Medianews.az
UEFA-nın klub reytinqi yenilənib
335 baxış

UEFA-nın klub reytinqi yenilənib

UEFA Çempionlar Liqası və Avropa Liqasının liqa mərhələlərində səkkiz turun altısı, Konfrans Liqasının liqa mərhələsində altı turun beşi oynanıb.

Hər üç liqa mərhələsində 36 komanda yarışır. Növbəti raund üçün azı 24-cü yeri tutmaq gərəkdir. Çempionlar Liqasında 5, Avropa Liqasında 6, Konfrans Liqasında 8 komandanın 2025-2026 mövsümünü davam etdirəcəyi dəqiqləşib.

Azərbaycan təmsilçisi “Qarabağ” Çempionlar Liqasının liqa mərhələsində 22-ci yerdədir.

Medianews.az bildirir ki, UEFA-nın yenilənmiş klub reytinqində İngiltərə 55 üzv arasında birinci, San Marino son pillədə göstərilir.

Türkiyə 9-cu, Ukrayna 25-ci, Azərbaycan 26-cı, Rusiya 30-cu, Moldova 33-cü, Ermənistan 34-cü, Qazaxıstan 36-cı, Latviya 39-cu, Estoniya 43-cü, Litva 45-ci, Belarus 50-ci, Gürcüstan 53-cüdür.

Reytinq klub turnirlərinin son beş mövsümündə qazanılan əmsallara əsaslanır. Təsnifat mərhələlərində qələbə 1 xal, heç-heçə yarım xal, sonrakı raundlarda qələbə 2 xal, heç-heçə 1 xaldır.

Çempionlar Liqasının liqa mərhələsinə düşən komandalar 6 bonus xalı alır, həmin raundda ilk 8 pilləni tutan komandalara 6 bonus xalı, 9-16-cı yerləri tutan komandalara 4 bonus xalı, 17-24-cü yerləri tutan komandalara 2 bonus xalı verilir, 1/8 finaldan başlayaraq hər mərhələ 1,5 bonus xalı qazandırır.

Avropa Liqasının liqa mərhələsində ilk 8 pilləni tutan komandalar 6 bonus xalı, 9-16-cı yerləri tutan komandalar 4 bonus xalı, 17-24-cü yerləri tutan komandalar 2 bonus xalı alır, 1/8 finaldan başlayaraq hər mərhələ 1 bonus xalı gətirir.

Konfrans Liqasının liqa mərhələsində ilk 8 pilləni tutan komandalar üçün 4 bonus xalı, 9-16-cı yerləri tutan komandalar üçün 2 bonus xalı, 17-24-cü yerləri tutan komandalar üçün 1 bonus xalı nəzərdə tutulur, 1/8 finaldan başlayaraq hər mərhələ 0,5 bonus xalına bərabər olur.

Toplanan xallar qitə turnirlərinə vəsiqə almış ölkə klublarının sayına bölünür və mində bir dəqiqliklə əmsal çıxarılır. Azərbaycan bu mövsüm 5,125 əmsal əldə edib.

Toğrul Əli, 
Medianews.az

Bizə qoşulun