Medianews.az
STADİONU “İSTEFA” ŞÜARI BÜRÜYÜR, AFFA UTANMIR
277 baxış

STADİONU “İSTEFA” ŞÜARI BÜRÜYÜR, AFFA UTANMIR

Martın 26-da futbol üzrə Azərbaycan yığması DÇ-2014-ün seçmə mərhələsində növbəti matçına çıxıb. Berti Foqtsun rəhbərlik etdiyi milli komanda Bakıda Portuqaliyaya yenə uduzdu - 0:2. Komandaların Braqadakı ilk qarşılaşmasında portəgizlər 3:0 hesabı ilə qələbə qazanmışdı.

Berti FoqtsMartın 26-sı AFFA-nın yaradılmasının 21 ili tamam olurdu. Ölkənin əsas komandası federasiyanın ad gününü bu cür - məğlubiyyətlə “təbrik elədi”.
Millimizin məğlubiyyəti minlərlə azarkeşin etirazına səbəb olub. İlk qoldan sonra stadionda Foqtsa xitabən “istefa” şüarları səslənib.
“Komandamdan tam razı qalmadım. Mən sürətli oyun, rəqibə qarşı təzyiq gözləmirdim. Belə güclü rəqiblə oyunda gec-tez qol olacağını gözləyirdim. Bizim da qol şanslarımız vardı. Görünür, bəzi futbolçularımızın gücü çatmadı. Təəssüf ki, iki qol buraxdıq. Portuqaliyanın bir neçə güclü futbolçusu var. Buna baxmayaraq, az da olsa, uğur qazanmaq şansımız var idi. Hücum futbolu gözləyirdim. Ancaq bunu bacara bilmədik”.
Oyundan sonra Berti Foqts mətbuat konfransında belə deyib. Foqts jurnalistin “bu oyuna görə xəcalət çəkirsinizmi” sualına cavabında deyib ki, millimiz inkişaf edir.
Rəşad SadıqovMillinin kapitanı Rəşad Sadıqov azerisport.az-a deyib ki, biz sonadək mübarizə apardıq: “Uduzmaq istəmirdik. Gücümüz daxilində nə lazım idisə, etdik. Amma ikinci hissədə hər şey dəyişdi. Öncə Rauf Əliyevin qırmızı vərəqəsi, daha sonra Alveşin qolu... Sadəcə nəyisə dəyişəcək gücümüz qalmamışdı”.
Futbol ictimaiyyəti də bu məğlubiyyəti topa tutub. “Xəzər Lənkəran”ın sabiq baş məşqçisi Yunis Hüseynov azerisport.az-a müsahibəsində deyib ki, Foqts Azərbaycanda fokus göstərir: “Axmaq yerinə qoyub bütün Azərbaycan futbolunu. Deyir ki, 2016-cı ildə Avropa çempionatının final mərhələsinə çıxacağam. Aldadır hamını. Foqts bizə ”lox" kimi baxır. Elə bilir ki, Azərbaycanda futbol bilən yoxdur. Almaniyada müsahibə verib ki, Azərbaycan klubları həftədə 3 dəfə məşq edir. Guya başqa ölkələrdə nə qədər olur ki? Almaniyada bizi “banan ölkəsi” kimi qələmə verir".
Mundial.az saytının redaktoru İlqar Vəliyev “Yeni Müsavat”a bildirdi ki, millimiz bərbad oyun göstərdi: “Hamı Foqtsu ittiham edir, amma AFFA prezidenti Rövnəq Abdullayev barədə danışan yoxdur. Bu insan federasiya rəhbəri kimi futboldan anlayışsızdır. Reytinqdə bizdən aşağı pillələrdə olan Lüksemburq kimi zəif komanda ilə səfər heç-heçəsini uğur hesab edən prezidentdən nə gözləyəsən? Milli haqda isə danışmağa dəyməz. Təsəvvür edin, görüş ərzində rəqib qapısına bir dənə də olsun zərbə getmədi”.
Futbolpress.az saytının baş redaktoru Elçin Cəlilov hesab edir ki, Foqtsa verilən pullar havaya sovrulub: “Onun 5 il əvvəlki açıqlaması bu gün daban-dabana ziddir. Əvvəl deyirdi ki, mən komanda quracağam, 5 il sonra gənc nəsil gələcək. İndi deyir ki, əlimdə oyunçu yoxdur. Biabırçı bir oyun göstərdik. Hətta qırmızı vərəqə olmasaydı da qapımıza qol vuracaqdılar. Çünki oyuna onlar nəzarət edirdi və topu saxlaya bilmədiyimiz üçün kobud hərəkətlərə yol verirdik”.
“Komanda” qəzetinin redaktoru Natiq Muxtarlı da qəzetimizə dedi ki, nə Portuqaliya ilə oyunda, nə də Lüksemburqla qarşılaşmada Azərbaycan millisi futbol adına nəsə göstərmədi: “Əslində Foqtsun yararsız məşqçi olduğunu 4 il əvvəl Uelslə oyundan sonra demişdik. O vaxt Bakıda keçirilən oyundan sonra idman mətbuatı Foqtsun mətbuat konfransını boykot etdi, onunla uğur əldə edə bilməyəcəyimizi AFFA rəhbərliyinin nəzərinə çatdırdı. Amma Rövnəq Abdullayev ictimai rəyi nəzərə almadı. Düzdü, Rövnəq Abdullayevin futboldan başı çıxmır. Amma düşünmürəm ki, Foqtsun 5 ildir Azərbaycan millisini çalışdırması futbol savadsızlığının təzahürüdür. Sadəcə, Foqtsun və dəstəsinin Azərbaycanda olması çirkli pulların yuyulması üçün AFFA məmurlarının işinə yarayır”.

Emil SALAMOĞLU

Bizə qoşulun