Medianews.az
Yoxa çıxan nədir? –
315 baxış

Yoxa çıxan nədir? – Prezidentin müsahibəsinin ardınca...

Prezident İlham Əliyev yerli televiziya kanallarına 5 yanvar müsahibəsində beynəlxalq hüququn deqradasiyası mövzusuna da toxunub: “Bugünkü dünyada beynəlxalq hüquq deyilən məsələ yoxdur. Bunu hər kəs gərək unutsun. Güc var, əməkdaşlıq var, müttəfiqlik var, qarşılıqlı dəstək var...

Beynəlxalq hüquq, Birləşmiş Millətlər Təşkilatı artıq rudimentə çevrilib. Hər şey o qədər köhnəlib ki, onlara istinad etmək qeyri-ciddidir, bundan yapışıb qalanlar isə köhnə reallıqda yaşayırlar. İndi yeni reallıq mövcuddur, əlbəttə ki, onu böyük ölkələr yaradır, amma əgər ölkə çox böyük deyilsə, o cümlədən siyasi, hərbi və iqtisadi potensiala malikdirsə, onda o da yeni reallığın yaradılmasına öz töhfəsini verə bilər”.

Beynəlxalq hüququn olmaması nəyin olmaması deməkdir?

Medianews.az xatırladır ki, beynəlxalq hüquq - dövlətlərarası münasibətlərin təkcə siyasi və hərbi güc balansı ilə deyil, həm də hüquqi normalarla tənzimlənməsi deməkdir. Beynəlxalq hüquq dövlətlər, beynəlxalq təşkilatlar və müəyyən hallarda digər subyektlər arasında münasibətləri qaydaya salan hüquqi çərçivədir.

Beynəlxalq hüquq ilk növbədə dövlətlərin qarşılıqlı davranış qaydalarını müəyyən edir. Bu hüquq sahəsi müharibə və sülh məsələlərindən tutmuş diplomatik münasibətlərə, insan hüquqlarının müdafiəsindən iqtisadi əməkdaşlığa qədər geniş spektri əhatə edir. Əsas məqsəd dövlətlər arasında nizamsızlığı və zorakılığı məhdudlaşdırmaq, mübahisələrin hüquqi əsaslarla həllinə şərait yaratmaqdır.

Beynəlxalq hüququn mərkəzləşdirilmiş icraedici və cəza mexanizmi yoxdur. Normalar dövlətlərin könüllü razılığı və qəbul etdiyi öhdəliklər əsasında formalaşır. Bu səbəbdən beynəlxalq hüququn effektivliyi çox vaxt siyasi iradədən və beynəlxalq təzyiq mexanizmlərindən asılı olur.

Beynəlxalq hüququn formalaşmasında bir neçə əsas mənbə mühüm rol oynayır. Bunların başında beynəlxalq müqavilələr dayanır. Dövlətlər arasında bağlanan bu sazişlər hüquqi öhdəlik yaradır və tərəflər üçün məcburi xarakter daşıyır.

Digər mühüm mənbə beynəlxalq adət hüququdur. Dövlətlərin uzun müddət ərzində davamlı şəkildə tətbiq etdiyi və hüquqi norma kimi qəbul etdiyi davranış qaydaları bu kateqoriyaya daxildir. Həmçinin bir çox hüquq sistemlərində mövcud olan ümumi hüquq prinsipləri, eləcə də beynəlxalq məhkəmələrin qərarları və hüquqşünas alimlərin yanaşmaları köməkçi mənbə kimi istifadə olunur.

Beynəlxalq hüquq bir sıra fundamental prinsiplərə söykənir. Dövlətlərin suveren bərabərliyi bu prinsiplərin əsasını təşkil edir. Bu prinsipə görə, istər böyük, istərsə də kiçik dövlətlər hüquqi baxımdan bərabərdir.

Digər mühüm prinsip güc tətbiqinin və güc tətbiqi hədəsinin qadağan olunmasıdır. Birləşmiş Millətlər Təşkilatının nizamnaməsində təsbit edilən bu norma beynəlxalq təhlükəsizlik sisteminin təməl daşlarından sayılır. Ərazi bütövlüyünə hörmət, daxili işlərə qarışmamaq, mübahisələrin dinc yolla həlli və müqavilələrə əməl olunması prinsipləri də beynəlxalq hüququn dayaqlarıdır.

Beləliklə, beynəlxalq hüququn olmaması məhz bu norma və prinsiplərin işləməməsi deməkdir.

5 yanvar müsahibəsində Prezident İlham Əliyev vurğulayıb ki, Azərbaycan beynəlxalq hüququn işləməməsinin ilk qurbanlarından biri olub: “Torpaqlarımız işğal edildikdən sonra Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası Ermənistan qoşunlarının ərazilərimizdən çıxarılmasını tələb edən dörd qətnamə qəbul etdi. Lakin bu qətnamələr 27 il ərzində kağız üzərində qaldı və əgər biz öz torpaqlarımızı güc yolu ilə azad etməsəydik, onlar əbədi olaraq icrasız qalacaqdı.

İkinci Qarabağ müharibəsindən beş il keçdiyini nəzərə alsaq, aydın şəkildə görürük ki, bütün dünya, beynəlxalq ictimaiyyət, o cümlədən aparıcı ölkələr və nüfuzlu beynəlxalq təşkilatlar yeni reallıqları qəbul edib. Beləliklə, biz yerindəcə reallıq yaratdıq. Mən bunu artıq bir neçə dəfə xatırlatmışam - ATƏT-in Minsk qrupu ilə çoxsaylı görüşlərim zamanı onlar Azərbaycana reallıqları qəbul etməyi tövsiyə edirdilər. Təhlükəsizlik Şurasının qətnamələri, beynəlxalq hüquq və beynəlxalq hüququn pozulması ilə bağlı bütün arqumentlərim isə yenə də qəti səssizlik ilə qarşılanırdı.

Beləliklə, “yerdəki reallıqlar” məsələsi ortaya qoyulmuşdu. Mən də dedim: yaxşı, onda biz bu reallıqları dəyişəcəyik. Biz bunu etdik və bu gün bütün dünya bunu tanıyır”.

Prezident onu da qeyd edib ki, beynəlxalq hüquq pozulanda güclü olan haqlıdır: “Bu, bizim seçimimiz deyil. Biz hər zaman həqiqətə sadiq olmuşuq, həmçinin hər zaman ədalətə sadiq olmuşuq. Biz heç vaxt ədalətə uyğun olmayan heç bir şey etməmişik. Gördüyümüz bütün işlər tarixi, hüquqi və insani ədalətə əsaslanıb. Lakin dünya dəyişib. Biz kağız - BMT nizamnaməsi üzərində olan dünyada yaşamırıq, torpaq üzərində yaşayırıq. Ona görə də güclü olmalıyıq, biz də bunu etməyə çalışırıq. Mən hər bir ölkəyə bunu tövsiyə edirəm”.

Medianews.az

Bizə qoşulun