“Gələcəkdə xərçəng xəstəliyinin adi xəstəliklər kimi tam müalicə olunması mümkündür”.
Medianews.az bildirir ki, bu fikiri konkret.az-a açıqlamasın da tibb üzrə fəlsəfə doktoru, həkim-onkoloq Fərid Museyibov səsləndirib.
Onun sözlərinə görə, tarixə nəzər saldıqda görürük ki, vaxtilə vərəm, vəba, taun kimi xəstəliklər insan həyatına ciddi təhlükə yaradırdı və çoxsaylı ölüm halları ilə nəticələnirdi. Elmin və tibbin inkişafı sayəsində bu xəstəliklərin müalicəsi tapılıb. Eyni prosesin gələcəkdə xərçəng xəstəliyi üçün də baş verəcəyinə ümid edilir.
Həkim-onkoloq qeyd edib ki, xərçəng xəstəliyi 1-ci və 2-ci mərhələdə aşkarlandıqda tam müalicə olunur və pasiyent sağlam şəkildə evinə qayıda bilir. Lakin təəssüf doğuran məqam ondan ibarətdir ki, Azərbaycanda xəstələrin əksəriyyəti həkimə 3-cü və 4-cü mərhələdə müraciət edir:
“10 pasiyentdən təxminən 7-8-i artıq gec mərhələdə bizə müraciət edir. Bu mərhələlərdə xəstəliyi tam müalicə etmək mümkün olmur”.
Fərid Museyibov vurğulayıb ki, insanların sağlamlıqlarına laqeyd yanaşması əsas problemlərdən biridir. Onun sözlərinə görə, ağrı və ya şikayət olmasa belə, hər bir şəxs ildə ən azı 1-2 dəfə profilaktik müayinədən keçməlidir. İnkişaf etmiş ölkələrdə insanların sağlamlığa daha diqqətli yanaşması xərçəngin erkən aşkarlanmasına və tam sağalmasına imkan yaradır:
“Digər ölkələrdə insanlar ağrı olmasa belə, hətta 3-4 aydan bir həkimə müraciət edirlər. Bizdə isə əksər hallarda insanlar yalnız ağrı olduqda həkimə gəlir ki, bu da xəstəliyin gec mərhələsi deməkdir”.
Sonda onkoloq ümidverici mesaj verərək bildirib ki, yaxın gələcəkdə xərçəng xəstəliyinin də tam müalicə üsullarının tapılacağına inanırlar və bu zaman onkoloji xəstələr tam sağala biləcəklər.