Medianews.az
Milli Şurada həmsədrlik institutu olacaq
106 baxış

Milli Şurada həmsədrlik institutu olacaq

Quruma İsa Qəmbərin, Əli Kərimlinin və Rüstəm İbrahimbəyovun sədrlik edəcəkləri deyilir

Milli Şuranın (MŞ) yaradılması ilə bağlı son detallar artıq razılaşdırılıb. MŞ-a sədrlik məsələsi də artıq yoluna qoyulub. Tərəflərin qarşılıqlı anlaşmasına əsasən quruma üç həmsədr rəhbərlik edəcək. Söhbət Müsavat Partiyasının başqanı İsa Qəmbərdən, AXCP sədri Əli Kərimlidən, Ziyalılar Forumunun sədri Rüstəm İbrahimbəyovdan gedir. Belə bir xəbər “Yeni Müsavat”a adının çəkilməsini istəməyən informasiyalı qaynaqdan daxil olub.

Dəqiqləşdirə bilmədiyimiz xəbərlərdə deyilir ki, razılaşma Eldar Namazovun Moskvaya son iki gündəki qısamüddətli səfəri zamanı əldə edilib. Müsavat və AXCP-nin rəhbərliyi R.İbrahimbəyovun sədrliyi məsələsinə isti baxsalar da, sonradan İbrahimbəyovun bu məsələni üstələnmək istəməməsi planları dəyişib. Kompromis variant kimi yeni müxalifət birliyində aparıcı rola malik hər üç qüvvənin iştirakı ilə həmsədrlik institutunun razılaşdırılması qərara alınıb. Bəzi ekspertlər həmsədrlik tətbiq edilərsə, El hərəkatının sədri Eldar Namazovun da təmsilçiliyindən söz açırdılar. Ancaq son xəbərlərdən görünür ki, bu məsələdə fərqli razılaşma əldə edilib. Onu da bildirək ki, son günlər Eldar Namazov bir neçə müsahibəsində Milli Şuraya Rüstəm İbrahimbəyovun sədrlik etməsinə tərəfdar olduğunu demişdi.

İsrarlı xahişlərimizə baxmayaraq hələlik Milli Şuranın yaradılması ilə bağlı son durum, eləcə də Eldar Namazovun Moskvada R.İbrahimbəyovla görüşü haqqında mediaya heç bir bilgi verilmir. Bütün bunlar isə əldə edilən xəbərlərin dəqiqləşdirilməsi ilə bağlı suallar yaradır.

“Yeni Müsavat”a verilən daha bir xəbərdə isə deyilir ki, R.İbrahimbəyov indiyə qədərki sözçüsü E.Namazovu başqa bir şəxslə əvəz etmək haqqında qərar qəbul edəcək. Bundan sonra E.Namazov Milli Şurada El hərəkatının sədri kimi təmsil olunacaq. Hələlik Rusiya paytaxtında olan İbrahimbəyovla birbaşa danışıqlar və məsləhətləşmələr isə El hərəkatının sədr müavinlərindən birinə həvalə olunacaq.

Milli Şura yaradılması ötən gün yerli media orqanlarının ən çox yorumladığı mövzulardan olub. Həm müstəqil, həm də iqtidaryönlü qəzetlər və xəbər saytları Milli Şura ilə bağlı müxtəlif xarakterli materiallar dərc edib. İqtidaryönlü media birmənalı olaraq iddia edir ki, Milli Şura ideyasının reallaşması mümkün olmayacaq. Bu məsələdə isə əsas istinad Milli Şuraya qoşulmayacağı artıq bir neçə gün öncədən bəlli olan siyasi partiya liderləridir. AMİP lideri Etibar Məmmədov modern.az saytına müsahibəsində bildirib ki, Milli Şura ideya olaraq qalacaq: “Bu, uzun məsələdir. Milli Şura ilə bağlı təklifləri partiya funksionerləri cavablandıra bilərlər. İdeyalar çox ola bilər. Bu ideya reallaşmayana qədər, elə ideya olaraq qalacaq. Bu baxımdan indiki durumda mən bu təklif haqda danışmaq istəməzdim”.

Milli Şuranın ideya müəllifinin peşəkar siyasətçi yox, incəsənət adamı olmasına işarə vuran KXCP sədri Mirmahmud Mirəloğıi teleqraf.com-a açıqlamasında “Milli Şura səhnə əsəri deyil” deyib. Onu da bildirək ki, KXCP MŞ-la bağlı konkret təkliflər irəli sürsə də, onlar qəbul edilməyib. KXCP hesab edirdi ki, Azərbaycanda dövlətçilik ənənələrini, xüsusilə də 1918-ci ildə yaradılmış 1991-ci ildə bərpa edilmiş çağdaş dövlətçiliyin prinsiplərini özündə birləşdirən tarixi, hüquqi, milli və əxlaqi dəyərləri əsas götürərək demokratik qüvvələri bir araya gətirəcək Milli Şura 125 nəfərdən ibarət olmaqla formalaşmalıdır.

musavat.com

Bizə qoşulun