Medianews.az
Hamının bildiyi sirr
108 baxış

Hamının bildiyi sirr

Famil CƏFƏRLİ

familceferli2@gmail.com

Hamının bildiyi sirr

 

Yappi hökumətini Xırdalan pivə zavodunun (indiki “Baltika Bakı”) keçmiş sahibi Jan-Pol Lafrançinin elədiyi məşhur akula söhbətinin 5 yaşı münasibətilə təbrik edirik. Fransız biznesmen 2008-ci il, aprelin 8-də Amerikanın o zamankı səfiri Enn Dersi xalaya gileylənirmiş. Deyirmiş ki, zavodumu general Bəylər Əyyubovun qorxusundan ruslara satdım, bilmirəm başıma nə daş salım.

Əhvalat köhnədir, bəlkə də unudulub. Ona görə yaddaşları qısaca təzələyək. Lafrançi Dersi bibiyə deyirmiş ki, Bəylər Əyyubov son vaxtlar onu bezdiribmiş, zavodun 40 faizini ona satmağı tələb edirmiş. Deyib mən də maraqlandım, gördüm Azərbaycandakı hovuzda həddən artıq çox akulalar var və burada biznes qurmaq çox çətindir. Şirkətimi gizlicə satıb aradan çıxdım. Deyib Azərbaycanda yaşamaq və işləmək dəhşətli dərəcədə qorxulu və ziyanlıdır...
Dersi xala bu haqq-hesabı həmin il mayın 16-da yazıb və gizlicə ötürüb ABŞ kəşfiyyatına. Onu sonralar WikiLeaks saytı yaymışdı. Biz də oradan öyrəndik.
Bu akula söhbətini yada salmağımın iki səbəbi var. Birincisini dedim, bu söhbətin 5 illik yubileyidir. Fürsətdən istifadə edib bu münasibətilə Sahibkarlığa Kömək Milli Fondunu, İqtisadi İnkişaf Nazirliyini, lap elə Bəylər müəllimi də ürəkdən təbrik edirik. AzTV-yə, “Səs” qəzetinə, Əli Əhmədova isə sahibkarlığın inkişafı, investisiya qoyuluşu, biznes mühiti, qanunçuluq, şəffaflıq-zad söhbətlərindən qırıldadanda bu hovuz-akula söhbətindən utanmamağı arzulayırıq.
İkinci səbəb isə odur ki, hovuzdakı akulaları hələ bir qırağa qoy, hətta xırda çömçəquyruqlar da son vaxtlar at oynadır. Qabaqlarına çıxanı - sahibkarı, balaca məmuru, kasıb vətəndaşı diri-diri basıb yeyirlər.
Əlbəttə, bunlar təzə məsələ deyil, bunu hamımız lap çoxdan bilirik. Burada olan təzə məsələ yeyintidəki şərikliyin nisbətinə dair dəqiq rəqəmin açıqlanmasıdır. Bunu təzə bildik. Buna görə İmişlinin icra başçısı Vilyam Hacıyev yoldaşa bütün xalqımız və Korrupsiyaya Qarşı Mübarizə İdarəsi adından təşəkkürümüzü çatdırırıq.
İmişlidəki məsələ belədir. İcra başçısı rayonda xeyli sahibkara pul borcludur. Onları aldadaraq rayonda abadlıq və təmir-tikinti işləri gördürüb. Deyib prezident rayonun inkişafına pul ayıranda hamınızın borcunuzu qaytaracağam. Amma vədinə əməl eləməyib. 12 fevral müşavirəsindən əvvəl məsələ şişib partladı, prezidentin də qulağına çatdı. Müşavirədə küncə qoyulan Hacıyev prezidentin qorxusundan martın əvvəlində sahibkarların borcunu qaytarmağa məcbur oldu. Bunu mətbuatla da yaydı ki, lazımi dairələrə problemin həll olunması mesajı versin.
Amma sən demə, ödənən 586 min manat icra başçısının bütün borclarının qapanması demək deyilmiş, Hacıyevin 13 iş adamına hələ 700 min manat borcu qalırmış. İndi onlar ayağa qalxıb. Amma ser Vilyam sahibkarlara gör nə deyib: “Dədəmin evində işləməmisiniz, prezident üçün işləmisiniz, o da bu işlər üçün 2 milyon manat pul ayırıb, onun da 1 milyonu geri qayıdıb, ona görə də gedin pulunuzu prezidentdən alın...”
Yaxşı etirafdır - “rayona ayrılan 2 milyonun 1 milyonu geri qayıdıb”. Geri, yəni hara? Bakıya? Kimə? Hansı təşkilata, hansı fonda, hansı hesaba? Bəs niyə qayıdıb? Hansı əsasla?...
Əlbəttə, cavabı olan suallardır. Cavabları da bilirsiniz. Buradakı təzə məsələ odur ki, qabaqlar elə bilirdik ayrılan pulun 33 faizi geriyə - Bakıya qayıdır. Nisbət 66-nın 33-ədir. Sən demə, 50 faizi qayıdırmış. İndi Hesablama Palatasında işləyənlərin yerinə olam, oturub hesablayaram. Ki, son 10 ildə ölkədə bölgələrin sosial-iqtisadi inkişafı adı ilə rayonlara üst-üstə nə qədər pul ayrılıb. Həmin məbləği yarı bölər, ölkədən çıxarılan, çoxu da offşor bank hesablarına yatırılan 48 milyardın içinə yerləşdirərəm...
...Vilyam Hacıyev sirr-zad açmayıb əslində, heç özü də bilmədən sadəcə dəqiqləşdirmə aparıb. Çünki bu ölkədə sirr yoxdur. Hamı hər şeyi bilir. Hətta İbrahim İbrahimlini döyənlərin də kimliyi bilinir. Amma hamı özünü elə aparır ki, guya heç nəyi bilmir. Çox qorxulu hovuzda yaşayırıq...

 



 

 

Bizə qoşulun