
Zamin HACI
zaminhaci@gmail.com
İKİÜZLÜ QANUNLAR
Adamları sadəcə küçədə getdiyi üçün tutub cərimələyirlər, sonra guya məhkəmə qərarına əsasən gedib evlərdən xalça, televizor, aftafa-zad oğurlayırlar. Yapokratiya belə bir analoqu olmayan sistemdir. Təzəlikcə Ədliyyə Nazirliyinin Məhkəmə Qərarlarının İcrası İdarəsinin rəhbərliyi ağzına çullu dovşan sığışmadan bəyan edirdi ki, neyləyək, qanunu yerinə yetiririk.
Ancaq burda qanuna istinadın, yumşaq yazsaq, nağıl olduğunu hamı bilir. Sanki Azərbaycanda qanunlar 2 nüsxədə qəbul olunur. Bir nüsxə xalq üçündür, o biri nüsxə hakimiyyəti mənimsəmiş quldur dəstəsi üçün. İnanmırsınızsa, buyurun, ehtiyatda olan bir qrup zabitin dünən keçirtdiyi mətbuat konfransında açıqlanan siyahıdan bir hissə ilə tanış olun. Müdafiə Nazirliyi Səbayel rayonunda yerləşdiyi üçün bütün qətnamələr bu rayonun məhkəməsində çıxarılıb:
1) 18.04.2002-ci il tarixli qətnamə (iddiaçı: Cəfərli Yaşar Musa oğlu, iddia tələbi: öz arzusu ilə ehtiyata buraxılma - MN-in əmrində dəyişiklik edilməsi), qətnamə 11 ilə yaxındır ki, icra edilmir;
2) 08.01.2003-ci il qətnaməsi (iddiaçı: Axundov Tahir Sərxan oğlu, iddia tələbi: istifadə edilməyən məzuniyyət əvəzinə pul kompensasiyasının ödənilməsi və pensiyanın yenidən hesablanması), qətnamə 10 ildən çoxdur icra edilmir;
3) 20.08.2004-cü il tarixli qətnamə (iddiaçı: Niftəliyev Xanlar Əli oğlu, iddia tələbi: istifadə edilməyən məzuniyyət əvəzinə pul kompensasiyasının ödənilməsi), 8 ildən çoxdur icra edilmir;
4) 11.03.2005-ci il qətnaməsi (iddiaçı: Hacıyev Pərviz Mustafa oğlu, iddia tələbi: istifadə edilməyən məzuniyyət əvəzinə pul kompensasiyasının ödənilməsi), 8 ildir icra edilmir;
5) 03.10.2005-ci il tarixli qətnaməsi (iddiaçı: Əbilov Telman Cəbrayıl oğlu, iddia tələbi: istifadə edilməyən məzuniyyət əvəzinə pul kompensasiyasının ödənilməsi), qətnamə 7 ildən çoxdur icra edilmir;
6) 23.05.2006-cı il qətnaməsi (iddiaçı: Cəfərli Yaşar Musa oğlu, döyüş bölgəsində xidmət dövründə əmək haqqının verilməyən hissəsinin (3-cü qatın) ödənilməsi), qətnamə 6 ildən çoxdur, icra edilmir.
Bu qədər bəsdir - hamısını yazmağa yerimiz yoxdur. Ümumilikdə zabitlər MN-in yerinə yetirmədiyi 17 məhkəmə qərarını açıqlayıblar, bunların da çoxu 6-7 ildir havada qalıb.
İndi ədliyyə naziri, prezidentin qohumu Fikrət Məmmədovdan soruşuruq: niyə gedib Səfər Əbiyevin də xalçasını aparmırsınız? Bəlkə naziri yerində tapa bilmirsiniz - hardasa Ağdərə meşələrində döyüşür? Belə ikiüzlü dövlətə vətəndaşdan hörmət tələb eləməyə haqqınız yoxdur.
Bir dəfə Biləcəri qəsəbəsində yaşayan bir iş adamı mənə müraciət eləmişdi, onun da problemi eynilə bu cür idi. Adamın obyektini Nəqliyyat Nazirliyinin “Azəravtoyol” idarəsi günün günorta çağı ekskavatorla yerlə-yeksan etmişdi. Guya orda yolu genişləndirirlər. Ancaq obyektin yerində... göydələn tikiblər. İş adamı bir az səbrli və dözümlü çıxmışdı, qanuni mübarizə aparmışdı, axırda məhkəmə qərarı əldə etmişdi: ya onun obyekti bərpa edilməlidir, ya da pulu ödənilməlidir. (Yadımda səhv qalmayıbsa, məhkəmə qərarına əsasən Nəqliyyat Nazirliyi iş adamına 150 min manat ödəməli idi). Ödədimi? Qətiyyən. Neçə illərdir Ədliyyə Nazirliyinin həmin o düşük məhkəmə qərarlarını icra sexi - buna qanuni idarə deməyə adamın dili gəlmir - iş adamının “pulumu verin” tələbinə bu cür sərsəm cavab verir: “Nəqliyyat Nazirliyinin büdcəsində pul yoxdur, pul olan kimi sizin pulunuz veriləcək”. Həyasızlığın miqyasını təsəvvür edirsinizmi? Hər il dövlət büdcəsindən azı 2-3 milyard manat pul alan Nəqliyyat Nazirliyinin pulu yox imiş...
Qara plyonkalar haqda iclas keçirməkdənsə qanunların niyə tualet kağızına çevrildiyini fikirləşmək lazımdır. Yoxsa axırı pis olacaq. Camaat üsyana qalxanda qətnamə, icra-micra sənədi zad gözünə görünmür. Ağlı olan hökumət bunu başa düşsün. Təəssüf ki, orda ağıllı bir adam da yoxdur...