Medianews.az
“Rədd olun Bakıya...” deyənlərin
94 baxış

“Rədd olun Bakıya...” deyənlərin məhkəməsi oldu

Sankt-Peterburqda keçmiş Ümumittifaq Sellüloza və Kağız Sənayesi Elmi Tədqiqat İnstitutunun binasının sökülməsi gözlənilmədən miqrantlara, xüsusilə də azərbaycanlılara qarşı nifrət aksiyasına çevriliməsi barədə məlumat vermişdik.

Питер не Баку

Musavat.com xatırladır ki, sözügedən bina 1955-1957-ci illər arasında memarlar Juravlev və Filippova tərəfindən layihələndirilib.

Yanvarın 8-də Sankt-Peterburqda tikinti işləri ilə bağlı narazılıqlar fonunda yerli sakinlər və miqrantlar arasında toqquşmalar baş verib. Münaqişə zamanı aqressiv və ksenofob şüarlar səsləndirilib, o cümlədən “Sankt-Peterburq Bakı deyil, şəhərdən rədd olun” şüarları səsləndirilib. Rusiya Daxili İşlər Nazirliyinin Sankt-Peterburq və Leninqrad vilayəti üzrə Baş İdarəsinin məlumatına görə, 14 etirazçı saxlanılıb. Sankt-Peterburq İstintaq Komitəsi bəyan edib ki, binanın sökülməsinin qanunidir və tikinti şirkətinin 2027-ci ilin sonuna qədər qüvvədə olan çoxmərtəbəli bina tikmək üçün icazəsi var.

Sankt-Peterburqun Vıborq Rayon Məhkəməsi yanvarın 10-da aksiyada saxlanılan 14 nəfər barədə inzibati həbs və cərimə cəzaları verib.

Aksiya iştirakçılarının hamısı ictimai qaydanın pozulması ilə müşayiət olunan kütləvi və eyni vaxtda ictimai məkanda olmanın təşkilində təqsirli biliniblər (İnzibati Xətalar Məcəlləsinin 20.2.2-ci maddəsinin 1-ci hissəsi). Məhkəmənin iddiasına görə, yanvarın 8-də vətəndaşlar “sökülməsi nəzərdə tutulan binada xüsusi texnikanın hərəkətinə mane olublar, hasarı sındırıblar və onun hissələrini yolun hərəkət hissəsinə atıblar”.

Aksiyanın dörd iştirakçısına 15 min rubl məbləğində cərimə kəsilib, qalanları isə 6 sutkayadək inzibati həbs cəzası alıblar. Məlumatda qeyd olunur ki, “tədbirin bir çox iştirakçıları tərtib olunmuş protokollarla razılaşıb, bəziləri isə hətta peşman olduqlarını bildiriblər”.
Saxlanılanlardan Anton Qluxov barəsində isə Cinayət Məcəlləsinin 213-cü maddəsi (“Xuliqanlıq”) ilə cinayət işi başlanıb. O, mühafizəçinin üzünə bibər qazı sıxmaqda ittiham olunur. İstintaq müddətində onun barəsində ev dustaqlığı qətimkan tədbiri seçilib.

Musavat.com ehtimal edirdi ki, etirazlarda Bakının adının hallanmasının başqa bir səbəbi də ola bilər. Belə ki, Sankt-Peterburqun qubernatoru Aleksandr Beqlov bakılıdır. Azərbaycanda bir neçə dəfə səfərdə olmuş Beqlov 1956-cı il mayın 19-da Bakıda doğulub.

Aleksandr Beqlov 2019-cu ildən qubernatordur. Sankt-Peterburq qubernatoru indiyədək şəhərə rəhbərlik edənlər sırasında ən çox tənqid edilən məmurdur. Hətta Beqlovun istefası ilə bağlı petisiyada 1,3 milyondan çox sakin səs vermişdi. Amma buna baxmayaraq, 2024-cü il seçkisində də yenidən 5 il müddətinə qubernator seçilib.

Bizə qoşulun