16-17 mart 2026-cı il tarixdə AMEA-da Azərbaycanın tanınmış hərbi, siyasi və dövlət xadimi, Polşanın görkəmli şərqşünas alimi Sadıq bəy Ağabəyzadənin 160 illik yubileyinə həsr olunmuş “Sadıq bəy Ağabəyzadə – XX əsr Şərqşünaslıq elminin görkəmli nümayəndəsi kimi” mövzusunda beynəlxalq elmi konfrans keçirilir.
Konfransın təşkilatçıları kimi AMEA akademik Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutu, AMEA Rəyasət Heyəti Elmi İrs Mərkəzi, Varşava Universitetinin Asiya və Afrika mədəniyyətləri fakültəsi və həmin fakültənin Azərbaycan Araşdırmaları Mərkəzi çıxış edirlər. 
Sadıq bəy Ağazadənin həyat və fəaliyyətinə və Şərqşünaslıq elminin müasir problemlərinə həsr olunmuş bu konfransa elmi məruzə ilə 13 ölkədən 95 alim qatılıb. 20 xarici tədqiqatçı Polşa, Almaniya, İsveç, Rusiya, Ukrayna, Türkiyə, Gürcüstan, Özbəkistan, Qazaxıstan, Fransa, İraq və Əlcəzairin elmi və təhsil müəssislərini təmsil edir.
Konfrans öz işinə 16 martda, AMEA-nın Mərkəzi Elmi Kitabxanasında Sadıq bəy Ağabəyzadənin həyat və yaradıcılığına həsr olunmuş sərginin nümayişi ilə başlayıb. Sərgidə Polşa Elmlər Akademiyasının arxivi, Krakov Yegillan Universiteti arxivi, Azərbaycan Dövlət Arxivinin, Azərbaycan Dövlət Ədəbiyyat və İncəsənət Arxivinin fondlarında Sadıq bəy Ağabəyzadəyə aid saxlanılan şəkillər və sənədlər nümayiş etdirilir.

Sərginin açılışında Varşava Universitetinin Asiya və Afrika mədəniyyətləri fakültəsinin Azərbaycan Araşdırmaları Mərkəzinin müdiri, filologiya üzrə fəlsəfə doktoru Şəhla Kazımova, AMEA akademik Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunun baş elmi işçisi, tarix elmləri doktoru, professor Solmaz Rüstəmova-Tohidi və Azərbaycanın Ukraynada sabiq fövqəladə və səlahiyyətli səfiri, AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun elmi işlər üzrə direktor müavini, tarix elmləri doktoru Eynulla Mədətli çıxış edərək Sadıq bəy Ağabəyzadənin Azərbaycanın hərbi və dövlət xadimi, həmçinin şərqşünas alim kimi zəngin irsə malik olduğunu və sərginin bu görkəmli xadimin və alimin parlaq bioqrafiyasını dolğun əks etdirdiyini bildiriblər. Qeyd edilib ki, AMEA Rəyasət Heyəti aparatının Elmi İrs Mərkəzi Sadıq bəy Ağazadəyə dair Azərbaycan və Polşa arxivlərində qorunan bütün sənədlərin surətlərini bir mərkəzdə toplayaraq bu dövlət və elm xadiminin vahid fondunu yaradıb.
Beynəlxalq konfrans Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.
Tədbiri giriş sözü ilə AMEA-nın prezidenti akademik İsa Həbibbəyli açaraq tanınmış şərqşünas alim və ictimai-siyasi xadim Sadıq bəy Ağabəyzadənin Azərbaycanın istiqlal tarixində mühüm yer tutan görkəmli şəxsiyyətlərdən biri olduğunu diqqətə çatdırıb. Bildirib ki, Azərbaycan torpağının yetişdirdiyi bu böyük şəxsiyyətin xatirəsi xalqımız üçün hər zaman əzizdir.
AMEA rəhbəri qeyd edib ki, Sadıq bəy Ağabəyzadənin ömür yolu Rusiya, Ukrayna, Türkiyə, Türkmənistan və Polşa kimi ölkələrlə bağlı olub. Harada yaşamasından və hansı vəzifədə çalışmasından asılı olmayaraq, o, hər zaman öz milli-mənəvi dəyərlərinə sadiq qalıb, vətənpərvərlik ruhunu qoruyaraq Azərbaycançılıq ideologiyasına sədaqətlə xidmət edib.
Sadıq bəy Ağabəyzadənin çoxşaxəli fəaliyyətində hərbi xidmətin mühüm yer tutduğunu söyləyən akademik İsa Həbibbəyli vurğulayıb ki, Sadıq bəyin İkinci Dünya Müharibəsinin iştirakçısı olması onun yalnız elm və siyasət sahəsində deyil, eyni zamanda Vətən qarşısında silahlı xidmət missiyasını da ləyaqətlə yerinə yetirdiyini göstərir və bu xidmətlər Azərbaycan hərb tarixində dəyərli bir səhifə kimi qalmaqdadır.
“Sadıq bəy Ağabəyzadənin tarixi xidmətlərinin zirvəsində isə Azərbaycan Xalq Cümhuriyyəti (AXC) dövründə müstəqil dövlət quruculuğu prosesində fəal iştirakı dayanır. O, AXC-nin daxili işlər nazirinin müavini kimi Şərqdə ilk demokratik respublikanın institusional əsaslarının möhkəmləndirilməsi, dövlətçilik ənənələrinin formalaşdırılması, milli idealların qorunması və inkişaf etdirilməsi kimi taleyüklü vəzifələri böyük məsuliyyət və prinsipiallıqla həyata keçirmişdir. Sadıq bəy Ağabəyzadənin bu istiqamətdə yorulmaz fəaliyyəti onun şəxsiyyətində vətənpərvər dövlət xadimi ilə yüksək intellektual düşüncəyə malik ziyalının nadir vəhdətini aydın şəkildə nümayiş etdirir”, - deyə akademik İsa Həbibbəyli əlavə edib.

