Qırğız Respublikasının Mədəniyyət və Turizm Nazirliyi bu ölkə ilə Azərbaycan arasında mədəni sahədə əlaqələrin inkişafına verdiyi töhfəyə görə Bişkekdə yaşayan soydaşımız, Türkdilli Dövlətlərin Siyasətinə Dəstək Fondunun (TDSDF) əməkdaşı, tanınmış müğənni Şahmar Tapdıqov “Qırğızıstanın mədəniyyət əlaçısı” döş nişanını ilə təltif edilmişdi.
Dekabrın 1-də Azərbaycanın Qırğızıstandakı səfirliyində döş nişanının təqdim olunması mərasimi keçirilmişdir.
Mərasimdə dövlət məmurları, Qırğızıstanın mədəniyyət və incəsənət xadimləri, Azərbaycan diasporunun fəalları, jurnalistlər iştirak etmişlər
.
Azərbaycanın Qırğızıstandakı müvəqqəti işlər vəkili İlqar Cabbarov qonaqları salamlamış, Şahmar Tapdıqovun ölkənin dövlət və milli bayramlarında, səfirliyin və diaspor təşkilatlarının keçirdikləri müxtəlif tədbirlərində fəal iştirak etdiyini bildirmiş, döş nişanını ona təqdim etmişdir.
Qırğız-Türk Manas Universitetinin rektoru, professor Səbahəddin Balcı, Qırğızıstan Azərbaycanlıları Əlaqələndirmə Mərkəzinin prezidenti Cəbi Rəsulov, Qırğızıstan Azərbaycanlıları Konqresinin sədri Çingiz Ələsgərov və başqaları Şahmar Tapdıqovu bir insan və sənətkar kimi xarakterizə etmişlər. Bildirilmişdir ki, o, həm də el şənliklərində müntəzəm çıxış edir. Ş.Tapdıqov Azərbaycan xalq və bəstəkar, həmçinin qırğız və qazax mahnılarının mahir ifaçısıdır. Müntəzəm olaraq Qırğızıstanın televiziya və radio kanalları ilə çıxış edir. Onun Bakıda və Bişkekdə albomları buraxılmışdır.
azertag.com