Rusiya İstintaq Komitəsinin sədri Aleksandr Bastrıkinin Bakıya göndərdiyi məktubda AZAL təyyarəsi ilə bağlı cinayət işinə xitam verildiyini açıqladıqdan sonra Moskvadan müəmmalı susqunluq davam edir.
Musavat.com xəbər verir ki, Rusiyanın Bakıdakı səfirliyinə ünvanlanan suallar hələ də cavabsız qalıb.
Qeyd edək ki, Azərbaycan Milli QHT Forumu da Rusiya səfiri Mixail Yevdokimova etiraz məktubu ünvanlayıb. Məktubda bildirilir ki, Azərbaycan ictimaiyyəti AZAL təyyarəsi ilə bağlı Rusiyanın istintaq orqanlarının günahkarları müəyyən edərək onlara ən ağır cəza kəsməsini gözlədiyi bir vaxtda A.Bastrıkinin bu cinayət işinə xitam verildiyini elan etməsi anlaşılmaz və qəbuledilməzdir. “Bütün fotofakt və videosübutları heçə sayaraq təyyarənin guya əlverişsiz hava şəraiti səbəbindən Qroznıya eniş edə bilmədiyini iddia etmək hadisədə ölən və yaralanan günahsız insanların qanını batırmaq, onlara atəş açanları alqışlamaq deməkdir. Azərbaycan ictimaiyyəti bunu dərin hiddətlə qarşılayır və rədd edir” deyə, etiraz məktubunda bildirilir.

Bu arada minval.az AZAL reysi ilə bağlı keçirilmiş qapalı “xüsusi müşavirə” ilə bağlı senasion məlumat yayıb. Məlumata görə, 2025-ci il sentyabrın 2-də Rusiya Hava-Kosmik Qüvvələrinin baş komandanının rəhbərliyi ilə AZAL təyyarəsinin vurulması ilə bağlı formal xarakterli “xüsusi müşavirə” keçirilib. Həmin toplantıda AZAL təyyarəsinin vurulması əmrini verən general-mayor Aleksandr Tolopilo da iştirak edib. Saytın məlumatına əsasən, Tolopilo ilə bağlı bütün xidməti araşdırmalar artıq dayandırılıb. Bu isə Rusiyada AZAL təyyarəsinin qəzası ilə bağlı cinayət işinin faktiki olaraq ört-basdır edildiyini göstərir.

Musavat.com xəbər verir ki, sözügedən cinayət işi ilə bağlı Rusiya İstintaq Komitəsinin rəsmi saytında da heç bir məlumat yoxdur. İstintaq Komitəsinin “Rezonanslı cinayət işləri” bölməsində də bu cinayət işinin materialları, müstəntiqlərin “araşdırması” və nəhayət, məlum yekun yerləşdirilməyib. Belə nəticə çıxarmaq olar ki, Rusiya ərazisində və öz vətəndaşlarının da həlak olduğu, iki ölkə arasında isə hələ də davam edən gərginliyə səbəb olmuş təyyarə qəzasını Bastrıkinin rəhbərlik etdiyi komitə “rezonanslı” hesab etmir. Amma daha dəqiqi “hava şəraiti” adı altında günahsız insanların batırılan qanını bu cür gizlətmək istəyirlər.