Zamin HACI
zaminhaci@gmail.com
BANAN DÖVLƏTİNİN QAYĞILARI
Azərbaycanın rəsmi dövlət büdcəsi 20 milyard manatdır, hələ qeyri-rəsmi, oğurluq pulların dövriyyəsi nə qədərdir – şeytan bilir. Elə dövlət başçısının da son illərdəki çıxışlarının əsas motivi “bizim pulumuz çoxdur” şəklində olmuşdur. Olsun, istəməyənin gözü çıxsın, deputatxana spiker müavinlərindən Valeh əkə demişkən. Hələ o pulun 95 faizinin neft satışından əmələ gəldiyini də bir qırağa qoyaq. Maraqlısı həmin milyardların qara qəpiklik hörmətinin olmadığıdır.
Təzəlikcə bir nəfər var, jurnalistikamızın üz qarasına çevrilib, adını da çəkib ürək bulandırmaq istəmirəm – hardasa iddia edib ki, amerikalılar 2 milyon dollar pul buraxıblar, Azərbaycanda inqilabı maliyyələşdirirlər. İddianı irəli sürənin patoloji yalançı olduğu dəfələrlə sübut edilib. İddianın özü də çox gülüncdür, çünki 2 milyon dollara dövlət yıxmaq mümkündürsə, o dövlət çoxdan dağılmışdır, vətəndaşın xəbəri yoxdur.
Ancaq kimə deyirsən… Bir həftədir dövlətin bütün aparatı olmayan işini-gücünü atıb bu “inqilab pulu” söhbətini fırladır. Gülünc odur ki, artıq prezident administrasiyası rəhbərindən tutmuş nazirlərə, deputatlara qədər saysız-hesabsız yapokratiya nümayəndəsi bu sərsəm iddiaya münasibət bildiriblər, “inqilab eləmək istəyən xarici qara qüvvələri və onların dəyirmanına su tökmək istəyən milli xainlərimizi” pisləyiblər.
Yoldaş yapokrat qırıqları, bəs hanı sizin analoqu olmayan inkişafınız? Regionun lider dövləti, çoxlu pullar, sabitliyin dünyadakı dayağı və sairə nağıllar? 2 milyonla bunların hamısını darmadağın eləmək, inqilab yapmaq mümkünsə, niyə ölüb yerə girmirsiniz?
Təbii ki, iddia yalan olsa da onun mahiyyəti həqiqətə söykənir: Azərbaycanda çox cüzi miqdarda pulla, hətta pulsuz-parasız da inqilab eləmək mümkündür. Çünki yapokratiyanın uzun illər “səmərəli” fəaliyyəti sayəsində Azərbaycan banan respublikasına çevrilibdir. Burda dövlət mexanizmləri, işlək və qanunlara söykənən sistem, orta təbəqə, məmur sinfi və sairə – normal dövlətin əsaslarını təşkil edən detallar yoxdur. Tipik banan dövlətində çevriliş necə olur? Kimsə bir tabor əsgəri götürüb iki qotur tankla hansısa dövlət qurumunu tutur, qalanları dabana tüpürüb qaçır. Sadəcə, yapokratiyanın bəxti gətirib ki, azərbaycanlılar olduqca dözümlü, dincliyə meylli, ən kiçik qarşıdurma və qan tökülməsini də istəməyən qanunsevər, humanist insanlardır.
Elə bu humanizm üzündən bizdə Demokratik İslahatlar Partiyası adında siyasi qurum və onun deputat sədri Asim Mollazadənin olmasına dözürük. Mollazadə bugünlərdə YAP-ın tapşırığı ilə Amerika turnesinə çıxıb, İlham Əliyevi Vaşinqtonda babat müdafiə eləyib. Sitat: “Əsasən insan hüquqları mövzusundan ölkəmizə təzyiq aləti kimi istifadə olunur. Mənim prezidentim təzyiq altındadır və biz seçki ilində xarici təsiri görürük”. Görəsən Mollazadə niyə özünə sual vermir ki, prezidenti İlham Əliyevə Azərbaycanda demokratik islahatlar aparmağa hansı xarici dövlətlər mane olur? Sən İsmayıllıya yanğından sonra getmiş jurnalisti tutub təşkilatçı adıyla zindana sal, əsgər ölümünə etiraz edən gənci şərləyib tut, sonra da utanmadan de ki, mənim prezidentimə insan haqları mövzusunda təzyiq var…
Asim əkə ilə turne yoldaşı Səməd Seyidov isə lap ağını çıxardıb, deyib Azərbaycan Rusiya və İran arasında sendviçdir, basıb yeyirlər, qoymayın… Başa düşmədik, bəs pullarınız hanı? Analoqu olmayan inkişafın axırı sendviç imiş? 20 il əlləşib bir sendviç qayırmısınız, indi o da burnunuzdan gəlir?
Kefli İsgəndərin Şeyx Nəsrullaha dediyi yada düşür: “Cənab şeyx, mən ölüm əl ver! Lotusan həyə, əl ver!”