Medianews.az
“Tarqovı”da gəzəndə ermənilərə nə deyiblər? -
66 baxış

“Tarqovı”da gəzəndə ermənilərə nə deyiblər? - “Barev dzez”

Ermənistanın bir qrup qeyri-hökumət təşkilatı, ekspert və ictimai xadimdən ibarət nümayəndə heyətinin Bakıya səfəri və Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyevlə keçirilən görüş İrəvanda geniş rezonansa səbəb olub.

Ermənistan mediası hələ də noyabrın 21–22-də baş tutan və bir çox baxımdan presedent sayıla biləcək Bakı səfərini müzakirə edir. “Sülh Körpüsü” təşəbbüsü çərçivəsində həyata keçirilən bu səfər regionda yeni kommunikasiya cəhdlərinin fonunda diqqət çəkib. Ermənistandan Bakıya gələn nümayəndə heyətində İrəvan Mətbuat Klubunun prezidenti Boris Navasardyan, politoloqlar Areq Koçinyan, Narek Minasyan, Samvel Meliksetyan və insan haqları fəalı Naira Sultanyan yer alıb. Səfərin məqsədi və Bakıdakı görüşlərin konturları qarşı tərəfin mətbuatında müxtəlif prizmalardan təqdim olunur və bu da mövzunu region gündəminin ön sırasına çıxarır.

Musavat.com xəbər verir ki, erməni qonaqlar rəsmi görüşlərdən sonra Bakının bir sıra yerlərini gəziblər və paytaxtdakı erməni kilsəsinə baş çəkiblər. Bu gəzinti çərçivəsində erməni nümayəndələr maraqlı məqamlarla qarşılaşıblar. Belə ki, Bakı sakinlərindən biri onları salamlayıb və erməni dilində suallar verib, İrəvandan olduğunu deyib. Musavat.com sözügedən məqamla bağlı gəzintidə iştirak edən 1news.az" saytının baş redaktoru Kəmalə Məmmədova ilə söhbətləşib:

586639177_25213204288307184_6850023984397536048_n.jpg (182 KB)

-Kəmalə xanım, erməni nümayəndələr Bakının hansı hissələrini gəzdilər?

-Botanika bağına getdilər, İçərişəhərdə, Heydər Əliyev Mərkəzində oldular, Qız qalasına çıxdılar. Daha sonra mərkəzi küçələri, Bakı bulvarını gəzdilər. Bakıda yerləşən erməni kilsəsinə baş çəkdilər. Onlara kilsədə saxlanılan və erməni dilində olan kitablar göstərildi. Onu da qeyd edim ki, ekskursiyanı aparan xanım 80-ci illərdə Ermənistandan Azərbaycana köçüb. O, erməni nümayəndələrə onların öz dillərində məlumatlar verirdi. O, nadir kitabları, arxiv materiallarını, tarixi eksponatları nümayiş etdirdi ki, bu da ermənilər arasında böyük maraq doğurdu.

Çox bəyəndilər şəhərimizi. Dedilər, genişdir, yaşıldır, təmizdir. Dediklərinə görə, videolarda gördüklərindən də gözəldir. Əlbəttə ki, kilsə onlara çox maraqlı oldu. Məncə, bu bütün Ermənistan cəmiyyəti üçün çox gözəl siqnal idi. Kilsə yerindədir, içində erməni dilində 5 minə yaxın kitab qorunub saxlanılır. Onların özü də çox təəccübləndilər.

588267650_25213204564973823_1556584130374003223_n.jpg (355 KB)

-Onlara Azərbaycan mətbəxindən nə təklif olundu? Hansı milli yeməyimizin dadına baxdılar?

- Azərbaycan mətbəxinin zəngin təamlarından daddılar. Şirniyatlarımızın dadına baxdılar.

- Gəzintilər zamanı insanlar erməni nümayəndələri tanıdımı? Yaxınlaşıb nəsə deyirdilərmi?

- Bəli, ən simvolik an şəhərin mərkəzində gəzərkən baş verdi. "Torqovu"nu (Nizami küçəsi) gəzərkən iki kişi - Bakının adi sakinləri skamyada oturmuşdular. Onlar bizim qrupumuzu görəndə görünür, Fərhad Məmmədovu və ya erməni nümayəndələrindən kimisi tanıdılar deyə gülümsədilər və onlardan biri erməni dilində "barev dzez" deyib salamlaşdı. Nümayəndə heyyəti də öz növbəsində gülümsədi, dayandılar və erməni dilində bu ağsaqqalarla bir neçə kəlmə danışdılar. Azərbaycanlı kişi bildirdi ki, İrəvanda anadan olub və orada yaşayıb. Və o anda hiss etdim ki, bir kiçik jest nəhəng divarları necə dağıda bilər. Yeri gəlmişkən, Navasardyan bundan öncə Bakıda bir neçə dəfə olub və tanınmış simadır. Ola bilsin ki, ağsaqqallar onu mediadan tanıyırmışlar.

588303920_25213203638307249_9085417968881543501_n.jpg (220 KB)

Qeyd edək ki, erməni nümayəndə heyətinin üzvü Areg Koçinyan Bakıdakı görüşün əsas məqamları barədə danışarkən bildirib ki, Hikmət Hacıyev Ermənistan cəmiyyətinə ünvanlanmış bir neçə mühüm mesajı xüsusi olaraq çatdırmalarını xahiş edib. Onun sözlərinə görə, Hacıyev ilk olaraq vurğulayıb ki, Azərbaycan üçün müharibə artıq bitib və Bakı Ermənistan-Azərbaycan münaqişəsinin mövcud olmadığını hesab edir. Koçinyanın açıqlamasına görə, Azərbaycan tərəfi uzunmüddətli, hərtərəfli və davamlı sülh münasibətləri qurmaq niyyətindədir və Ermənistan ərazilərinə qarşı heç bir iddianın olmadığını açıq şəkildə bildirib. Ekspert qeyd edib ki, Azərbaycan bölgədə dayanıqlı təhlükəsizlik modelinin məhz “müharibəsiz reallıq” üzərində formalaşmasını istəyir və bu çərçivədə yeni dövrün başlanmasına hazır olduğunu ifadə edib. Koçinyan həmçinin özünün də Ermənistanda “Zəngəzur dəhlizi” terminindən istifadəni qəbuledilən sayan azsaylı ekspertlərdən biri olduğunu xatırladaraq Bakıda aparılan dialoqu real imkan kimi dəyərləndirib.

Xatırladaq ki, Azərbaycan nümayəndə heyəti "Sülh Körpüsü" təşəbbüsü 21-22 oktyabr tarixlərində İrəvana səfər edib. Azərbaycan tərəfini Fərhad Məmmədov (Cənubi Qafqaz Araşdırmaları Mərkəzinin rəhbəri), Rusif Hüseynov (Topçubaşov Mərkəzinin həmtəsisçisi və direktoru), Ramil İskəndərli (Milli QHT Forumu İdarə Heyətinin sədri), Kəmalə Məmmədova ("1news.az" saytının baş redaktoru) və Dilarə Əfəndiyeva (Azərbaycan Qadın Hüquqlarını Müdafiə Cəmiyyətinin “Qadınlar Sülh və Əmin-amanlıq” Mərkəzinin rəhbəri) təmsil ediblər. Erməni tərəfdən müzakirələrdə Areq Koçinyan, Boris Navasardyan, Naira Sultanian, Narek Minasyan və Samvel Meliksetyan iştirak ediblər.

Bizə qoşulun