Prezident Administrasiyasının keçmiş rəhbəri, Azərbaycan Milli Elmlər Akademiyasının sabiq prezidenti, akademik Ramiz Mehdiyevin daha bir qanunsuzluğunun üstü açılıb.
Sabiq deputat, təhsil eksperti Etibar Əliyev “Yeni Sabah”a açıqlamasında deyib ki, R.Mehdiyevin AMEA-nın həqiqi üzvü seçilməsi qanun pozuntusu ilə həyata keçirilib.
“AMEA-nın əsasnaməsində qeyd olunur ki, akademiklər yalnız akademiyanın müxbir üzvləri arasından seçilir. Ramiz Mehdiyevin isə fəlsəfə doktoru və elmlər doktoru elmi dərəcəsi vardı. Amma buna baxmayaraq, o, akademiyanın müxbir üzvü olmadan, 2007-ci ildə keçirilən seçkilərdə birbaşa akademik seçilib”.
Onun sözlərinə görə, Haqq Ədalət Partiyasının sədri, keçmiş səhiyyə naziri Əli İnsanov da müxbir olmadan birbaşa akademik adı almışdı:
“O, 2007-ci ildə AMEA-nın həqiqi üzvülüyündən xaric olundu. Yəni, bu təcrübə mövcuddur və Əli İnsanova tətbiq edilib. Düşünürəm ki, eyni prosedur qaydalarına əməl etməklə Ramiz Mehdiyevin də akademik adının alınması mümkündür. Akademik adı cəmiyyətdə ən yüksək elmi ad hesab olunur və kifayət qədər aylıq vəsaitlə təmin edilir. Məncə, Ramiz Mehdiyev artıq akademiyanın həqiqi üzvü kimi qala bilməz, akademik statusu saxlamamalıdır və bu ad ondan alınmalıdır”.
Qeyd edək ki, akademiklər, bir qayda olaraq, Azərbaycan Respublikasının vətəndaşı olan, elm istiqamətləri üzrə geniş tədqiqatlar aparan, elmi yeni biliklərlə zənginləşdirən, tanınmış elmi məktəblər yaradan AMEA-nın müxbir üzvləri sırasından seçilirlər. Ancaq buna rəğmən müxbir üzv olmadan həqiqi üzvlər sırasına yüksələn bir çox şəxs var. Onların bəzilərinin adlarını təqdim edirik.