidir sizi əndişələndirən? Mən Rəşad Ağəddinə (Ramazanov) işgəncə verildiyini demişəm. Onu saxlanıldığı istintaq təcridxanasında görmüşəm. Başını qırxıblar. Başında dərin yaralar var. Bunu demişəm və deyəcəyəm. Əgər belə deyilsə onu NİDA-çı gənclər kimi televizora çıxarsınlar. Eləcə göstərsinlər və hamı ona hansı işgəncələrin verildiyini biləcək. Vaxtilə mən Heydər Əliyevi müdafiə edəndə məni öldürmək istəyirdilər. İndi həmin vaxt qaçıb gizlənənlər mənə qarşı nalayiq hərəkətlər etməklə öz qoçaqlıqlarını göstərirlər".
A.İsmayılov C.Daanov cəzalandırılana qədər mübarizə aparacağını deyib: “Müdafiəmlə bağlı bütün hüquq müdafiə təşkilatlarına müraciət etmişəm və edəcəyəm də. Daanov cəzasını almayınca mübarizə aparacağam”.
A.İsmayılov həbs olunacağı ehtimalından danışıb, deyib ki, onu izləyirlər.
Hüquq müdafiəçisi Arzu Abdullayeva bildirdi ki, hadisə ilə bağlı Avropa Şurasının Bakı nümayəndəliyində və ABŞ səfirliyində görüş keçiriblər.
E.Zeynalov isə hüquq-mühafizə orqanlarındakı işgəncə faktlarından xəbərdar olmaq üçün ombudsmanın illik hesabatlarına nəzər salınmasının kifayət etdiyini söylədi: “Hörmətli Süleymanova hesabatlarında yazır ki, ona işgəncələrlə bağlı çoxsaylı müraciət olub. Onun həmin müraciətlərlə bağlı araşdırma aparmaq hüququ olmadığından müraciətləri müvafiq orqanlara araşdırma üçün göndərib. Amma Süleymanovaya verilən bütün cavablarda yazırlar ki, işgəncə faktları təsdiqini tapmır. Üstəlik işgəncəyə məruz qalanlara da Elmira Süleymanovaya məktub yazdırılar ki, guya işgəncəyə məruz qalması ilə bağlı müraciəti əsəbiləşib yazıb və ya başı ağrıyanda yazıb. Bu sadəcə gülməlidir”.
E.Zeynalov deyib ki, bu cür üsullarla gəncliyi həqiqi “Molotov kokteyli” hazırlamağa təhrik edirlər: “Aslan İsmayılovun vəkillik mantiyasını əynindən çıxarırlar. Unudurlar ki, bu səviyyədə hüquqşünası axtarıb tapmaq çətindir. O, erməni lobbisinin, sovet hakimiyyəti rəhbərlərinin iradəsinə zidd olaraq Sumqayıt hadisələrinə görə əsl günahkarları, üstəlik biri erməni olmaqla məhkəmə qarşısına çıxardı. Yəni belə bir təcrübəli hüquqşünasa, vəkilə qarşı atılan addım sadəcə azğınlığın hansı səviyyədə olduğunu göstərir”.
musavat.com