Gülər Əhmədova haqda şok məhkəmə dosyesi
Sabiq YAP-çı deputatın qapalı məhkəmə iclasının gizlinləri açılır; vəkilin biri tam təkzib edir, digəri “tərsinə olub” deyir…
Redaksiyamıza sabiq YAP-çı deputat Gülər Əhmədova barədə ilginc məlumat daxil olub. Məlumata görə, sabiq deputat barədə 3 ay müddətinə həbs-qətimkan tədbirinin seçildiyi Səbayel Rayon Məhkəməsində heyrətamiz olaylar yaşanıb. Mətbuat üçün qapalı keçirilən məhkəmə prosesinin təfərrüatlatı ictimaiyyətə bəlli olmasa da prosesdə iştirakçı olmuş məlumatlı şəxslər (onların prosesdə hansı statusda iştirak etdiyini yazıb zərbə altında qoymaq istəmirik-red.) müxbirimizə ordakı bəzi detallar barədə bilgi verdilər.
Məlumata görə, fevralın 13-də keçirilən proses zamanı G.Əhmədova azadlıqda qalmaq üçün öz son şansından da istifadə etmək istəyib. O, prosesə sədrlik edən hakim Elnur Həsənova deyib ki, Elşad Abdullayevdən 1 milyon dollar alıb və onu qaytaracaq. Sabiq deputat bu etirafdan sonra məhkəmədən onun barəsində həbs tədbiri seçməməyi xahiş edib. Amma hakim onun bu etirafına məhəl qoymayıb. Çünki həmin tarixdə Bakı Şəhər Prokurorluğu Əhmədova barədə həbs-qətimkan tədbirinin seçilməsi ilə bağlı Səbayel Rayon Məhkəməsinə təqdimat veribmiş.
Məlumatda o da bildirilir ki, sabiq deputat həbs olunmazdan əvvəl prokurorluqda və istintaqda da E.Abdullayevdən 1 milyon dollar aldığını etiraf edib. Amma G.Əhmədova hər dəfə bu pulu qaytaracağı ilə bağlı vəd verib. İlk vaxtlar onun bu strategiyası işə yarasa da sonda hakimiyyətin həbslə bağlı qərarı qəti olub. Buna səbəb isə sabiq deputatın hakimiyyəti hədəfə alan bəzi üstüörtülü açıqlama və eyhamları idi.
Sabiq deputatın məhkəmədə belə çıxış etməsi isə təsadüfi sayılmır. Təqsirləndirilən şəxsin ziyanın ödənilməsi ilə bağlı təşəbbüsü cəzanın yüngülləşdirilməsinə müsbət təsir göstərir. Amma bu, G.Əhmədova nümunəsində effektli olmayıb.
Digər maraqlı məlumat odur ki, G.Əhmədovanın bu etirafları istintaq orqanında və məhkəmə qeydlərində də yer alıb. Hazırda isə eks-deputat tam fərqli bir müdafiə strategiyası qurub. Bu strategiya əsasında Əhmədova ümumiyyətlə E.Abdullayevdən pul almadığını, əksinə, sabiq rektorla Sevinc Babayevanın xahişi ilə ABU tələbələrindən alınan pulların qaytarılması üçün söhbətə getdiyini deyir.
Mütəxəssislər isə düşünür ki, G.Əhmədova indi də istintaqa o vaxt affekt vəziyyətdə olduğu üçün belə açıqlama verdiyini söyləyə bilər və bu, problem sayılmaz.
Xatırladaq ki, Səbayel Rayon Məhkəməsi fevralın 13-də G.Əhmədova barədə 2 aylıq həbs-qətimkan tədbiri seçib. Həbs günü məhkəmədə Əhmədovanın hüquqlarını vəkil Eldar Qədimi və Zülfiyyə Bayramova müdafiə edib.
1 milyonu qaytarmaq iddiası ilə bağlı öncə vəkil Eldar Qədimi ilə danışdıq. O, xəbəri qətiyyətlə təkzib edib dedi ki, G.Əhmədova məhkəmədə elə söz deməyib: “Hər gün yeni bir şey yazırsız. Deyəsən, kimsə darıxır və belə şeylər çıxarır ortaya. Bunlar nağıllardır. Gülər xanım ilk gündən deyir ki, Elşaddan pul almayıb. Bu, hansı məntiqdir ki, o, məhkəmədə durub pulu qaytarmaqla bağlı nəsə təklif etsin?”
G.Əhmədovanın digər vəkili Raqif Mustafayev isə “Yeni Müsavat”a açıqlamasında bu söhbəti qismən təsdiqlədi. O, həmin vaxt G.Əhmədovanın vəkili olmadığı üçün prosesdə iştirak etmədiyini xatırladıb dedi ki, Əhmədova ona proseslə bağlı bəzi detalları açıqlayıb: “Məhkəmədə hakim deyib ki, pulu qaytarsanız, həbs seçməzdik. O da deyib ki, mən ondan pul almışammı ki, ona pul qaytarım. Əslində heç məhkəmənin belə sual vermək ixtiyarı yoxdur. Elşad Abdullayevin bu günə qədər Gülər xanımla bağlı dedikləri başdan-ayağa şərdir. O gün sizin qəzetdə oxuyuram ki, Abdullayev indi də Gülər xanıma qardaşının tapılması üçün guya 1 milyon dollar verdiyini söyləyib. Onun bütün açıqlamaları məntiqsizdir: Əhmədovaya pul vermişdisə, niyə Zahid Dünyamalıyevə də qardaşı üçün pul verirdi? Dediyinə görə, hamıya pul verirmiş. Onun sözləri, diskləri bir-birinə uyğun deyil. Təəccüb edirəm ki, belə çiy materiallar əsasında Əhmədovanı həbs ediblər. Bizim etirazımız buna görədir”.
