Rasim Balayevin ölümü, heç şübhəsiz, teatr və kino sənətimiz üçün böyük itkidir. Ancaq aktyor üçün rolsuz qalmaq əslində elə ölmək kimi bir şeydir. Rey Bredberinin kitab oxumağın cinayət sayıldığı xəyali gələcək barədə (biz indi bunun reallıq olduğunu açıq-aydın görürük) “Farengeyt üzrə 451 dərəcə” adlı möhtəşəm romanında deyilir: “Kitabları yandırmaqdan daha ağır cinayətlər var. Məsələn, onları oxumamaq”. Rasim Balayev uzun illər, necə deyərlər, “həyatının çiçəklənən dövründə” işsiz-gücsüz qaldı, rollar oynamaq yerinə mənasız televiziya verilişlərində, toyda-mağarda çıxışlar eləməklə gözünün, istedadının qurdunu öldürdü.
Onu oynatmaq üçün kino və teatr lazım idi, bunlar isə Balayevdən qabaq rəhmətə getmişdi. Teatr sənətimizi intriqalar və məmur-zırramaturqlar (dramaturq yazmağa əlim gəlmədi) öz boş pyeslərilə dəfn etmişdilər, kino isə kollektiv sənət olduğu üçün məhvə məhkum idi. Axı biz kollektiv görülən işləri adətən bacarmırıq.
Məsələn, fikir versəniz, hamı bugünlərdə Balayevin “Nəsimi”, “Dədə Qorqud”, “Babək” filmlərindəki rollarından bəhs edir, onlardan video-sitatlar paylaşır. Ancaq bu filmlərin çəkiliş vaxtına, ilinə baxanda Kərəmi ağlamaq tutur: 1973, 1975, 1979. Belə çıxır ki, Balayev axırıncı yaddaqalan rolunu nə az, nə çox, düz 47 il öncə oynayıbmış! Aktyorun öləndə 77 yaşı var idi, deməli Balayev 30 yaşından sonra faktiki rol almayıb. Ya da həmin rollar paylaşılası deyil. (Maraqlıdır ki, nəyəsə görə uzun illər bizim rejissorlar Balayevə qətiyyən uyğun gəlməyən milis-polis rəisi, mafiya başçısı, alverçi kimi epizodik rollar verirdilər. Yəqin qəhrəmanlıq dövrü keçmişdi, sevimli aktyoru tam işsiz qoymağa isə qıymırdılar).
İndi ağlaşma-şivən qoparmağın, yas yerində çay hortdadıb saxta şəkildə qəmgin dayanmağın, nə bilim, qısa videolar paylaşmağın mənası yoxdur. (Elə mənim bu cızmaqaramın da). Aktyor artıq, Alber Kamyu demişkən, “zamanda səyahətə” çıxıb, bir daha geri qayıtmayacaq.
Haçansa bu temada yazmışdım, indi “Babək” filmindən epizodlar çox paylaşılanda təkrar etməyə ehtiyac duydum. O filmdəki çox məşhur sitat, Babəkin dilindən Balayevin səsləndirdiyi “Bu dünyada bircə gün azad yaşamaq, qırx il boyunduruq altında sürünməkdən yaxşıdır” sözləri təhrif edilib. Əlbəttə, rejissor və ssenarist tərəfindən, yəqin ki, burada aktyorun heç bir günahı yoxdur. Həmin sitatın əsli, orijinalı, həqiqisi 9-10-cu əsr ərəb tarixçisi Təbəri-nin “Peyğəmbərlər və hökmdarlar tarixi” əsərindədir. Orda Babək dönük çıxan oğluna itin sözünü deyir və bu cümləni işlədir: “Qırx il miskin qul kimi ömür sürməkdənsə, bir gün ağa kimi yaşamaq daha yaxşıdır”. Yəqin sayın oxucularımız da qəbul edər ki, azad yaşamaqla ağa kimi yaşamaq arasında ciddi mahiyyət fərqləri vardır. Çünki ağa kimi yaşayaraq azad olmayan minlərlə vətəndaşımızı tanıyırıq.
Bəlkə yeri deyildi, bir məsələni də yazım. “Nəsimi” filmindəki epizodda “Səni bu hüsni-camal ilə, kamal ilə görüb, Qorxdular həq deməyə, döndülər insan dedilər” beytini düz oxumur, “hüsni camalü” deyir, “ilə”ni ixtisara salır. Məncə klassiklərə qarşı diqqətli olmalıyıq.
Məsələn, bugünlərdə Şamaxıda Avropa liseyi açırdılar, deyildi ki, guya Sabir bu məktəbdə müəllim işləyib. Sanki Sabirin vaxtından hansısa məktəb qalıb, hətta adı da “Avropa” imiş. Bu elə təxminən “Füzuli Füzuli rayonunda anadan olub” demək kimi absurd bir şey idi. Gopun yekəliyini eşitsə şair yəqin özünə xitabən “Qah-qah! Nə əcəb gülməlisən xaniman-xərab” söylərdi.
Zamin HACI