Türkiyədə narkotik istintaqı çərçivəsində saxlanılan və məhkəmə nəzarəti şərti ilə sərbəst buraxılan məşhur aktyor Oktay Kaynarcanın ifadəsi ortaya çıxıb.
Bu barədə Oxu.Az DHA-ya istinadən xəbər verir.
Oktay Kaynarca prokurorluğa verdiyi ifadədə narkotikdən istifadə etmədiyini deyib.
"İfadəmin əvvəlində bildirmək istəyirəm ki, mən həmişə narkotik kimi qadağan olunmuş maddələrə qarşı olmuşam. Günyüzü Konaklarında soruşduğunuz evə getdim. Orada Murat Gülibrahimoğlu var idi. Göstərdiyiniz fotolardakı əyləncə qrupunun orada olduğunun şahidi oldum.
Rabia Karacanın ifadə etdiyi "Oktay Kaynarca Murat Gülibrahimoğlunun yeni hava limanı yaxınlığında Yaxın Şərqə xitab edəcək tikinti layihəsinin reklam siması olması ilə bağlı təklifini qəbul edib" ifadəsini qəbul edirəm. Murat Gülibrahimoğlu yaxın dostumdur. Fatih Keleş adlı şəxsi də Murat Gülibrahimoğlu ilə birlikdə gördüyüm üçün tanıyıram.
Rabia Karacanın "Murat Gülibrahimoğlu və Oktay Kaynarca yaxın dostdurlar və narkotik və fahişəlik məclislərində bir-birilərinə qadın hədiyyə edirlər" ifadəsini isə qəbul etmirəm. Fahişəlik kimi bir cinayətdə vasitəçi kimi çıxış etməyimdən söhbət gedə bilməz.
Rabia Karaca adlı şəxsi əsla tanımıram. Murat Gülibrahimoğlundan tanıtım filmi üçün 100 000 dollar almışam. Sonra da bu layihə reallaşmadığı üçün pulunu geri qaytarmışam. Layihə ilə bağlı çəkilişlər aparıldı, amma həyata keçmədi", - deyə Oktay Kaynarca ifadəsində bildirib.
Xatırladaq ki, İstanbul Baş Prokurorluğu yanvarın 13-də Oktay Kaynarca və müğənni Emel Müftüoğlu ilə yanaşı, Neda Şahin, Ali Sert, Rabia Karataş və Selen Çetinkayanın Qaçaqmalçılıq, Narkotik və İqtisadi Cinayətlərin İstintaq Bürosu tərəfindən aparılan istintaq çərçivəsində saxlanıldığını açıqlayıb.
Oktay Kaynarca və Emel Müftüoğlu məhkəmə nəzarəti şərti ilə sərbəst buraxılıblar və onların ölkə xaricinə çıxışına qadağa qoyulub.