Rusiya Federasiyası xarici işlər nazirinin müavini Mixail Qaluzin Bakıda səfərdə olub. Məlumata görə, o, Müqəddəs Mürdaşıyan Zənənlər Kafedralını ziyarət edib. Bakı və Azərbaycan yepiskopu Aleksi Qaluzini kafedralda qarşılayıb. Mixail Qaluzin kilsənin tarixi və müqəddəs izləri ilə tanış olub, yeparxiya muzeyinə baş çəkib. Məlumdur ki, Qaluzin 2022-ci ildən MDB ölkələri ilə əlaqələrə cavabdehdir.
Qeyd edək ki, Bakıda Azərbaycan-Rusiya siyasi məsləhətləşmələri keçirilib. Bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb. Məlumata görə, 8-10 dekabr tarixlərində Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin Bakıda Azərbaycan xarici işlər nazirinin müavini Samir Şərifovla məsləhətləşmələr aparıb və Azərbaycan Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev tərəfindən qəbul edilib.
Qeyd olunub ki, məsləhətləşmələr zamanı Azərbaycan Prezidenti İlham Əliyev və Rusiya Prezidenti Vladimir Putin arasında 9 oktyabrda Düşənbədə MDB Dövlət Başçıları Şurasının iclası çərçivəsində keçirilən görüşdən sonra Azərbaycan-Rusiya münasibətlərinin mövcud vəziyyəti və perspektivləri müzakirə edilib: “İki ölkə liderləri tərəfindən 22 fevral 2022-ci ildə imzalanmış Müttəfiq Əməkdaşlığı Bəyannaməsinin müddəalarına uyğun olaraq, bütün istiqamətlərdə siyasi dialoqu daha da gücləndirmək, ticarət, iqtisadi, mədəni və humanitar əməkdaşlığı genişləndirmək öhdəlikləri bir daha təsdiqlənib. Rusiya tərəfi iyunun sonu və iyulun əvvəlində Bakıda saxlanılan 11 Rusiya vətəndaşının tezliklə azad edilməsinin vacibliyini vurğulayıb. Bundan əlavə, Azərbaycan-Ermənistan münasibətləri, 3+3 formatı və Xəzər beşliyi çərçivəsində çoxtərəfli əməkdaşlıq məsələləri müzakirə edilib.
Maraqlıdır ki, Qaluzinin səfəri Rusiya Prezidenti Vladimir Putinin “Beynəlxalq layihələr” fondunun yaradılması haqqında fərmanı ilə üst-üstə düşüb. Putin “Beynəlxalq layihələr” fondunun yaradılması haqqında fərman imzalayıb. Kreml sahibinin fərmanının icrası Rusiya Xarici İşlər Nazirliyinə və Daxili İşlər Nazirliyinə tapşırılıb. Fond öz proqramlarını xaricdə həyata keçirəcək. Fond “Rusiya Federasiyası ilə digər dövlətlər arasında ictimaiyyətlə əlaqələrin və humanitar və digər sahələrdə əməkdaşlığın inkişafını təşviq etmək məqsədilə” yaradılır.
Qaluzinin Bakıya gəlişi həm də Azərbaycan-Rusiya münasibətlərinin hazırkı dönəmində əhəmiyyət kəsb edir. Bakının Moskvadan vurulan təyyarəmizlə bağlı yekun addımlar atması gözləntisi var. Kreml lideri Düşənbədə verdiyi sözü yerinə yetirməlidir. Bundan əlavə, dekabrın 21-22-si tarixlərində Sankt-Peterburqda MDB dövlət başçılarının ənənəvi qeyri-rəsmi toplantısı keçiriləcək. Azərbaycan Prezidentinin sammitə gedişi haqda hər hansı rəsmi məlumat verilməsə də, təyyarə ilə bağlı Rusiyanın atacağı addımdan da asılı olan məqamlar var.
“Atlas” Araşdırmalar Mərkəzinin direktoru, politoloq Elxan Şahinoğlu sosial şəbəkə hesabında yazıb ki, fond vasitəsilə Moskva dost ölkələrlə yanaşı, dost olmayan ölkələrə də nüfuz etməyə, bu ölkələrdə təsir agentlərini formalaşdırmağa çalışacaq. Kreml sahibinin fərmanına görə, təsir agentləri öz ölkələrində müxtəlif təzyiqlərlə üzləşdikdə Rusiyaya təxliyə ediləcəklər.
