
Samir SARI
samir_sari@mail.ru
Müsrüflük
Əvvəlcə korrektor, ondan keçsə, oxucularım yazının başlığını oxuyub elə biləcəklər ki, müəllif sözdə “t” hərfinin yerinə “s” yazıb. Bəzi oxucular isə dübarə elə biləcəklər ki, yazı Arif Rəhimzadənin parlamentdə ağlamasına həsr olunub.
Xeyr, hörmətli həmvətənlər, eləcə də xaricdə yaşayan dost-tanışlar. Söhbət kiminsə özünü artistliyə qoymasından, yəni mütrüflük etməsindən getmir. Əslində Arif müəllimin o məsum göz yaşlarının ürək yanğısından qaynaqlandığı heç kəsdə şübhə doğurmamalıdır. Klassik şairlərdən biri gözəl deyib ki, “gözdən yaş çıxarmı ürək yanmasa”. Çıxmaz, əlbəttə, çıxmaz.
Amma mətləbə qayıdaq. Türk-ərəb xalqlarının leksikonunda “müsrüflük” deyilən bir söz var. Azca şərh eləsəm, yadınıza düşəcək. “İsraf”, “məsrəf”, “sərf” deyilən sözlər var ha, bax, “müsrüflük” də o ailədən olan sözdür, israfçılığı ifadə edir.
Bu söz 3-4 il öncə Türkiyə tv-lərində gedən serialdan yadımda qalıb. Həmin serialda bir kasıb və məsuliyyətli tələbə vardı, görəndə ki, otaq yoldaşları öz büdcələrini, sabahkı günü düşünmürlər və əllərindəki pulu çox xərcləyirlər, deyirdi: “Müsrüflüyün lüzumu yok”. Arada o, hətta təxminən yumurtanın ağını yeyib, sarısını saxlamaq kimi təşəbbüslər də qaldırırdı. Neyləsin? Kasıbçılıq idi.
Amma varlı-hallı, pullu-mallı, zəngin olmaq da hələ müsrüflük etməyə haqq qazandırmır. Dünya üzərində ad qoyan milyarderlər olub ki, bir qəpiklik kibrit qutusunun içindəki çöplərdən birinin belə artıq israf olunmasına müsaidə etməyiblər, deyiblər, müsrüflüyün lüzumu yoxdur, siqareti başqa siqaretdən də alışdırmaq olar.
Bir də var, bizim halımız. Əslində, biz hamımız, millət olaraq müsrüfük - beşimiz az, beşimiz çox. Bizdə qənaət, sabahı, gələcək nəsilləri düşünmək söhbəti yoxdur. Hətta özünün və xalqın pulunu dağıdan müsrüflərə “yaxşı oğlan”, “əliaçıq kişi” ləqəbi verməyi sevirik. Amma bu həyatdır, çox əliaçıq oğlanlar axırda, siz də məni bağışlayın, dalıaçıq qalır.
İndi sizə bəzi informasiya başlıqları aydırım, görün, bizim başbilənlər necə müsrüflüklər edirlər. Son ayların xəbər başlıqlarından: “Bakıda beynəlxalq cüdo turniri keçiriləcək”; “Bakıda beynəlxalq velosiped turu keçirilir”; “Bakıda beynəlxalq muğam simpoziumu keçirilib”; “Bakıda beynəlxalq səhiyyə sərgisi və beynəlxalq gözəllik və estetik tibb sərgisi açılacaq”; “Bakıda beynəlxalq ”Grand Slam" turniri keçiriləcək"; “Bakıda beynəlxalq söz azadlığı konfransı keçiriləcək”; “Bakıda beynəlxalq teatr konfransı başlayıb”; “Bakıda beynəlxalq nəqliyyat sərgisi başlayıb”; “Bakıda beynəlxalq turnirdə 10 ölkənin güləşçiləri mübarizə aparacaqlar”; “70-dən çox tələbə bir arada: Bakıda beynəlxalq olimpiada keçiriləcək”; “Gənc şairlərin Bakıda beynəlxalq forumu keçiriləcək”; “Bakıda beynəlxalq dini forum keçiriləcək”; “Bakıda beynəlxalq caz festivalının açılışı olub; ”Bakıda beynəlxalq kukla teatrları festivalı keçirilir və sair və yüzə qədər ilaxır.
Hələ mən digər rayonlarda, xüsusilə də Qəbələdə keçirilən beynəlxalq tədbirləri yazmıram. Ta dünyada elə bir sənət və idman növü qalmayıb ki, ölkədə onlara dair beynəlxalq yarış, konfrans, forum, simpozium, olimpiada, festival, karnaval, qurultay, seminar, törən, şölən keçirilməsin.
Bütün bu mərasimlər havayı başa gəlmir, ən məhdud kontingentli mərasimə ən azı iki yüz, bəzən isə mindən artıq qonaq çağırılır. İndi onlar üçün təyyarə biletlərinə, otel məsrəflərinə, yemək-içmək və sair xərclərinə ayrılan pulları hesablayın. Bu haqq-hesablara astronomik məbləğdə pullar xərclənir. Əcnəbilər il on iki ay bu şəhərin mərkəzindəki otellərdə yaşayır, ən yaxşı restoranlarında yeyib-içirlər - Azərbaycan xalqının hesabına. O xalqın ki, özü şəhərətrafı qəsəbələrdə tozun-torpağın, zığ-palçığın içində yaşayır, 40 yerlik avtobusa 90-nı birdən doluşub işə gedir, zülm-zillətlə çalışıb dövlətə vergi ödəyir, ödəməni bir gün gecikdirəndə işığı, qazı, suyu kəsilir.
Ölkənin, xalqın bu vəziyyətində dövlətimizin bu boyda sərvətini boş-boş (lap dolu-dolu) tədbirlərə, mərasimlərə sərf etməyin adı müsrüflükdür, yoxsa deyil?
İndi siz deyin, əziz oxucular, müsrüflüyün lüzumu varmı?
musavat.com