AMEA prezidenti bildirib ki, Sadıq bəy Ağabəyzadənin həyat və fəaliyyətində elm amili aparıcı və müəyyənedici yer tutub. Alimin Türkmənistanda çalışdığı dövrdə yerli xalqların folklorunu, epik irsini və dil xüsusiyyətlərini dərindən araşdırması, xüsusilə də “Türküstan ləhcələri” adlı fundamental elmi əsəri şərqşünaslıq elminə mühüm töhfə kimi qiymətləndirilməlidir. Onun sözlərinə görə, bu tədqiqat Sadıq bəy Ağabəyzadəni beynəlxalq elmi mühitdə tanıdıb, möhkəm elmi-metodoloji əsaslara söykənən və real faktları əks etdirən sanballı bir əsər kimi şərqşünaslıq elmi tarixində yeni mərhələ açıb.
Akademik İsa Həbibbəyli vurğulayıb ki, Sadıq bəy Ağabəyzadənin elmi fəaliyyətinin mühüm istiqamətlərindən biri də alimin Polşa ilə bağlı fəaliyyəti olmuşdur. Bu ölkədə yaşadığı və çalışdığı illərdə elmi axtarışlarını ardıcıl şəkildə davam etdirən alim polyak şərqşünaslıq məktəbinin inkişafında əvəzsiz rol oynamışdır.
AMEA rəhbəri xatırladıb ki, Avropada şərqşünaslığın ən güclü və sistemli elmi mərkəzlərindən biri məhz Polşada formalaşıb və Sadıq bəy Ağabəyzadə XX əsrin əvvəllərində bu məktəbin elmi istiqamətlərinin genişlənməsində, yeni tədqiqat mərhələsinin yaranmasında aparıcı simalardan biri kimi tanınır. Onun adı bu gün də polyak elmi ictimaiyyətində böyük hörmət və ehtiramla çəkilir, elmi irsi isə Azərbaycan elmi düşüncəsi ilə Avropa şərqşünaslıq ənənələri arasında mühüm körpü rolunu oynayır.

