Samir SARI
samir_sari@mail.ru
BÖYÜDÜK, BÖYÜDÜK… SENDVİÇ OLDUQ
18-ci əsrdən bəri iştahla yeyilməkdə olan sendviç (“Azadlıq” radiosunun saytı burada mütləq “Sandwich” yazardı) bizim yemək deyil. O mənada yox ki, biz hansısa mülahizələri əsas götürüb onu yeməkdən imtina edirik. Xeyr. Sendviç halal yeməkdir – iki çörək diliminin arasında bir-iki dilim dana əti, bir neçə xiyar halqası, keçmiş baş nazir Surət Hüseynov demiş, bir kısmat pendir qoyub yeyirsən, qurtarıb gedir. Amma necə ki, dolma bizim yeməkdir (hələ “Sarı gəlin” mahnısı da bizimdir), eləcə də sendviç avropalılarındır, çünki onu onlar kəşf eləyiblər. Ona görə də o ifadənin bizdə dəqiq tərcüməsi, qarşılığı yoxdur. Düzdür, patriotluğumuza salıb sendviçə “dürmək” deyə bilərik, amma bu, təhrif olar.
İndi sizə elə gəlməsin ki, müəllif ilin-günün bu vaxtında burada kulinariya söhbəti başlayıb. Yenə xeyr! Məsələ ondadır ki, bu günlərdə ingilisdilli deputatımız Səməd Seyidov Vaşonqtonda keçirilən yekə bir tədbirdə ölkəmizi və onun hakimiyyətini nəzərdə tutaraq deyib ki, İran və Rusiya bizi sendviç kimi sıxırlar. Belə anlaşılır ki, cənub və şimal qonşularımız çörək dilimləridir, biz də aradakı xiyar, ət, pendir və. s.
Əlbəttə, ingilis dilini yaxşı bilən (elə olmasaydı, onu Xarici Dillər Universitetinin rektoru qoyardılarmı, AŞPA-dakı nümayəndə heyətimizin başçısı seçərdilərmi?) Səməd Seyidov özü bilə-bilə sendviçə istinad edib. Elə çıxmasın ki, o, bu təamı çox sevir. Səməd müəllim ona görə sendviç deyib ki, söhbət amerikalılara aydın olsun.
Əslində ingilisdilli deputatımız “siz bilmirsiniz, qonşularımız bizi kabab kimi şişə taxırlar”, yaxud “bizi dönərə döndəriblər, fırlada-fırlada bişirirlər”, yainki “regionumuz çox qaynardır, bizi sac içində kələpur kimi pörtlədirlər” deyə bilərdi. Ancaq amerikalı haradan bilsin ki, “kabab”, “dönər”, “kələpur” nə deməkdir. Tərcüməçi bu terminlərin ingilis dilindəki qarşılığını tapınca özü pörtüb qrilə dönər.
Sendviç isə hər bir amerikalıya tanışdır. Üstəlik, Səməd müəllimin bu təşbehi gerçəyi əks etdirir, doğrudan da keçən ilin əvvəlindən bəri adları çəkilən ölkələr bizi çörək dilimlərinin arasındakı ətə, xiyara, pendirə döndərib. Bizi çox sıxırlar.
Təbii ki, məsələ sıxmaqla bitmir. Sendviçi, eləcə də lavaş arasındakı kababı sıxandan sonra nə qayırırlar? Bəli, dişə çəkirlər, çeynəyirlər və udurlar.
Bu baxımdan nəinki sendviç, eləcə də nəsə yeməli bir şey olmaq yaxşı hal deyil. Bilirsən ki, o yan-bu yan olsa, regionda kimsə bərk acsa, soyuducunun qapısını açan kimi birinci səni yeyəcək.
Ancaq qəribəsi odur ki, sendviçə döndərilmiş Azərbaycan hökuməti özünü həm də yapon suşisi kimi göstərir – həm bahalı, həm də çiy və ürəkbulandıran (hər adam suşi yeyə bilmir).
Adama deyərlər, rəhmətliyin nəvələri, hövllü-hövllü Amerikadan dəstək istəməyiniz nədir, o boyda dövlətin təşkilatını – Milli Demokratiya İnstitunu 2 milyon dollarla Azərbaycanda virtual inqilab hazırlamaqda suçlamaq nədir? Sendviç olmaq istəmirsən, amma dilini də dinc saxlamırsan.
Ən qorxulusu odur ki, totemi eşşək olan amerikalı demokratlar deyə ki, ey Odlar yurdu hökmdarları, biz rus ayısı ilə fars şirinin mübahisəsinə qarışmaq istəmirik, oyunçu aparsın.
Bax, onda sendviçin arasındakı xiyar əyri bitər, pendir iylənər, ət qaxaca dönər.
Yeri gəlmişkən, Rusiya hər nə qədər ölkəmizi sendviç kimi sıxsa da, əslində, buraya pətək balı kimi baxır və fürsət gəzir ki, pəncəsini Xəzər şanına batırıb cəhənginə çəksin. Ayınınkı armuddur, baldır. Ayı nə bilir, sendviç nədir.
Elə şir də maralı, ceyranı qoyub sendviçə caynaq uzatmaz.
Kim nə deyir, desin, Səməd müəllimin o çıxışından sonra hər bir patriotun qanı qaralmalıdır. Heç demə, regionun ən qüdrətli dövləti olan Azərbaycanımız son illərdə inkişaf edərək, böyüyərək, artım tempinə görə bütün ölkələri qabaqlayaraq gəlib sendviçə dönüb və indi onu basıb yeyə bilərlər.
Bəziləri isə hesab edir ki, Azərbaycana iştahlı olanlar əslində xaş yemək istəyirlər – yəni kimlərinsə başını. Amma bunu da bilmək olmaz. Okeanda akulalar var ki, ovunu diri udur – ayaqqabılı-zadlı.
Həə, indi beş-altı göy qutabı, özü də tərəkəmələr kətə deyib bişirdiklərindən olsaydı…