Medianews.az
Tramp İran xalqını üsyana səslədi:
61 baxış

Tramp İran xalqını üsyana səslədi: “Qurumları ələ keçirin, kömək yoldadır”

ABŞ prezidenti Donald Tramp İranda davam edən etiraz aksiyalarına növbəti dəfə açıq və sərt dəstək nümayiş etdirib.

Musavat.com xəbər verir ki, Tramp sosial şəbəkə hesabında yayımladığı sensasion müraciətlə İran xalqını mübarizəni genişləndirməyə və dövlət institutlarını ələ keçirməyə çağırıb.

“İranlı vətənpərvərlər, etirazları davam etdirin – qurumlarınızı ələ keçirin! Qatillərin və zorakılıq törədənlərin adlarını yadda saxlayın. Onlar bunun əvəzini çox ağır ödəyəcəklər”, – deyə Tramp paylaşımında bildirib.

ABŞ prezidenti eyni zamanda Tehranla bütün siyasi-diplomatik təmasların dayandırıldığını açıqlayıb. Onun sözlərinə görə, İranda etirazçıların öldürülməsi davam etdiyi müddətdə İran rəsmiləri ilə heç bir görüş baş tutmayacaq.

“Etirazçıların əsassız şəkildə qətlə yetirilməsi dayanana qədər İran rəsmiləri ilə bütün görüşləri ləğv etmişəm. Bu zorakılıq bitməlidir”, – Tramp vurğulayıb.

ABŞ liderinin ən çox diqqət çəkən mesajı isə açıq təhdid və açıq ümid xarakteri daşıyan çağırışı olub. Tramp bildirib ki, Vaşinqton prosesləri yaxından izləyir və İran xalqı tək deyil:

“Kömək yoldadır”, – deyə ABŞ prezidenti sensasion müraciətində qeyd edib.

Beləliklə, ABŞ Prezidenti Donald Trampın bu çağırışının arxasında hansı məna dayandığı barədə ayrıca mülahizə yürütməyə ehtiyac qalmır. Ötən ilin yayında İranın bombalanması bu sualın praktik və real cavabını artıq ortaya qoyub. “Kömək yoldadır” ifadəsi siyasi ritorika deyil, konkret hərbi-siyasi mesajdır. Bu mesajın ünvanı isə yalnız İran cəmiyyəti deyil, birbaşa Tehran hakimiyyətidir.

Bu çağırış faktiki olaraq onu göstərir ki, Vaşinqton prosesləri zaman baxımından ölçür və hərbi müdaxilənin texniki mərhələsi artıq gündəmdədir. Bombardmançı təyyarələr, hərbi logistika və əməliyyat planları zaman tələb edən mexanizmlərdir, lakin Trampın mesajı ondan ibarətdir ki, bu mexanizm artıq işə düşüb və geri dönüş nöqtəsi keçilir. Yəni “kömək yoldadır” demək, “hərbi ssenari aktivləşdirilib” anlamına gəlir.

Eyni zamanda bu çağırış Tehran üçün son xəbərdarlıq xarakteri daşıyır. ABŞ açıq şəkildə bildirir ki, edamlar, küçə qətliamları və nümayişçilərə qarşı zorakılıq dayandırılmasa, növbəti mərhələ qaçılmaz olacaq. Tramp administrasiyası bununla İran hakimiyyətinə mesaj verir: ya xalqın səsi eşidiləcək, ya da beynəlxalq sistem bu səsi zorla eşitdirəcək.

Bu kontekstdə Trampın əvvəlki açıqlamaları da xatırlanır. O, dəfələrlə bəyan edib ki, İran hökuməti nümayişçilərə atəş açarsa, Amerika buna cavabsız qalmayacaq. İndiki çağırış həmin xəttin davamıdır və ötən ilin iyununda baş verən bombardmanlar bu təhdidin boş söz olmadığını sübut edib.

Beləliklə, Trampın son müraciəti sadəcə siyasi dəstək deyil, açıq hərbi-siyasi ultimatumdur. Bu ultimatum isə İran hakimiyyətini seçim qarşısında qoyur: ya daxili zorakılığa son qoymaq və siyasi kursu dəyişmək, ya da növbəti zərbələrin hədəfinə çevrilmək.

WhatsApp Image 2026-01-13 at 19.12.07.jpeg (60 KB)

Bizə qoşulun