FTX İnquşetiyada 20 azərbaycanlını saxlayıb, Dağıstanla sərhəddə də gərginlik qalır
Rusiyada son vaxtlar azərbaycanlı miqrantların kütləvi şəkildə deportasiyası və saxlanılması halları artıb. “RİA Novosti” agentliyinin İnquşetiya hüquq-mühafizə orqanlarına istinadən yaydığı xəbərə görə, bu Şimali Qafqaz respublikasının inzibati mərkəzi olan Maqas şəhərindəki tikintilərdən birində 20 Azərbaycan vətəndaşı Federal Təhlükəsizlik Xidmətinin və Miqrasiya Xidmətinin əməkdaşları tərəfindən saxlanılıb. Məlumatda deyilir ki, Azərbaycan vətəndaşlarını İnquşetiya iş adamlarından biri öz obyektində işlədirmiş. Saxlanılanlar Rusiya ərazisində əmək fəaliyyəti ilə məşğul olmaq üçün müvafiq icazələri olmadığı üçün inzibati məsuliyyətə cəlb edilib, bir neçəsi isə deportasiya olunub. Hazırda hüquq-mühafizə orqanları qanunsuz miqrantların İnquşetiyaya gətirilməsini təşkil edən şəxslərlə bağlı araşdırma aparır.
Rusiya Federal Miqrasiya Xidmətinin direktor müavini Yekatrina Yeqorova isə bildirib ki, hazırda ölkə ərazisində qeyri-leqal miqrantların sayı 3-5 milyon nəfər arasında dəyişir, onların Rusiya federasiyasında qalmaq üçün icazə müddətləri bitib və qeyri-leqal işləyirlər. Yeqorova belə miqrantların aşkar edilib ölkədən çıxarılması ilə bağlı tədbirlərin davam etdiriləcəyini bildirib. Xatırladaq ki, Moskva meri şəhərdəki bazarları gələn ilin ortalarına qədər bağlamağa hazırlaşır. Bazarların bağlanması ilə Rusiya paytaxtında on minlərlə azərbaycanlının işsiz qalacağı gözlənilir. Miqrantlarla bağlı qaydaların sərtləşdirilməsi Rusiyadan Azərbaycana təzyiqlərin başlaması ilə paralel cərəyan edir. Azərbaycan də bir çox MDB respublikaları kimi Rusiyada milyonlarla miqrantı olan ölkədir. Son statistikaya görə, bu il ərzində Rusiyadakı azərbaycanlı miqrantlar Azərbaycandakı yaxınlarına 1 milyard dollara yaxın vəsait göndəriblər. Söhbət banklar üzərindən göndərilən pullardan gedir, miqrantlar öz yaxınlarına pul göndərmək üçün digər kanallardan da geniş istifadə edirlər.
Rusiya istiqamətinə aid olan digər xəbərdə isə deyilir ki, Dağıstanla Azərbaycanın sərhədindəki nəzarət-keçid məntəqəsində gərginlik qalmaqdadır. Xəbər verildiyi kimi, Rusiya tərəfi Azərbaycandan gedən sərnişin avtobuslarının sərhəddən buraxılmasını ləngidirdi və nəticədə yüzlərlə avtobusdan ibarət növbə yaranmışdı. Son məlumata görə, növbə azalsa da qalmaqdadır. Soyuq havada sərnişinlər avtobusların içərisində günlərlə gözləməli olur və bəzi təhlilçilərə görə, sərhəddə yaradılan bu problemlər də siyasi məqsəd güdə bilər.
musavat.com