R.Mustafayev aprelin 5-də verdiyi açıqlamanın APA tərəfindən təhrif olunduğunu da dedi. Onun sözlərinə görə, E.Abdullayevin işini araşdıran bloqqer Elnur Məcidlini hədəfə alaraq onun fərari olduğunu desə də agentlik bunu müxalifətin ünvanına deyilmiş söz kimi təqdim edib: “Gülər xanım bu fikirləri sırf Məcidli ilə bağlı deyib. Bunun başqa şəxslərə yönləndirilməsi doğru deyil”.
R.Mustafayev E.Məcidlinin “sübut olmasaydı, Gülər Əhmədovanı həbs etməzdilər” açıqlamasına da münasibət bildirdi. Vəkilin sözlərinə görə, onu narahat edən məqam sabiq deputatın tam sübutsuz həbs olunmasıdır: “Cinayət işinin başlanmasına səbəb internetlə yayılmış videoyazılar olub. Lakin Əhmədova barədə yayılmış videoyazılar qanunla sübut kimi qəbuledilməzdir. Qanun bu növ sübutları yolverilməz sayır. Onların əsasında hər hansı şəxsə qarşı ittihamın irəli sürülməsi əsassızdır. Konstitusiyanın 32-ci maddəsində təsbit edilib ki, qanunla müəyyən edilmiş hallar istisna olmaqla heç kəs onun xəbəri olmadan və etirazına baxmadan izlənilə, video və foto çəkilişinə, səs yazısına məruz qoyula bilməz. Bu müddəa Cinayət Prosessual Məcəlləsinin (CPM) 16 və 125.2.1-ci maddələrində də konkretləşdirilib. Sübutların mümkünlüyünə həsr edilmiş CPM-in 125.2.1-ci maddəsində qeyd edilir ki, konstitusiya hüquq və azadlıqların pozulması ilə əldə edilmiş məlumatlar cinayət işi üzrə sübut kimi qəbul edilə bilməz”.
R.Mustafayev dedi ki, vəkillər, ombudsman, baş prokuror məhkəməyə müraciət edərək bu durumun şərhini tələb edə bilər. Çünki verilən qərarla həm konstitusiyanın tələbləri, həm də qanunvericilik pozulub. Vəkil video və audio çəkilişlər məsələsinə bir daha toxundu: “Sonuncular yalnız o halda sübut kimi qəbul edilə bilər ki, onlar prosessual qanunvericiliklə müəyyən edilmiş qaydalara müvafiq şəkildə əldə edilsin. Qanuna görə, video və səs yazmalara dair əməliyyat və istintaq hərəkətləri müvafiq səlahiyyətli şəxs (təhqiqatçı, müstəntiq) tərəfindən, məhkəmə qərarı ilə, nəticələri protokolda rəsmiləşdirilməklə aparılmalı, videodaşıyıcı material isə onun tərkib hissəsi kimi protokola əlavə edilməlidir. Yalnız bu qaydada əldə edilmiş video və səsyazmalar sübut kimi qəbul edilə bilər. O videoyazılar ona görə sübut kimi qəbul edilə bilməz ki, onlar əvvəlcədən planlaşdırılmış şəkildə, başqa şəxslərin qanunsuz güdülməsi məqsədilə xüsusi təşkil edilmiş mənzildə qeyri-leqal quraşdırılmış videokameralarla əldə olunub. O videoyazılarda onların çəkiliş tarixi və saatı göstərilməyib və bu səbəbdən onların hansı tarixə təsadüf etməsini müəyyən etmək mümkün deyil. Videoyazıların orijinal variantı da yoxdur. Elşad Abdullayev və Sevinc Babayevadan orijinal səs nümunələri götürülməyib”.
Bu arada E.Abdullayevin vəkili Adil İsmayılov “Yeni Müsavat”a məlumat verdi ki, bir neçə gün öncə G.Əhmədova ilə bağlı video çəkilişin tam versiyasını Bakı Şəhər Prokurorluğuna göndəriblər. İsmayılov zamanı gələndə bu videoların media ilə paylaşılacağını da dedi.
R.Mustafayev isə qarşı tərəfin bu addımını əhəmiyyətsiz adlandırdı. Onun sözlərinə görə, G.Əhmədova hələ azadlıqda olan bu videomateriallarla bağlı Rusiyanın Ekspertlər İdarəsinə müraciət edib: “Rəydə deyilib ki, bu, çox keyfiyyətsiz, içində bəzi hissələri kəsilən, düzəlişlər edilən kadrdır. Bu, mütəxəssis rəyi olub. İnanmıram ki, Azərbaycanda o səviyyədə ekspert olsun. Çünki o mütəxəssisin rəyi çox səviyyəli idi. İnanmıram ki, Elşad Abdullayev videonun tam versiyasını göndərsin. Çünki onu göndərsə, tam ifşa olunacaq. O adam ifşa olunmasını istəməz. Bir dəfə müsahibəsində demişdi ki, Ramiz Mehdiyevlə görüşüb. Aşağıda, birinci mərtəbədə isə onu iki nəfər bir otağa salıb və deyib ki, pul məsələsinə biz baxırıq. Pul məsələsinə onlar baxırdısa, Əhmədovanın burda heç bir rolu olmadığı bir daha sübut olunur. Ümumiyyətlə, nə video, nə də hər hansı açıqlama sübut kimi qəbul oluna bilər. Elşad Abdullayev prosessual formada ifadə verməli, ifadəsinə qol çəkməli, üzləşmə baş tutmalıdır”.
Musavat.com