“ABŞ Prezidenti Donald Trampın İranla bağlı qərarının Ermənistana hissedilən siyasi təsirləri olacaq”.
Teleqraf xəbər verir ki, bunu erməni iqtisadçı Anna Paxlyan ABŞ Prezidentinin İranla əməkdaşlıq edən ölkələrə 25 faizlik tarif tətbiq etmək qərarının Ermənistana mümkün təsirləri barədə danışarkən deyib.
Ekspertin sözlərinə görə, İranın Ermənistanın xarici ticarət strukturunda böyük payı var:
“Ermənistandan ABŞ-yə ixrac həcmi daha məhduddur, İran bazarı da ölkəmiz üçün əsas ixrac istiqamətlərindən biri deyil. 2024-cü ildə Ermənistandan İrana ixracın həcmi 108,3 milyon dollar qiymətləndirilib, bu da Ermənistanın bütün ixracının 0,8%-nə bərabərdir. Eyni dövrdə Ermənistandan ABŞ-yə ixracın həcmi 58,9 milyon dollar və ya ümumi həcmin 0,5%-ni təşkil edib. 2025-ci ilin yanvar-noyabr aylarında Ermənistan İrana 83,4 milyon, ABŞ-yə isə 46,2 milyon dollar dəyərində mal ixrac edib.
ABŞ və İranla münasibətlərdə Ermənistan daha çox idxalçı ölkə kimi mövqe tutsa da, idxal həcmləri hiss olunmur. 2024-cü ildə ABŞ-dən Ermənistana 351,7 milyon dollar dəyərində mal idxal edilib ki, bu da ölkəmizin ümumi idxalının 2,1%-nə bərabərdir. İrandan idxalın həcmi 629,2 milyon dollar və ya ümumi həcmin 3,7%-ni təşkil edib. Bu şəraitdə İranla iqtisadi əməkdaşlığa 25% tarif tətbiqinin, xüsusən də birbaşa gömrük yükü baxımından Ermənistan üçün zəif iqtisadi təsir göstərəcəyi gözlənilir. Amma İranın Ermənistan üçün geosiyasi və strateji əhəmiyyəti nəzərə alındıqda, Trampın qərarının siyasi konteksti daha təsirli və hiss olunacaq dərəcədədir”.