Medianews.az
“Gedək, sənə gül dərim”
346 baxış

“Gedək, sənə gül dərim”

 

 

“Gedək, sənə gül dərim”

 

Sonra da deyirlər, Azərbaycan kişiləri romantik deyillər, sentimentallıqdan uzaqdırlar. Yalanmış. Gül bayramından sonra fəvvarələrin ortasında düzəldilmiş gül piramidalarını sökmək üçün hücum çəkən bığlı-saqqallı kişilərin, yeniyetmələrin və gənclərin hərəkəti bu iddianı darmadağın dağıtdı - elə gül çələnglərinin özü kimi.

 

Bir daha sübut olundu ki, bizim kişilər yeri gəlsə yar-yoldaşa gül-çiçək bağışlamaq məsələsində əcdadımız Turaldan (Qazan xanın oğlu) geri qalmırlar. Hələ bəlkə də üstünük. Heç Tural da Günelə gülü cibinin puluyla almırdı, dağa-dərəyə dırmaşıb özü dərirdi.

Bu baxımdan dağların yamacına dırmaşıb sevgilisinə gül dərən qədim Turalla şalvarını çırmayaraq, ayaqqabısını çıxararaq, fəvvarə hovuzunun suyunu yarıb keçən və gül düzmək üçün düzəldilmiş məhəccərin təpəsinə qalxan müasir Tural asanca müqayisəyə gəlir - hətta bu müqayisə qüsurlu olsa da. 

Əsas məsələ niyyətdir. Burada saf niyyətin olduğu danılmazdır. Axtarsan, hələ burada fədakarlıq da var. Əgər Qazan oğlu Tural müftə gül dərmək üçün dandan təpə başına çıxanda ilan-çayana rast gələ, yaxud qayadan dığırlanıb şil-küt ola bilərdisə, müasir turallar da o məhəccərin təpəsindən yumbalanıb yerə çırpıla, yaxud polis qəzəbinə ürcah ola bilərdilər. 

Əlbəttə, yüz elə gül-çiçək və bu yolda alınan xəsarətlər qurban olsun yarın bir xoş baxışına. O üzdən sosial şəbəkələrdə və saytlarda yayılan müvafiq videogörüntüləri “gül görməmişliyi” adlandıranlarla razılaşmaq mümkün deyil. 

Təki belə videolar yayılsın. Bir də var, bəzi yeni əmələ gəlmiş saytlar eyzən köhnə pornolentlər yayırlar, daha matah sayıb baxan da yoxdur. 

Özümüzü bir balaca arsızlığa qoysaq, hələ bu görüntülərlə qürur-zad da duya bilərik. Vallahi, bu, təbliğat üçün də yarayır, yetər ki, istedadlı telejurnalist olsun, videokadrlarla yaxşı işləməyi, montajı-filanı bacarsın. 

Məsələn, erməni nazir Qagik Sarukyanın verdiyi qonaqlıqda ermənilərin görməmiş kimi yemək-içməyə cummasını göstərən videokadrlar hara, bizimkilərin gül-çiçəyə cumması hara? Birinci hücumun məqsədi qarın doldurmaqdırsa, ikinci həmlənin xoşməramlı olması göz qabağındadır. 

Keşkə bu ilin yanvarında Sumqayıtdakı 51 metrlik tortun üstündə qırğın çıxmamış, tort torta qarışmamış olaydı, onda erməniləri lap pis günə qoya, onları “ac uşağı ac”, “yetim köpəyuşağı”, “ac-yalavac həriflər” kimi epitetlərlə bəzəyərdik. Heyf ki, Sumqayıt tortu dilimizi gödək eləyir. 

Bəs ermənilər bu güldərmə epizodlarını görəndən sonra bizə nə deyə bilərlər? Heç nə. Yalnız həsəd apara bilərlər. Hələ ola bilər ki, Siruşo sevgilisi Akopun üzünə tüpürsün ki, alçaq dığa, gözünə su ver, Turalcan da yoxsan, görürsənmi, o, nişanlısına gül dərmək üçün hara dırmaşıb. 

Düzdür, Akop da ona deyə bilər ki, Siruşocan, sən bilmirsən, bədnam qonşularımız bu gülləri yenidən satmaq məqsədilə bazara aparmaq üçün toplayırlar, axı bu güllər Hollandiya, Ekvador kimi uzaq ölkələrdən gətirilib, bahalı güllərdir, aparıb yarı qiymətinə topdansatışa verəcəklər. 

Bax, əgər bədxah qonşular igid güldərənlərimizin bu hərəkətini izləyərək elə bir fikrə gəlsələr ki, bu işin altında lirik-sentimental hisslər yox, sırf maddi-maraq məsələsi dayanır, bu, bizə qarşı yekə bir böhtan olar. 

Çünki biz elə oğlanlar deyilik. Biz ildə bir dəfə 70 milyonu gülə, çiçəyə verdirib küçədə solduran oğlanlarıq. Heç vecimizə də deyil. O gülləri təzədən satıb pul qazanmaq lazım olsaydı, hökumət bu işi özbaşına buraxardımı? Əlbəttə, yox. Pul-para olan yerdə bizim başbilənlər çox həssas olurlar. 

Hər halda, məsələnin estetik tərəfinə baxmaq lazımdır. Hələ o kadrlar “gedək sənə gül dərim, səni gülə döndərim” hitinin sədaları altında yayılsaydı, daha gözəl olardı.

Qoy hökumət iyunun 15-də də nəsə bu cür bir mərasim təşkil eləsin. Heç gül və ya tort dağıtmağa gərək yoxdur, qoy bu dəfə camaata, şar, saqqız paylasınlar. Kitab da olar. Axır ki, nəsə müftə bir şey olsun. Müftə olanda hər şey şirin olur. İstifadə etməsələr də götürürlər.

 

Bizə qoşulun