Medianews.az
10 ildir ki... -
84 baxış

10 ildir ki... - 80-nə qədəm qoyan Ramiz Rövşəndən ETİRAF

Bu gün Xalq şairi Ramiz Rövşənin doğum günüdür. Sevilən şairin 79 yaşı tamam olur.

Musavat.com olaraq 80 yaşına qədəm qoyan yazarla söhbətləşdik və doğum günü təəssüratını öyrəndik.

- Ramiz bəy, sizi təbrik edirəm. 79 yaşı necə qeyd edəcəksiniz?

- Ailə və dostlarla birgə qeyd edəcəyəm. Çox da ciddi, təmtəraqlı bir şey etmək fikrində deyiləm. Qocalırıq da, bunun nəyini qeyd edək (gülür).

- Kişilər haqqında deyirlər, “Yaş kişinin var-dövlətidir”. Necə düşünürsünüz, yaşdan var-dövlət olar?

- İnsan və şəxsiyyət kimi normal yaşayırsansa, yaş taleyin hədiyyəsidir. Çox yaşamaq o qədər də təhlükəli deyil, amma baxır kim üçün. Deyə bilmərəm ki, özümə uzun ömür arzulayıram. Taleyimə nə yazılıbsa, onu yaşayım. Açığı, “yazıya pozu yoxdur” prinsipi ilə yaşayıram. Hətta öz yazdıqlarımıza da pozu yoxdur.

- “79”dan geriyə dönsək, nəyi dəyişmək istərdiniz? Ümumiyyətlə, o illərin həsrətini çəkirsinizmi?

- İllərin hərəsinin öz yeri, qiyməti və gözəlliyi var. Gənclik illərimdəki insanların indi çoxu yoxdur. O adamları görmək istərdim. Çox insanlar itirmişik axı. Mənim üçün illərin çəkisi insanlarla bağlı idi. Yanımda olmayanların xiffətini çəkirəm. Həm də o dövr cavan və sağlam idim.

- Nəvələr varmı? Onlar babanı necə təbrik etdi?

- Nəvələr var. Onlar demək olar ki, hər gün məni təbrik edirlər. Nəvələrin hər gəlişi elə bayramdır da.

- Yaşın üstünə yaş gəlməsi həm də qocalıq gətirir. Bu sizi qorxutmur ki?

- Qocalıq insanın yerişinə təsir edir, düşüncəsinə, beyninə heç nə etmir. Hələ ki, şüurumuz yerindədir. Yaş insana müdriklik gətirmir, o, gərək insanın qanında olsun.

- Bu gün yuxudan durdunuz, əl-üzünüzü yudunuz və aynaya baxdınız. Özünüzə nə dediniz?

- (Gülür). Elə gözəl təsvir etdin ki, heç yadıma düşmədi ki, mən saçımı daramışam, yoxsa yox. İnsan yaşlananda onun aynanın qarşısında saç daramaq həvəsi azalır. Çünki saç azalanda onu daramaq istəmirsən (gülür).

- Bu gün sizi kim təbrik etsə, ürəyinizin sarı simi tərpənər?

- Mən dostları ayırmıram. Elə dostlar var ki, çox uzaqdadırlar, onların zəngini gözləyirəm. Onu da deyim ki, dost baxımdan zəngin insanam... Təbii ki, nəvələrin də zəngi sevindirir.

Mən elə həyat yaşamışam ki, ürəyim istəyən adamlarla görüşə bilmişəm. Mənim dostlarım da həmişə ünsiyyət axtarıblar.

361cbfdc-00a9-3dee-a289-021eec2b06ac_850.jpg (74 KB)

- Yaş ildən-ilə yaradıcılığa necə təsir edir? İlham pərisi əvvəlki kimidir?

