Rusiya mediasında Azərbaycan yenidən hədəf alınıb. Bu dəfə ölkəmiz Rusiya prezidenti Vladimir Putinin Novqorod vilayətindəki iuqamətgahına Ukraynanın dron hücumları haqda iddialar səbəbindən hədəf olub.
Medianews.az xəbər verir ki, “Svobodnaya pressa” yazır ki, dekabrın 29-da Putinin iqamətgahına PUA hücumundan sonra Belarus, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Türkmənistan Kremlə dəstək ifadə ediblər.
Nəşr yazır ki, MDB-nin üzvü olan Moldova, Ermənistan və Azərbaycan isə hücumla bağlı susub.
Politoloq Aslan Rubayev iddia edib ki, guya Azərbaycanın Türkiyə, ABŞ, İngiltərə və İsrail qarşısında öhdəlikləri var. Bu da Rusiya-Azərbaycan münasibətlərinə heç də həmişə sərfəli olmayan siyasətə məcbur edir. “Bakı rus jurnalistləri saxlayır və Kiyev rejiminə yardım edir. Ona görə də iki ölkə arasındakı münasibətlər bizim tərəfimizdən diqqətlə nəzərdən keçirilməsini tələb edir və Azərbaycan iddialı ritorikasına yenidən baxmalıdır” deyə, politoloq bildirib.

Bildirilir ki, Rusiya ilə postsovet ölkələri arasında münasibətlərin strategiyası Ukraynadakı xüsusi əməliyyatın nəticəsindən asılı olacaq. “Paşinyan hakimiyyəti dövründə Ermənistanın tutduğu mövqe çox qəribə görünür. Hələ ehtiyacları olduğu üçün Avrasiya İqtisadi İttifaqında iştirak edəcək. KTMT ilə bağlı hələ tam qərar verilməyib, lakin İrəvanın bu bloka ehtiyacının olmadığı açıq şəkildə bəyan edilib. Paşinyan kollektiv Qərbin təhlükəsizlik qüvvələri ilə məsləhətləşmələr aparır”.
MDB-nin üzvü olmayan Gürcüstana gəlincə, Rubayevin fikrincə, Tiflislə münasibətlər İrəvan və Bakıdan heç də pis deyil: “Orada hakimiyyətdə Kobaxidze və İvanişvilinin rəhbərlik etdiyi “Gürcü Arzusu”dur. Lordkipanidzenin rəhbərlik etdiyi Primakov adına Rus-Gürcü Mərkəzi var. Aydındır ki, Rusiya ilə əməkdaşlığı müdafiə edən çoxlu sayda rəy liderləri meydana çıxıb. Gürcüstan təmkinli mövqe tutub, rasional siyasət aparır və bəhrəsini görür. Qarşılıqlı investisiyaların artdığı aydın görünür. Artıq birbaşa uçuşları var, turizm inkişaf edir. Mədəni mübadilə yüksək səviyyədədir. 2026-da irəliyə addım üçün ümid var”.
Politoloq Rusiyanın Mərkəzi Asiya ölkələri ilə siyasəti haqda da danışıb: “Qazaxıstanın NATO standartlarına keçidi nikbinlik yaratmır. Rus dilinə hücumlar var, rusdilli məktəblərin sayı azalır. Asiya ölkələrinin tarix dərslikləri dəhşətdir, Rusiyanı işğalçı adlandırırlar. Bu isə bir gün orada hakimiyyətə gələcək gənclərə təsir edir. Tokayev və ya Rəhmon kimi liderlər keçmişi təmsil edirlər. Onlar öz xalqlarına yeni nəsə verə bilməzlər. Rusiya yumşaq güc vasitəsilə bu ölkələrlə daha çox işləməli, zərərli təsirləri aradan qaldırmalı və yerli hakimiyyət orqanlarından da bunu tələb etməlidir”.