AMEA-nın elmi müəssisələrində Sadıq bəy Ağabəyzadənin zəngin irsi ilə bağlı aparılan tədqiqatlardan bəhs edən akademik İsa Həbibbəyli bu kimi şəxsiyyətlərin elmi və ictimai irsinin sistemli şəkildə öyrənilməsinin və təbliğinin vacibliyini vurğulayıb. Bildirib ki, Sadıq bəy Ağabəyzadənin irsi Azərbaycanda hələ də yetərincə tanınmır və onun fəaliyyəti ilə bağlı dərin elmi araşdırmalara ciddi ehtiyac duyulur.
O, Sadıq bəy Ağabəyzadənin arxiv sənədlərinin artıq bir neçə ildir Azərbaycan arxivlərində saxlanıldığını, Azərbaycan alimlərinin bu görkəmli şəxsiyyətlə bağlı Polşada araşdırmalar apardıqlarını, təqdimatlar və elmi tədbirlər keçirdiklərini diqqətə çatdırıb. Qeyd edib ki, buna baxmayaraq, geniş ictimaiyyət və elmi mühit bu böyük şəxsiyyət haqqında hələ də dolğun və sistemli məlumata malik deyil.
Akademik İsa Həbibbəyli beynəlxalq tədbirin bir neçə cəhətdən xüsusi əhəmiyyət daşıdığına diqqət çəkərək, Sadıq bəy Ağabəyzadənin zəngin elmi, ictimai və siyasi irsinin ilk dəfə olaraq geniş ictimaiyyətə bütöv və sistemli şəkildə təqdim olunduğunu vurğulayıb. O, konfransın Azərbaycan-Polşa elmi-mədəni əlaqələrinin inkişafında yeni və perspektivli bir mərhələnin əsasını qoyduğunu söyləyib.
AMEA prezidenti çıxışının sonunda qeyd edib ki, bugünkü tədbir yalnız xatirə xarakteri daşımır, həm də Sadıq bəy Ağabəyzadənin irsinin dərindən, kompleks və elmi əsaslarla tədqiqi üçün möhkəm zəmin yaradır.
“Bu istiqamətdə aparılacaq sistemli araşdırmalar görkəmli alimin irsinin milli elmi düşüncədə layiqli yer tutmasına, eyni zamanda beynəlxalq elmi ictimaiyyətə daha dolğun və obyektiv şəkildə təqdim olunmasına xidmət edəcək”, – deyə akademik İsa Həbibbəyli fikrini tamamlayıb.
AMEA-nın vitse-prezidenti vəzifəsini icra edən, akademik Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunun direktoru, akademik Gövhər Baxşəliyeva Sadıq bəy Ağabəyzadənin zəngin həyat yolu və çoxşaxəli fəaliyyətindən bəhs edib. Akademik qeyd edib ki, 1865-ci ildə Göyçayda doğulan Sadıq bəy Ağabəyzadə çar Rusiyası dövründə general-mayor rütbəsinədək yüksəlmiş, Azərbaycan Xalq Cümhuriyyəti dövründə daxili işlər nazirinin müavini vəzifəsində çalışmış, eyni zamanda Azərbaycan polisinin qurucularından biri kimi tanınmış, həmçinin görkəmli şərqşünas alim kimi ərəb, fars və türk dilləri üzrə mütəxəssis olmuş, Polşada şərqşünaslıq elminin inkişafına mühüm töhfələr vermişdir.
Sadıq bəy Ağabəyzadənin 1927-ci ildən Lvov Universitetində fəaliyyət göstərərək türk, fars və ərəb dillərini, eləcə də islamşünaslıq və digər şərqşünaslıq fənlərini tədris etdiyini deyən akademik G.Baxşəliyeva onun hazırladığı dərsliklər barədə məlumat verib.
Akademik Gövhər Baxşəliyeva qeyd edib ki, konfransda Sadıq bəy Ağabəyzadənin həyat yolu və elmi irsinə həsr olunmuş maraqlı məruzələr təqdim olunacaq, onların bir qismi arxiv sənədləri və alimin şəxsi məktubları əsasında hazırlanıb.

Varşava Universitetinin Asiya və Afrika mədəniyyətləri fakültəsinin dekanı, professor Aqata Bereja Starjinska Konfransa təbrik nitqindən sonra “Elmi ənənələrin varisliyi – Sadiq bəy Ağabəyzadə, Vladislav Kotviç və Marian Levitski” mövzusunda məruzə edib. Məruzəçi Sadiq bəy Ağabəyzadə, Vladislav Kotviç və Marian Levitski arasında elmi varislik və onların formalaşdırdıqları şərqşünaslıq ənənələri haqqında məlumat verib.

Məruzədə elmdə biliklərin müəllimdən şagirdə ötürülməsi prinsipi əsasında alimlərin elmi nəsil xətti və bu ənənənin inkişafı izah olunub. Eyni zamanda Kotviçin elmi fəaliyyəti, onun tədqiqat sahələri və tələbələri ilə bağlı faktlar, həmçinin müxtəlif arxiv materialları və fotoşəkillər təqdim edilib. Təqdimatda Sadiq bəy Ağabəyzadəyə aid sənədlər, məktublar və fotoşəkillər də xüsusi yer tutub.
Azərbaycanın Bosniya və Herseqovinada fövqəladə və səlahiyyətli səfiri, filologiya elmləri doktoru Vilayət Quliyev “Sadıq bəy Ağabəyzadənin sahibsiz məzarı” adlı video-çıxışında Sadıq bəyin Lvovdakı sahibsiz məzarının aşkar edilməsi və təmiri ilə bağlı məlumatları bölüşüb. O, çıxışında uzun illər baxımsız qalmış məzarın aşkar edilməsi tarixindən və aparılan araşdırmalardan bəhs edib. Bildirilib ki, sonradan bu məzarın bərpası və abadlaşdırılması istiqamətində müvafiq işlər görülüb. Vilayət Quliyev Sadıq bəy Ağabəyzadənin xatirəsinin yaşadılması və onun irsinin tanıdılmasının əhəmiyyətini xüsusi vurğulayıb. Məruzədə həmçinin alim və dövlət xadiminin xatirəsinə göstərilən diqqətin tarixi ədalətin bərpası baxımından mühüm olduğu qeyd edilib.

