Medianews.az
Ramiz Mehdiyevlə Əli Kərimli və başqaları üzləşdirilə bilərmi? -
970 baxış

Ramiz Mehdiyevlə Əli Kərimli və başqaları üzləşdirilə bilərmi? - AÇIQLAMA

Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyev barəsində başlanan cinayət işinin istintaqı çərçivəsində indiyədək üç nəfər həbs olunub: AXCP sədri Əli Kərimli, onun müşaviri Məmməd İbrahim, “Hürriyyət” qəzetinin, Hurriyyet.az saytının və “Hurriyyet TV”nin baş redaktoru Vüqar Məmmədov (Tofiqoğlu).

Cinayət Məcəlləsinin 278.1, 274 və 193-1.3.2-ci maddələri ilə təqsirləndirilən Ramiz Mehdiyev ev dustaqlığındadır. Əli Kərimli, Məmməd İbrahim, Vüqar Məmmədov barəsində həbs qətimkan tədbiri seçilib. Onların həbs müddəti Ramiz Mehdiyev barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri ilə eyni gündə - 2026-cı il fevralın 13-də başa çatacaq.

Əli Kərimli və Məmməd İbrahim Cinayət Məcəlləsinin 278.1-ci, Vüqar Məmmədov 182.2.4-cü maddəsi ilə təqsirləndirilir.

İstintaqı Dövlət Təhlükəsizliyi Xidməti (DTX) aparır. Həbs edilənlər DTX-nin istintaq təcridxanasında saxlanılırlar.

İstintaqın gedişində Ramiz Mehdiyevlə onun işi üzrə tutulan şəxslərin, yəni indiki halda Əli Kərimli, Məmməd İbrahim və Vüqar Məmmədovun üzləşdirilməsi labüddürmü? Yoxsa onlar üzləşdirilməyə də bilərlər? Qanunvericilik bu barədə nə deyir?

Medianews.az-ın sualını cavablandıran hüquqşünas Əkrəm Həsənov bildirib ki, bir qayda olaraq belə ittihamlar üzrə istintaqın gedişində üzləşdirmə labüd olur: “Təqsirləndirilən şəxslərin istintaqa verdikləri ifadələrdə əhəmiyyətli ziddiyyətlər olduqda üzləşdirmə aparılır. Üzləşdirmə həm müstəntiqin, həm də təqsirləndirilən şəxslərin və ya onların vəkillərinin vəsatəti ilə aparıla bilər. Hazırda biz bilmirik Ramiz Mehdiyev və digər şəxslər istintaqa hansı ifadələri verirlər. Onların ifadələri arasında əhəmiyyətli ziddiyyətlər var, ya yox, bizə bəlli deyil. Misal üçün, Ramiz Mehdiyev deyibsə ki, filankəsə pul vermişəm, filankəs isə ifadəsində bildiribsə ki, yox, Ramiz Mehdiyevdən pul almamışam, bu halda üzləşdirmənin aparılması zərurətə çevrilə bilər. Amma hər ikisi yox deyibsə, onda üzləşdirməyə ehtiyac qalmır. Hər iki tərəf eyni şeyi deyirsə, nəyi üzləşdirəcəklər?..”

Prosedur qaydalarına əsasən, üzləşdirmənin əvvəlində aralarında üzləşdirmə aparılan şəxslərin bir-birini tanıması və onların münasibətləri dəqiqləşdirilir. Şahidlər və zərərçəkmiş şəxslər ifadə verməkdən imtinaya, ifadə verməkdən boyun qaçırmağa və bilə-bilə yalan ifadə verməyə görə cinayət məsuliyyəti haqqında, habelə özünün və yaxın qohumlarının əleyhinə ifadə verməmək hüququ barədə xəbərdar olunurlar.

Üzləşdirməyə çağırılmış şəxslərə aydınlaşdırılması üçün üzləşdirmənin aparıldığı işin halları üzrə növbə ilə ifadə vermək təklif olunur. Bundan sonra müstəntiq suallar verir. Üzləşdirməyə dəvət olunmuş şəxslər müstəntiqin icazəsi ilə bir-birinə suallar verməklə dindirilmədə iştirak edə bilirlər.

Üzləşdirmə iştirakçılarının əvvəlki dindirmələrdə verdikləri ifadələrin səsləndirilməsinə onların üzləşdirmə zamanı ifadə verməsindən və həmin ifadələrin protokola daxil edilməsindən sonra icazə verilir.

Müstəntiq üzləşdirməni audio/video vasitələrlə qeydə almaq hüququna malikdir.

Cinayət Məcəlləsinin 278.1-ci maddəsi Azərbaycan Konstitusiyasına zidd olaraq hakimiyyətin zorla ələ keçirilməsinə, yaxud hakimiyyətin zorla saxlanılmasına, habelə dövlətin konstitusiya quruluşunun zorla dəyişdirilməsinə yönələn hərəkətlər haqqındadır. Bu əməllər 12 ildən 20 ilədək müddətə və ya ömürlük azadlıqdan məhrumetmə ilə cəzalandırılır. 

274-cü maddə dövlətə xəyanət haqqındadır. Dövlətə xəyanət, yəni Azərbaycanın suverenliyi, ərazi toxunulmazlığı, dövlət təhlükəsizliyi və ya müdafiə qabiliyyəti zərərinə olaraq Azərbaycan Respublikasının vətəndaşı tərəfindən qəsdən törədilən əməl: düşmən tərəfinə keçmə, casusluq, dövlət sirrini xarici dövlətə vermə, Azərbaycan Respublikasına qarşı düşmənçilik fəaliyyəti aparmaqda xarici dövlətə, təşkilata və ya onların nümayəndələrinə kömək etmə - 12 ildən 20 ilədək müddətə azadlıqdan məhrumetmə və ya ömürlük azadlıqdan məhrumetmə ilə cəzalandırılır.

193-1-ci maddə cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma haqqındadır. Bu maddənin 3.2-ci bəndinə, yəni 193-1.3.2-ci maddəyə əsasən, eyni əməli xeyli miqdarda (“xeyli miqdar” dedikdə 50 min manatdan artıq olan məbləğ başa düşülür) törədən şəxs 3 ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə 7 ildən 12 ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.

182-ci maddə hədə-qorxu ilə tələb etmə haqqındadır. Bu maddənin 2.4-cü bəndinə, yəni 182.2.4-cü maddəyə əsasən, xeyli miqdarda əmlak əldə etmək məqsədilə hədə-qorxu ilə tələb etmə, yəni zərərçəkmiş şəxsin və ya onun yaxın qohumlarının şəxsiyyəti üzərində zor göstərmə, onların haqqında rüsvayedici məlumatlar yayma və ya onların əmlakını tələf etmə hədəsi ilə özgənin əmlakını və ya əmlaka olan hüququnu və ya əmlak xarakteri daşıyan digər hərəkətlər etməsini tələb etmə 5 ildən 10 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Nailə Qasımova,
Medianews.az

Bizə qoşulun