İvanişvilinin dəmiryol hədəsinin ardınca Azərbaycana qarşı tətil başladı
İşçilər bir sıra tələblər irəli sürərək işi dayandırıb; İvanişvilinin Bakı-Tiflis-Qars dəmiryol magistralının yarımçıq qala biləcəyinə dair bəyanatından sonra başlayan bu aksiyanın arxasında böyük qüvvələr dura bilər;
Gürcüstandan Azərbaycanın maraqlarını təhdid edən daha bir xəbər gəlib. “İnterfaks” agentliyinin Gürcüstan KİV-lərinə istinadən yaydığı xəbərə görə, dekabrın 23-də bu ölkənin Qara dəniz sahilində yerləşən Poti limanında ARDNŞ-yə məxsus olan strateji əhəmiyyətli Kulevi terminalında kütləvi tətil başlayıb. Terminalın işçiləri bir sıra iqtisadi xarakterli tələblər irəli sürürlər, bura əmək haqlarının artırılması və əmək şəraitinin yaxşılaşdırılması, habelə bir neçə gün öncə işdən azad edilmiş yeddi nəfərin işə bərpa edilməsi daxildir. İşçilər bildiriblər ki, onların bütün tələbləri yerinə yetirilməyənədək tətili dayandırmayacaqlar. Kulevi terminalı “Black Sea oil Terminal” Açıq Səhmdar Cəmiyyətinə məxsusdur. Həmin şirkət ARDNŞ-nin Gürcüstandakı törəmə şirkətlərindən biridir.
Bildirilir ki, terminalın işçiləri ay yarım əvvəl 3 saatlıq işi dayandıraraq xəbərdarlıq tətili keçiriblər. O vaxtdan etibarən tələblərinin yerinə yetirilmədiyini görən işçilər işi tamamilə dayandırmaq qərarı veriblər. İşçilər öz hüquqlarının müdafiəsi üçün həmkarlar ittifaqı da yaradıblar. Gürcüstanın Birləşmiş Həmkarlar Təşkilatları Birliyinin sədr müavini İlya Verdzadze bildirib ki, işçilərin tələbləri haqlıdır və terminalın rəhbərliyi onları yerinə yetirməlidir. ARDNŞ Kulevi terminalını 2007-ci ildə alıb, onun yenidən qurulmasına və modernləşdirilməsinə 350 milyon dollar xərcləyib. Terminalın əvvəlki sahibi müəmmalı şəkildə ölən milyarder Badri Patarkatsşvili idi. Bu ilin mayında ARDNŞ Kulevi terminalına neft və neft məhsulları daşımaq üçün dəmir yol xəttinin tikintisini başa çatdırıb. Buraxılış gücü ildə 10 milyon ton neft olan terminal vasitəsilə Azərbaycan nefti və neft məhsulları dünya bazarlarına çıxarılır. Belə ki, Bakı-Supsa ixrac neft kəməri vasitəsilə nəql olunan neft Kulevi terminalında tankerlərə vurulur və Qara dəniz vasitəsilə nəql olunur.
İlk baxışdan terminalın işçilərinin əmək şəraitinin yaxşılaşması və maaşların artırılması kimi tələblərlə tətil etməsi normal hadisə kimi dəyərləndirilə bilər. Belə ki, bu cür tətillər hər müəssisədə ola bilər. Lakin strateji əhəmiyyətli terminalın işinin Gürcüstanın yeni hökumətinin Azərbaycanın bu ölkədəki maraqlarına qarşı olan bəyanatlarının ardınca dayandırılması bu məsələnin arxasında daha böyük qüvvələr və maraqlar dayandığını ehtimal etməyə əsas verir. Xəbər verildiyi kimi, Gürcüstanın baş naziri Bdzina İvanişvili ötən həftə gözlənilməz və sensasion bəyanatla çıxış edərək bildirib ki, Bakı-Tiflis-Qars dəmiryol magistralı “hansısa mərhələdə” onun ölkəsinə sərfəli olmaya bilər. İvanişvili layihə ilə bağlı onda bir sıra suallar və şübhələr meydana çıxdığını, bu barədə Bakıya yaxın günlərdə edəcəyi səfər zamanı danışıqlar aparacağını deyib. Prezident Mixail Saakaşvili isə baş nazirin bəyanatı ilə bağlı xüsusi açıqlama ilə çıxış edərək deyib ki, Bakı-Tiflis-Qars layihəsinin dayandırıla biləcəyinə dair deyilənlər olduqca narahatedicidir və Gürcüstanın yenidən Rusiyanın vassalına çevrilməsinə xidmət edir. Qeyd edək ki, Azərbaycan bu magistralın tikintisi üçün Gürcüstana 775 milyon dollar cüzi faizli kredit verib, öz ərazisində tikinti işlərinə isə 350 milyon dollardan çox ayırıb.