Özünün azərbaycanşünaslıq sahəsində əsərləri ilə tanınan Berlin Humboldt Universitetinin professoru Yeva-Mariya Aux “Azərbaycan tarixinin öyrənilməsi Almaniya şərqşünaslığının bir hissəsi kimi” mövzusunda məruzə edib. Məruzədə Almaniyada Azərbaycanşünaslığın formalaşması və onun şərqşünaslıq və Şərqi Avropa tədqiqatları çərçivəsində inkişaf mərhələləri haqqında məlumat verilib. Professor qeyd edib ki, Azərbaycan və Qafqaz haqqında ilk məlumatlar əsasən Avropa səyyahlarının səyahət qeydləri və elmi ekspedisiyaları vasitəsilə yayılıb. XIX əsrdə ümumi şərqşünaslıqdan ayrılaraq ərəbşünaslıq, iranşünaslıq, türkologiya və islamşünaslıq kimi elmi istiqamətlər formalaşıb. XX əsrdə bu sahə institutlaşsa da, müəyyən dövrlərdə siyasi məqsədlər üçün istifadə olunub. 1991-ci ildən sonra isə postsosialist ölkələrdə transformasiya proseslərinin öyrənilməsi və beynəlxalq əməkdaşlıq Azərbaycanşünaslıq tədqiqatlarının əsas istiqamətlərindən birinə çevrilib. Məruzədə həmçinin müasir dövrdə tədqiqatlarda regiona daha geniş və müstəqil yanaşmanın, xüsusilə Qafqaz və Mərkəzi Asiya ölkələrinin regional və beynəlxalq əlaqələrinin daha çox nəzərə alınmasının vacibliyi vurğulanıb.

AMEA akademik Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunun baş elmi işçisi, tarix elmləri doktoru, professor Solmaz Rüstəmova-Tohidi “Məktublarda yaşanan həyat səhifələri. Əli bəy Hüseynzadəyə ünvanlanmış məktublar əsasında. 1921–1939-cu illər” mövzularında məruzələr edib. Məruzədə Məhəmməd Sadıq bəy Ağabəyzadənin 1921–1939-cu illərdə Əli bəy Hüseynzadəyə yazdığı məktublar əsasında onun mühacirət həyatının müxtəlif mərhələləri işıqlandırılıb. Məktublarda Sadıq bəyin İstanbul, Paris və Nitsada yaşadığı dövr, bu şəhərlər haqqında təəssüratları və qarşılaşdığı insanlar barədə məlumatlar əks olunub. O, həmçinin Bakının vəziyyəti, qohumlarının taleyi və Azərbaycan mühacirlərinin durumu ilə bağlı narahatlığını ifadə edir, vətən həsrətini və işsizlikdən doğan çətinlikləri dilə gətirir. Məktublarda Türkiyə ilə bağlı hadisələrə münasibəti, xüsusilə türk ordusunun qələbəsi və Lozanna Konfransına sevinc hissi də öz əksini tapıb. Eyni zamanda Sadıq bəyin elmi fəaliyyətə marağı, təhsilini davam etdirməsi, iş axtarışı və sonradan Lvov Universitetinə dəvət olunaraq Polşaya köçməsi haqqında məlumat verilib. Məruzədə bu məktubların Sadıq bəyin həyat yolunu, düşüncələrini və dövrün siyasi-ictimai vəziyyətini əks etdirən mühüm tarixi mənbə olduğu vurğulanıb.

Konfrans öz işini panel iclaslarında davam etdirib. “Şərqşünaslıq – siyasi və elmi fəaliyyət sahəsi kimi: görkəmli şərqşünas alimlər və xadimlər”, “Sadiq bəy Ağabəyzadə siyasi-hərbi xadim və şərqşünas alim kimi”, “Orientalizm və oksidentalizm şərqşünaslığın aktual problemləri siyasi problemlər kontekstində: Şərq və Qərb”, “Şərq dilləri və ədəbiyyatı”, “Din və fəlsəfə”, “Türkologiya. I Türkoloji Qurultay” və “Şərqşünaslıq elminin obyekti – Şərq xalqlarının tarixi, siyasi, ictimai və mədəni həyatı. Mənbəşünaslıq” panellərində şərqşünaslıq elminin müxtəlif istiqamətlərini əhatə edən aktual mövzular üzrə dəyərli və məzmunlu məruzələr səsləndirilib, maraqlı elmi müzakirələr aparılıb.
Konfransın işinə martın 17-də yekun vurulacaq.