- Yaradıcı ruha elə ciddi təsiri yoxdur. Daş daşımırıq ki, şüur və düşüncəni işlədirik. Onlar da yerindədir. Amma bir az fərqlər var. Əvvəl şairə nə toxunurdusa, onu qələmə alırdı. Xırda qığılcım şeirə çevrilirdi. Lakin insan yaşlandıqca nəyi yazacaqsa, ona da güc sərf etmək istəmir. Bu yaşımda məni kədərləndirən şey yarımçıq qalan yazılarımdır. Cavanlara həmişə deyirəm ki, heç nəyi yarımçıq qoymasınlar. Yarımçıq qalan elə də qalır. Çünki sabah o yaşda, əhvalda olmursan. Mən çox yazıları yarımçıq qoymuşam. Bu da mənim ən pis xüsusiyyətimdir. Geriyə qayıtsaydım, heç bir yazını yarımçıq qoymazdım.

- “Qara paltarlı qadın” şeirinizə xitabən bu sualı verirəm - heç qəlbinə dəydiyiniz, möhkəm incitdiyiniz qadın olub?

- Onu mən bilmirəm. Onu könül sahibləri bilər. Şəxsən kiminsə xətrinə dəymək istəməmişəm.

- Əvvəllər sənətkarlara, şairlərə yaxınlaşıb məktublar verərdilər, şeirlərinə münasibət bildirərdilər. İndi vəziyyət necədir?

- İndi şəkil çəkdirmək ənənəsi dəbə minib. Şeirdən çox şəkildir. Buna görə də şəhərə çıxmağım çox çətin olub. Bəlkə də şəkil çədirənlərin çoxu heç şeirlərimi oxumayıb. Mənim ömrümün son 10 ili şeir yazmaqdan çox, şəkil çəkdirməklə keçib (gülür).

- Gündüzlər, yoxsa gecələr yazırsınız?

- Mən gecələr yaza bilirəm. Beynim gecə daha yaxşı işləyir.

- Həyatın dadı-duzu indi sizin üçün nədədir?

- Həyat elə əvvəlki kimi dadlıdır. İndi ən dadlı yeri nəvələrdir. Mənim pensiyam da, qonorarım da, canım da nəvələrə qurbandır. Onların hamısını çox istəyirəm, amma Rövşənin qızı Selcan mənim ilham pərimdir. Bir nəvəmə də adımı vermişəm. O, nəvələrin ağsaqqalıdır (gülür). O Ramizlə mən Ramizin fərqi odur ki, o, çox arıqdır. Demişəm ki, bir az ye. Nəvələrin hamısı istedadlı və əlaçıdırlar.

- Onlardan şeir yazanı var?

- Hələ yox. Yaxşı oxusunlar, bu bəsdir.

- 79 yaş bir igid ömrüdür. Bir ağsaqqal kimi ömrü necə yaşamağı məsləhət görərdiniz?

- Həmişə elə yaşamalısan ki, vicdan rahatlığın olsun. Ən birinci şərt vicdanlı olmaqdır. Vicdan əxlaqdan da əsasdır.

- Gününüzü necə keçirirsiniz? Qrafikiniz necədir?

- Dostlarla görüşürəm. Televizora baxmıram. Telefonla çox vaxt keçirmirəm. O qədər oxumadığım, yarımçıq qalan kitablarım var ki...

Kitabxanamdakı kitabların yarısını oxuyub tamamlaya bilməmişəm. İndi kitab oxumaq o qədər də dəbdə deyil. Telefon bütün vaxtı alır. Söhbət məndən getmir. Mən adi telefon işlədirəm. Mesaj da yaza bilmirəm. Lakin o biri telefonu əlimə alanda bir də görürəm ki, bir saat vaxtım mənasız şeylərə baxmaqla keçib. Sanki bu telefonlar insanları tənhalığa çəkmək üçündür. İndiki telefonlar ünsiyyət üçün deyil.

- Yeri gəlmişkən, səhhətiniz necədir? Dediniz ki, ayağınızda problem var.

- Bir balaca zədə var. Yenə də problem deyil. Ömrün qalan hissəsini zədəli ayaqla da getmək olar. Bu yaş üçün yaxşıdır.

Bizə qoşulun