Noyabrın 24-də Bakıda Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin qeyri-hökumət təşkilatlarının həmrəylik forumunun açılışı olub.
Tədbirdə Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Prezident İlham Əliyevin həmrəylik forumunun iştirakçılarına məktubunu oxuyub.

Forumun iştirakçısı, Konstitusiya Araşdırmalar Fondunun prezidenti Əliməmməd Nuriyev Medianews.az-a bildirib ki, həmrəylik forumu türk dünyasında ictimai diplomatiyanın daha geniş miqyasda formalaşmasının göstəricisidir: “Prezident İlham Əliyevin forum iştirakçılarına ünvanladığı məktubda bir mühüm xətt aydın görünür: türk dövlətlərinin güclənən siyasi iradəsi ilə yanaşı, vətəndaş cəmiyyəti institutları da bu böyük coğrafiyanın gələcək əməkdaşlıq modelində daha fəal rol oynayacaq.
Son illərdə TDT çərçivəsində artan əlaqələr, media, QHT, humanitar və iqlim dəyişikliyi üzrə keçirilən tədbirlər göstərir ki, region artıq təkcə dövlətlərarası münasibətlərlə kifayətlənmir; cəmiyyətlərin bir-birinə yaxınlaşması strateji prioritetə çevrilib.
Qarabağ və Şərqi Zəngəzurun bərpası, Zəngəzur dəhlizinin açılması, 2026-cı ildə Birinci Türkoloji Qurultayın 100 illiyinin qeyd olunacağı faktı – bütün bunlar QHT-lər üçün yeni əməkdaşlıq imkanları yaradır. Ən əsası, türk ölkələrinin ictimai institutlarının beynəlxalq platformalarda vahid mövqedən çıxış etməsi üçün real zəmindir”.

Ə.Nuriyevin sözlərinə görə, həmrəylik forumunun Bakıda keçirilməsi həm də bir mesajdır: “Həmim mesaj ondan ibarətdir ki, türk dünyası öz inkişafında yeni mərhələyə qədəm qoyur və bu prosesdə vətəndaş cəmiyyəti artıq passiv müşahidəçi deyil, həmrəyliyin və birliyin fəal daşıyıcısıdır”.
Toğrul Əli,
Medianews.az