Ermənistanın eks-prezidenti və əsas müxalifət lideri yaşının çox olduğunu əsas gətirib; politoloqlar isə fərqli səbəblər irəli sürürlər
Ermənistanın keçmiş prezidenti və əsas müxalifət ittifaqı olan Erməni Milli Konqresinin lideri Levon Ter-Petrosyan elan edib ki, gələn il fevralın 18-də keçiriləcək prezident seçkilərində iştirak etmək üçün namizədliyini irəli sürməyəcək. Ermənistan qəzetlərindən birinə verdiyi müsahibədə Ter-Petrosyan deyib ki, özünü prezident olmaq üçün yaşlı hesab edir və gənclərin irəli çıxmasını istəyir. “Mənim namizədliyimə qarşı çıxanlar onlarla arqument gətirirlər, amma əsas arqumentə nədənsə toxunmurlar. Bildiyim qədər, hələlik heç kəs bu məsələni qaldırmayıb - xalqına hörmət edən 68 yaşlı insan prezident postuna necə iddia edə bilər? Demokratik ölkələrdə adətən belə şeylər baş vermir”-deyə, o bildirib.
O bildirib ki, xarici təhlükə və ya daxili xaos olarsa, siyasi elita bəzən konstitusiyanı nəzərə almayaraq, böyük nüfuzu olan siyasi xadimləri hakimiyyətə dəvət edirlər: “Ermənistanda isə xaos yoxdur, idarəetmə problemləri yoxdur. Əksinə, hər şey hakimiyyəti ələ keçirmiş cinayətkarların əlində mərkəzləşdirilib. Deməli, hazırda xaosdan yaxa qurtarmağa və ölkəni idarə olunan dövlətə çevirməyə tələbat yoxdur. Hətta tələbat olsaydı belə, bu o demək deyil ki, o tələbi ödəyəcək şəxs mütləq mən olmalıyam. 68 yaşlı şəxs 40-60 yaşlı şəxs kimi enerjiyə və iş qabiliyyətinə malik deyil. Deməli, siyasi arenaya məndən cavan insanlar çıxmalıdır”. Ter-Petrosyan əlavə edib ki, onun seçkilərdə iştirakdan imtina etməsi siyasi çevrələrdə həm narazılıq və tənqid, həm hörmətlə qarşılana bilər.
Ermənistanın ən varlı oliqarxlarından biri, digər eks-prezident Robert Köçəryanın müttəfiqi Qaqik Tsarukyanın namizədliyini irəli sürməyəcəyini açıqlamasından sonra seçkilərə dair əsas intriqa Ter-Petrosyanın namizəd olub-olmayacağı ilə bağlı idi. Lakin Köçəryan-Tsarukyan ittifaqının seçkiləri boykot etməsinin ardınca Ter-Petrosyan da bu addımı atıb. Beləliklə də Serj Sərkisyanın ikinci müddətə hakimiyyəti əldə saxlaması yolunda ciddi maneə qalmır. Ter-Petrosyan seçkilərdə iştirak etməməsini yaş amili ilə əsaslandırsa da, erməni politoloqları və mətbuatı hesab edir ki, ortada digər ciddi səbəblər də var. Bu səbəblərdən biri Ter-Petrosyanın böyük dövlətlərin, xüsusən ABŞ və Rusiyanın dəstəyini ala bilməməsidir. 2008-ci ildə Ter-Petrosyan S.Sərkisyana qarşı mübarizədə kifayət qədər səs yığanda və öz tərəfdarlarını İrəvanda oturaq mitinqlərə çıxaranda onun başlatdığı hərəkata böyük dövlətlərdən dəstək gəlmədi. Nəticədə hakimiyyət bu mitinqləri ordunun köməyi ilə dağıtdı.
Hesab edilir ki, Ter-Petrosyan S.Sərkisyanın ikinci müddətə prezident olmaq üçün xüsusən Rusiya prezidenti Vladimir Putinin dəstəyini almasından sonra seçkilərdə iştirak edib yenidən məğlub duruma düşmək istəmir. Bu və ya digər səbəbdən ikinci dəfə məğlubiyyət Ter-Petrosyanın siyasi karyerası üçün yaxşı heç nə vəd etmirdi. Belə görünür ki, Ermənistanın ilk prezidenti öz karyerasını “abırlı şəkildə” başa vurmaq qərarına gəlib. Onun namizədliyini irəli sürməyəcəyinin açıqlanmasından sonra Erməni Milli Konqresinin hansı namizədlə seçkilərə qatılacağı hələ məlum deyil. Konqresdə Sərkisyanla mübarizə apara biləcək ikinci nüfuzlu fiqurun mövcudluğu şübhə doğurur.
musavat.com