Avstriyanın paytaxtı Vyanada fəaliyyət göstərən “derStandard.at“ tanınmış blogger Emin Millidən geniş müsahibə götürüb. Müsahibədə Azərbaycan iqtidarı ilə bağlı tənqidi fikirlərə geniş yer verilib. Emin Milli bildirib ki, onun və dostu Adnan Hacızadənin həbsində əslində qeyri-adi bir şey olmayıb: “Bu bizim hakimiyyətin gündəlik və yeknəsək işinin bir hissəsidir. Ölkədə azadlıq üçün mübarizə aparanlar müxtəlif bəhanələrlə təqib olunurlar.“
O, bildirib ki, xaricdə təhsil alıb gələnlər haqsızlıq qarşısında susmaq istəmirlər, gəncləri bir araya gətirib iqtidara qarşı etiraz aksiyaları keçirməyə çalışırlar.
“Azərbaycanə digər autokratlara üçün yaxşı və təhlükəli nümunə“ adlandıran Emin Milli deyib ki, Avropanın bir hissəsi olan Azərbaycanda diktatura hökmrandır.
O, müsahibəsində “Azadlıq“ radiosunun rəhbəri Xədicə İsmayılın başına gələnlərdən də danışıb. Qeyd edib ki, yerli təhlükəsizlik orqanları onun mənzilində çəkiliş kameraları quraşdıraraq Xədicə xanımı lentə alıblar: “Bu hadisə mənim evimdə baş verib. Onda mən Londonda olmuşam.“
Emin Milli bildirib ki, intim görüntülərlə dostu Xədicə İsmayılı şantaj etməyə çalışan iqtidar məyus olub. Bundan sonra gizli çəkilişi yayımlanıb. İqtidar gözləyirdi ki, mühafizəkar xalq Xədicəni ittiham edəcək. Amma hətta İslam Partiyası da onun müdafiəsinə qalxdı...
Həbsdə onu düşündürən suallara cavab tapmaq üçün 300-dən artıq kitab oxuduğunu bildirən Emin Milli sonda deyib ki, azadlıq uğrunda mübarizə davam edir. Neftə görə böyük güclərin marağında olan Azərbaycanda Dəyər və Prinsiplərin davası gedir...
musavat.com