Vəkil Zabil Qəhrəmanov haqqında həbs qətimkan tədbirinin müddəti artırılıb.
Medianews.az xəbər verir ki, Səbail Rayon Məhkəməsinin qərarı ilə Zabil Qəhrəmanov haqqında həbs qətimkan tədbirinin müddəti daha 2 ay uzadılıb.
Onun vəkilləri bu qərarı əsassız hesab edir və yanvarın 19-da apellyasiya şikayəti veriblər.
Vəkil Babək Həmidov bildirib ki, istər Zabil Qəhrəmanovun həbs olunması, istərdə də onun haqqında həbs qətimkan tədbirinin uzadılması üçün heç bir əsas yoxdur.
Oktyabrın 23-dən həbsdə olan vəkil Zabil Qəhrəmanov əvvəl Gəncədəki 2 saylı istintaq təcridxanasında saxlansa da, bir neçə gün əvvəl Bakıya köçürülüb. Əvvəl onun haqqında istintaq Gəncə Şəhər Baş Polis İdarəsində aparılırdı. Sonra iş Daxili İşlər Nazirliyinin İstintaq və Təhqiqat İdarəsinə verilib.
Gəncədə fəaliyyət göstərən vəkil Zabil Qəhrəmanov oktyabrın 23-də saxlanılıb, iki gün sonra məhkəmənin qərarı ilə onun haqqında 3 aylıq həbs qətimkan tədbiri seçilib. Vəkilə qarşı Cinayət Məcəlləsinin 178.2.4 (dələduzluq – xeyli miqdarda ziyan vurmaqla törədildikdə) və 221.2.2 (xuliqanlıq – ictimai qaydanın pozulmasının qarşısını alan şəxsə qarşı müqavimət göstərməklə törədiıldikdə) maddələri ilə ittiham irəli sürülüb.
Zabil Qəhrəmanov tutulduğu gün gündüz saatlarında avtomobil yuma məntəqəsində işləyən Fazil İsgəndərovla mübahisə edib, ona xəsarət yetirməkdə və Emin İbrahimov adlı şəxsə qarşı dələduzluqda ittiham olunur.
Vəkil ittihamları rədd edir və peşə fəaliyyətinə görə cəzalandırıldığını bildirir.
Qeyd edək ki, əsasən Gəncə və ətraf rayonlarda vətəndaşların hüquqlarının müdafiəsi ilə məşğul olan Zabil Qəhrəmanov ən çox bəraət alan vəkillərdən biri hesab edilir. O, hətta qəsdən adam öldürməyə görə 11 il azadlıqdan məhrum edilmiş şəxsə 4 il sonra bəraət verilməsinə nail olmuşdu.