1 ay qabaq intensiv diplomatik proses zamanı ABŞ tərəfi Corc Buş və Putin arasında danışıqların stenoqramını yaydı. Danışıqlarda Putin Buşa demişdi ki, Ukraynanın NATO-ya üzvlüyü Rusiya və ABŞ arasında uzunmüddətli münaqişə meydanını yaradacaq. Tramp administrasiyası bu stenoqramı paylaşmaqla dolayısı, amma məqsədyönlü şəkildə Putinə mənəvi bəraət qazandırmağa çalışdı və Trampın "bu Baydenin müharibəsidir" tezisini qidalandırdı. Yəni Bayden bilirdi ki, Ukraynanın NATO-ya inteqrasiya kursu müharibəyə gətirəcək, amma buna rəğmən Ukraynaya dəstəyini dayandırmadı.
Medianews.az xəbər verir ki, bunu politoloq Kamran Cəfərov qeyd edib:
"İndi isə diplomatik prosesin çox önəmli mərhələsi başlayır, Ukrayna nümayəndə heyəti danışıqlar üçün Mayamiyə gəlib, daha sonra isə Davosda müttəfiqlərin Trampla son dərəcədə vacib görüşü baş tutacaq. Məhz buna görə də, Trampın Ukraynaya təzyiq göstərməməsi üçün ona və digərlərinə bir daha xatırlatmaq lazımdır ki, Ukrayna artıq beş dəfə Trampın Planına razılıq verib və prosesi ləngidən yeganə şəxs Putindir.
İndi isə yadımıza salaq, intensiv diplomatiyanın növbəti raundu öncəsi Tramp nə deyib?
- Putin sülh istəyir, Zelenski mane olur.
Və ən maraqlısı başlayır...
Fransada bir video yayıldı, videoda Makron telefonla Trampa zəng edir, Makronun yanında da Zelenski, Starmer, Merz və Tusk oturub. Videoda nə daşılır?
Makron: Cənab Prezident, Makrondur danışan Bu qədər tez zəng etdiyim üçün üzr istəyirəm. Mən Zelenski ilə birlikdəyəm, o, hər şeylə razılaşıb. 30 günlük atəşkəsə və qalan bütün məsələlərə. İki dəqiqədən sonra Sizə Merz, Starmer və digərləri ilə birlikdə yenidən zəng edə bilərəmmi?
Tramp: Oh, əla! Nobel mükafatı artıq mənimdir. Yenidən zəng edin.
Sonra hamısı bir yerdə otururlar.
Makron: Cənab Prezident, burada mən, Merz, Starmer və Zelenski oturub.
Zelenski: Və mətbuat da var, bunu bilməlisiniz.
Makron: Biz razılaşdıq, Zelenski indicə bütün şərtlərlə razılaşdı.
Zelenski: İndi Rusiya ilə danışmaq lazımdır, onlar razılaşmalıdır. Əgər yox, sanksiyalar lazımdır, təzyiq göstərilməlidir, bu, çox vacibdir.
Tramp: Məncə, o razılaşacaq. Artıq vaxtıdır.
Bu video Trampı dünya ictimayyəti qarşısında növbəti dəfə çətin duruma salıb və sülhə kimin razılaşmamasını bütün çılpaqlıqla göstərdi".
İntensiv diplomatiyanın növbəti raundu başlayır və top Trampın tərəfindədir".