Moskvada “Lujniki” stadionunda Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatının mini-futbol üzrə “Heydər Əliyev Kuboku” turniri keçirilib. Tamaşaçılar arasında RAGT-nin sədri, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu olub.
Turnirin keçirilməsi gənclər arasında gözəl ənənəyə çevrilib. Leyla Əliyevanın təşəbbüsü ilə 2009-cu ildən indiyədək hər il keçirilən bu turnir Heydər Əliyevin doğum gününə həsr olunub. Builki turnirdə 32 komanda – RAGT-nin Moskva, Vladimir, Kaluqa, Tula və Domodedovo regional şöbələrinin Azərbaycan tələbə klublarının nümayəndələri iştirak edib. 8 qrupa bölünmüş iştirakçılar hər qrup mərhələsində 3 oyun keçirib. Qruplarda birinci yerləri tutmuş komandalar pley-off seriyasına çıxıb. Turnirin yarımfinalçıları Moskva Dövlət Humanitar-İqtisad İnstitutunun (MDHİİ), Rusiya Dövlət Bədən Tərbiyəsi, İdman, Gənclər və Turizm Universitetinin (RDBTİGTU), Ümumrusiya Dövlət Vergi Akademiyasının (ÜDVA) və RAGT-nin Tula regional şöbəsinin komandaları olub.
Səfir Polad Bülbüloğlu qaliblərin təltif olunması mərasimini açaraq maraqlı oyuna görə iştirakçılara minnətdarlığını bildirib və turnirin müvəffəqiyyətlə başa çatması münasibətilə onları təbrik edib. Sonra RAGT-nin sədri Leyla Əliyeva qaliblərə və bir neçə nominasiya üzrə fərqlənmiş oyunçulara mükafatları təqdim edib.