Medianews.az
Tramp Ağ evdə İranla bağlı iclas keçirir
128 baxış

Tramp Ağ evdə İranla bağlı iclas keçirir

ABŞ Prezidenti Donald Tramp İrandakı vəziyyəti müzakirə etmək üçün Ağ evdə yüksək səviyyəli iclas çağırdığını açıqlayıb.

Medianews.az-ın məlumatına görə, ABŞ-ın Miçiqan ştatından Vaşinqtona qayıdarkən Tramp jurnalistlərə deyib: “Ağ evə qayıdıram. İranda baş verənlərin tam mənzərəsinə baxacağıq. Orada çox ağır hadisələr yaşanır”.

Trampın sözlərinə görə, Ağ ev yaxın vaxtda İranda etirazların yatırılması zamanı ölənlərin sayı haqda dəqiq məlumatlar əldə edəcək: “Qətllərlə bağlı real vəziyyəti öyrənəcəyik”.

Tramp vurğulayıb ki, ABŞ bu məlumatlar əsasında lazımi reaksiyanı verəcək. Lakin o, mümkün addımların nədən ibarət olacağını açıqlamayıb: “Bunu açıqlaya bilmərəm. Amma nə edəcəyimi dəqiq bilirəm”.

Məlumatlara görə, Ağ evdə Milli Təhlükəsizlik Şurasının toplantısına xarici siyasətə və müdafiə sahəsinə cavabdeh rəsmilər (dövlət katibi Marko Rubio, müdafiə naziri Pit Heqset, Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Con Retkliff, Birləşmiş Qərargah Rəisləri Komitəsinin rəhbəri general Den Keyn və Milli Kəşfiyyatın direktoru Tulsi Qabbard) qatılacaqlar.

Vitse-prezident Cey Di Vensin də iclasda iştirak edəcəyi bildirilir.

Bu toplantı Vaşinqtonun İranda davam edən etirazlara və hakimiyyətin cavab tədbirlərinə necə reaksiya verəcəyi ilə bağlı mümkün variantların müzakirəsi kimi dəyərləndirilir. ABŞ administrasiyası hələlik hansı qərarların qəbul ediləcəyini açıqlamır.

Medianews.az

Bizə qoşulun