E.Şahinoğlu qeyd edib ki, sənədə görə, istedadlı əcnəbilərin Rusiyaya cəlbi mexanizmi yaradılmalıdır. Onlar Rusiyada hüquqi status əldə edəcəklər. Rusiya fərmandakı “istedadlı əcnəbilər” bəndi vasitəsilə müxtəlif ölkələrdəki agentlərini və “5-ci kolon” üzvlərini də təxliyə edəcək. Misal üçün, Rusiya bu fərman vasitəsilə Azərbaycandakı tərəfdarlarını və şübhə altında olan təsir agentlərini təxliyə etməyə çalışa bilər. Fərmanda belə bir bənd var ki, öz ölkələrində Rusiya dəyərlərini bölüşənlər dəstəklənəcək. Ramiz Mehdiyev ev həbsində olmasaydı, Rusiya dəyərlərini bölüşən birisi kimi asanlıqla Moskva tərəfindən təxliyə edilə bilərdi".
Professor Elxan Mirzəyev Rusiyanın yenidən öz siyasətinə nəzər yetirməyə başladığını müşahidə edir. Kremlin postsovet məkanı ilə bağlı yeni siyasi doktrinası olduğunu deyən ekspertin fikrincə, postmüharibə dövrünə hazırlıq görülür: “Rusiya bəzi məsələlərin yarımçıq qaldığını hesab edir. Ancaq doktrinada dəyişiklik məcburidir, çünki hərbə-zorba dili ilə siyasət yürütmək daha mümkün deyil. Əgər Ukraynada strateji qələbə olsaydı, onda əvvəlki ritorika davam edərdi. Ona görə də Rusiya qonşu və keçmiş sovet respublikalarına yeni metodlarla təsir etməyə hazırlaşır. Kreml liderinin "Beynəlxalq layihələr" fondu yaratması da təkcə agentura şəbəkəsini gücləndirmək məqsədi daşımır, o cümlədən ölkələrlə əməkdaşlıqda yeni yanaşma tətbiq etməyi nəzərdə tutur. Yəni hərbi təcavüz Ukrayna ilə dayanmağa məhkumdur, bundan sonra hərbi doktrinanı iqtisadi doktrina əvəz edəcək".
E.Mirzəyevə görə, Rusiya üçün indi dəhlizlər, logistikalar həyati əhəmiyyət kəsb edir: “Çünki sanksiyalar onu boğur və nəfəsliklərə əşhədü-ehtiyacı var. Xüsusən Şimal-Cənub dəhlizi, Zəngəzur koridoru, Cənub-Şərqi Asiyaya çıxış və bu regiona neft məhsullarını ixrac etmək, MDB ölkələrinin rolundan istifadə etməklə iqtisadi basqılara tab gətirmək Rusiyanın prioritet hədəfləridir. O baxımdan istər Qaluzinin səfəri, istər Putinin yaratdığı fond, istərsə də "Tramp marşrutu" ilə bağlı Moskvanın təmkinli mövqeyi yeni dönəmə hazırlıq əlamətləridir. Rusiya anlayır ki, bəzi siyasi və iqtisadi bazarlıqlara getmək lazımdır, sonra özünü reabilitasiya edəndə siyasətinə yenidən baxar. Sözügedən fond isə Rusiyanın təsir imkanlarını artırmağa hesablana bilər, amma hazırda Cənubi Qafqazın iki ölkəsi və Mərkəzi Asiya dövlətləri Rusiyanın təsirindən xeyli uzaqlaşıb. Birincisi, Bakı və İrəvan ABŞ-nin vasitəçiliyini üstün tutdu. İkincisi, Trampın Orta Asiya ilə bağlı C5 + layihəsi var. Hər iki regionda Rusiyanın təsirin azaldılması prosesi gedir. Paralel olaraq da Türk Dövlətləri Təşkilatı platforması fəaldır. Burada da siyasi və hərbi cəhətdən Rusiyadan uzaqlaşma meylləri müşahidə olunur. Bir sözlə, Rusiya MDB məkanını itirməmək üçün siyasətində köhnə narrativlərdən imtina etməlidir".
Emil SALAMOĞLU,
“Yeni Müsavat”