ABŞ bildirib ki, Türkiyə "F-35" qırıcı təyyarələrinin istehsalı və tədarükü proqramına qayıtmaq istəyirsə, artıq Rusiyanın "S-400" hava hücumundan müdafiə sistemini ərazisində saxlamamalıdır. “Bloomberg”in məlumatına görə, bunu ABŞ-nin Türkiyədəki səfiri Tom Barrak bildirib.
Onun sözlərinə görə, ABŞ və Türkiyə təxminən on il əvvəl Ankaranın əldə etdiyi Rusiya raketləri və "F-35" proqramına yenidən qoşulmaq istəyi ilə bağlı danışıqlar aparırlar. Qeyd olunur ki, ABŞ Prezidenti Donald Tramp bu məsələni sentyabr ayında Ağ Evdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla müzakirə edib.
Buna baxmayaraq, səfirin Vaşinqtonun Türkiyənin Rusiya raket sistemindən imtina etməsi ilə bağlı israrını və digər NATO üzvləri tərəfindən dəstəkləndiyini vurğulayıb.
“ABŞ qanunvericiliyində nəzərdə tutulduğu kimi, Türkiyə "F-35" proqramına qayıtmaq üçün artıq "S-400" sistemini işlətməməli və ya ona sahib olmamalıdır”, - deyə Barrak bildirib.
Türkiyənin "S-400"dən imtinası, ilk baxışda, Vaşinqtonun şərtlərini yumşaltmaq və "F-35" proqramına qayıdışı sürətləndirmək üçün rasional addım kimi görünə bilər. Lakin Ankara üçün bu məsələ, sadəcə, texniki hərbi sistem seçimi deyil, strateji müttəfiqlər arasında özünün “müstəqil oyunçu” statusunu qorumaq mübarizəsidir.
Ümumiyyətlə, "S-400"lər təkcə silah sistemi deyil. Onlar Türkiyənin 2016-cı il çevriliş cəhdindən sonra Qərbə olan etimad krizisinin simvoluna çevrilib. Ankara geri addım atarsa, bu, həm daxili siyasətdə “strateji məğlubiyyət”, həm də Qərbin diktəsinə tabe olmaq kimi görünə bilər. Hakimiyyət belə imic itkisinə getmək istəmir.
Belə məqamda, məsələn, Türkiyə "S-400"ləri aktivləşdirmədən saxlaya, onları üçüncü ölkəyə ötürmək, yaxud ABŞ-nin nəzarəti altında “tətbiq olunmayan inventar” statusuna salmaq kimi mexanizmlər təklif edə bilər. Bu, imtina deyil, “şərti dondurma” ola bilər.
Mümkün ssenarilərdən biri Türkiyənin hava hücumundan müdafiə sisteminin dost və müttəfiq Azərbaycana verilməsi ola bilər. Bəs belə bir anlaşma mümkündürmü? Rusiya buna razılıq verərmi? Azərbaycanın özünün necə, “S-400"lərə nə dərəcədə ehtiyacı var? Onlar "Dəmir günbəz" kimi etibarlı və effektlidirmi?

Rövşən Məhərrəmov
Hərbi ekspert, polkovnik Rövşən Məhərrəmov “Yeni Müsavat”a bildirdi ki, hazırda Türkiyənin "S-400" sistemlərini Azərbaycana verməsi real görünmür, amma istisna da deyil, müəyyən şərtlər daxilində mümkün ola bilər: ""S-400" Rusiya istehsalıdır və Türkiyə bu sistemi üçüncü ölkəyə ötürmək istəyərsə, Moskvanın razılığı tələb oluna bilər. Rusiya belə bir transferin regiondakı balansı dəyişdirəcəyini bildiyi üçün buna müsbət yanaşmaya bilər.
Bilirsiniz ki, ABŞ və NATO "S-400"lərin Türkiyəyə gətirilməsinə görə artıq sanksiya tətbiq edib. İndi də şərt irəli sürür ki, sanksiya "S-400"lərdən imtina edilərsə aradan qaldırıla bilər.
Azərbaycan-Türkiyə strateji-hərbi müttəfiqliyi çox güclüdür. Türkiyənin Azərbaycanın hava hücumundan müdafiə imkanlarını daha da genişləndirməsi "S-400"lərsiz də mümkündür. Türkiyə istehsalı olan yeni sistemləri Azərbaycana verməklə bunu edə bilərlər.
Bir sözlə, Türkiyənin "S-400"ləri Azərbaycana verməsi hüquqi, siyasi və geosiyasi səbəblərdən çətin görünür. Ankara bunu edə bilər, amma Rusiya razı olmalıdır, ABŞ reaksiyası nəzərə alınmalıdır".
Ekspert qeyd etdi ki, Türkiyə əldə etdiyi "S-400"lərini tam aktiv istifadə etmir və onları üçüncü ölkəyə vermək istəmir. Ona görə də əvəzində Türkiyənin müasir yerli sistemləri olan Siper və Hisarı Azərbaycanın əldə etməsi daha realdır: “Düzdür, Azərbaycanın "S-400" kimi strateji hava hücumundan müdafiə sisteminə ehtiyacı mövcuddur, amma bu ehtiyac nisbi və şərti xarakter daşıyır. Yəni Azərbaycan mütləq şəkildə sadəcə "S-400" almağa məcbur deyil. Alternativlər və mövcud müdafiə arxitekturası ehtiyacın səviyyəsini dəyişir.
Regionda müxtəlif ölkələrdə 100-300 km məsafədə vura bilən raketlər var. S-400 isə ballistik hədəfləri 60 km hündürlükdə məhv edə bilir. Bu baxımdan Azərbaycanın yüksək hündürlüklü və uzaqmənzilli HHM-ə ehtiyacı realdır. Azərbaycanın HHM-i Cənubi Qafqazın ən güclülərindən biridir. S-300PMU2 Favorit-200 km-ə qədər, yüksək hündürlükdə müdafiə, İsrail istehsalı olan Barak-8 orta və uzaq mənzilli HHM sistemi, Iron Dome komponentləri olan raket və PUA əleyhinə sistem, Spyder sürətli reaksiya sistemi, Bukat, Tor-M2, Osa-AKM, Mobil EW və dron əleyhinə sistemləri qeyd etmək olar. Bu sistemlərin bəziləri Zəfərin 5-ci ildönümü münasibətilə keçirilən hərbi paradda nümayiş olundu".