Rusiyanın “Regnum” agentliyi isə Azərbaycan hökumətindəki mənbələrə istinadən xəbər verib ki, Gürcüstanın yeni hökumətinin davranışlarına cavab olaraq bu ölkəyə satılan qazın qiyməti qaldırıla bilər. “Azərbaycan Gürcüstana qazı gülməli qiymətə, 1000 kubmetrini cəmi 200 dollara satır, bu cür qiymət dünyanın heç yerində yoxdur. Lakin Azərbaycan Gürcüstanla strateji münasibətləri nəzərə alaraq həmişə güzəşt edib. Bundan əlavə Azərbaycanın Gürcüstana yatırdığı investisiyaların həcmi 3 milyard dollardan çoxdur. Ona görə də bizə baş nazir Bdzina İvanişvilinin Bakı-Tiflis-Qars dəmiryol magistralının tikintisinin dayandırıla biləcəyi barədə bəyanatları aydın deyil. Mahiyyətcə Gürcüstan bu layihəyə bir sent də xərcləməyib, bütün xərcləri Azərbaycan öz üzərinə götürüb, minlərlə gürcü vətəndaşı bu layihədə işlə təmin olunub. Gürcüstan Bakı-Tiflis-Qars layihəsindən nəinki uduzmayıb, əksinə, udub. Azərbaycanla strateji münasibətlərin saxlanılması onların marağında olmalıdır”, deyə mənbə bildirib. Agentlik xatırladır ki, bu layihənin həyata keçirilməsində Azərbaycan daha çox maraqlıdır. Bu magistralın işə düşməsi Rusiyanın mülkiyyətində olan Ermənistan dəmir yollarını regional dəmir yol sxemindən ayırmış olacaq və tamamilə yararsız vəziyyətə salacaq.
Gürcüstanın keçmiş xarici işlər naziri, 2008-ci ilin avqust hadisələrindən sonra adı Kremllə bağlılıqda hallanan Salome Zurabişvili də Bakı-Tiflis-Qars layihəsinin əleyhinə çıxıb. Onun sözlərinə görə, bu magistral Avropaya lazım deyil və Gürcüstanın nəqliyyat funksiyalarına ciddi zərbə vuracaq. “Kim deyir ki, bu magistral Avropaya lazımdır? Qars-Axalkalaki heç vaxt Avropanın marağında olmayıb və onların planlarına daxil deyil. Bu yol Azərbaycana lazımdır və birbaşa bizim nəqliyyat gəlirlərimizi azaldacaq. Əvəzində isə heç nə əldə etməyəcəyik, təbii ki, rüşvət formasında keçmiş hökumətə verilən pulları çıxmaqla. Bu magistralın əsas nöqsanı odur ki, o, Poti və Batumi limanlarından yan keçir, nəticədə bu limanlarla daşınan yüklərin həcmini azaldacaq. Bilmirəm bu gün müqaviləyə yenidən baxmaq nə dərəcədə mümkündür? Lakin onu bilirəm ki, bu layihə ölkənin keçmiş rəhbərliyinin dövlət maraqlarını şəxsi maraqlara qurban verən cinayət əməllərindən biridir”-deyə, Zurabaşvili bildirib. Bakıda isə hələlik Gürcüstanın yeni hökumətinin bu layihəyə qarşı çıxmasının səbəblərini bilmirlər. Ekspertlərə görə, mümkün səbəblərdən biri İvanişvilinin Azərbaycandan daha çox güzəşt qoparmaq məqsədi ola bilər. Digər mümkün səbəb isə Rusiyanın Azərbaycanla Gürcüstan arasında strateji bağları qoparmağa yönələn planları hesab edilir.
musavat.com