Medianews.az
Prezident sərəncamı və Baş nazirin qərarları necə icra olunur?
310 baxış

Prezident sərəncamı və Baş nazirin qərarları necə icra olunur?

Aprelin 4-də Prezident İlham Əliyev Elm və Təhsil Nazirliyinin tabeliyindəki elmi müəssisələrin fəaliyyətinin optimallaşdırılması və səmərəliliyinin artırılması tədbirlərinə sərəncam verib. Sənəddə 17 institut əsasında publik hüquqi şəxs statuslu 8 institutun yaradılması, 8 müəssisənin nazirliyin tabeliyindən çıxarılaraq 3 universitetin tabeliyinə verilməsi, 3 elmi istehsalat birliyinin ləğvi, 2 yeni elmi müəssisənin yaradılması tapşırıqları yer alıb.

Medianews.az bildirir ki, Baş nazir Əli Əsədov aprelin 16-da və oktyabrın 7-də sərəncamın icrasını təmin etmək məqsədilə qərarlar imzalayıb.

7 oktyabr qərarına əsasən, 17 institut əsasında publik hüquqi şəxs statuslu 8 institut - Geologiya və Geofizika İnstitutunun və Neft və Qaz İnstitutunun əsasında Geologiya İnstitutu; Akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun və Torpaqşünaslıq və Aqrokimya İnstitutunun əsasında Coğrafiya İnstitutu; Fizika İnstitutunun və Radiasiya Problemləri İnstitutunun əsasında Fizika İnstitutu; Akademik Murtuza Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun və Akademik Əli Quliyev adına Aşqarlar Kimyası İnstitutunun əsasında Kimya İnstitutu; İdarəetmə Sistemləri İnstitutunun və Riyaziyyat və Mexanika İnstitutunun əsasında Riyaziyyat İnstitutu; Botanika İnstitutunun və Dendrologiya İnstitutunun əsasında Botanika İnstitutu; Zoologiya İnstitutunun və Akademik Abdulla Qarayev adına Fiziologiya İnstitutunun əsasında Canlı Sistemlərin Tədqiqi İnstitutu; Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun, Mikrobiologiya İnstitutunun və Biofizika İnstitutunun əsasında Molekulyar Biologiya İnstitutu yaradılıb.

7 oktyabr qərarında 8 müəssisənin nazirliyin tabeliyindən çıxarılaraq 3 universitetin tabeliyinə verilməsi məsələsi də əksini tapıb. Qərara əsasən, Polimer Materialları İnstitutu Sumqayıt Dövlət Universitetinin; Ekologiya və Təbii Ehtiyatlar İnstitutu (Gəncə), Bioresurslar İnstitutu (Gəncə), Aqrar Problemlər İnstitutu (Gəncə) və Nəbatat Bağı (Gəncə) Gəncə Dövlət Universitetinin; Təbii Ehtiyatlar İnstitutu (Naxçıvan), Bioresurslar İnstitutu (Naxçıvan) və Batabat Astrofizika Rəsədxanası (Naxçıvan) Naxçıvan Dövlət Universitetinin tabeliyinə verilib.

3 elmi istehsalat birliyinin (“Nafta” Elmi İstehsalat Birliyi, “Aşqar” Elmi İstehsalat Birliyi və “Kompozit” Elmi İstehsalat Birliyi) ləğv edilməsi haqqında qərarı isə Baş nazir dekabrın 4-də imzalayıb.

2 yeni elmi müəssisənin yaradılıb-yaradılmadığı bilinmir, bu haqda hələ ki, ictimai qaydada açıqlanmış qərar yoxdur.

Publik hüquqi şəxs statuslu 8 institutun, yəni Geologiya, Coğrafiya, Fizika, Kimya, Riyaziyyat, Botanika, Canlı Sistemlərin Tədqiqi və Molekulyar Biologiya institutlarının nizamnamələrinin təsdiq olunub-olunmadığı, hüquqi şəxs kimi dövlət qeydiyyatına alınıb-alınmadığı da bəlli deyil.

7 oktyabr qərarında Baş nazir Elm və Təhsil Nazirliyinə həmin nizamnamələri 2 ay müddətində təsdiqləməyi və yeni publik hüquqi şəxslərin dövlət qeydiyyatına alınması üçün onların nizamnamələri təsdiqlənəndən sonra 3 gün müddətində “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” qanunla müəyyən edilmiş qaydada tədbirlər görməyi tapşırmışdı.

Medianews.az bu məsələlərə aydınlıq gətirmək istəyib, amma saytın Elm və Təhsil Nazirliyinə göndərdiyi informasiya sorğusu cavabsız qalıb, ona görə də Prezidentin sərəncamında, Baş nazirin qərarlarında əksini tapan tapşırıqlardan hansının yerinə yetirilib-yetirilmədiyini öyrənmək mümkün olmayıb.

Dekabrın 9-da Medianews.az Riyaziyyat və Mexanika İnstitutunun Baş direktoru, AMEA-nın müxbir üzvü, fizika-riyaziyyat elmləri doktoru, professor Misir Mərdanovla əlaqə saxlayıb.

Misir Mərdanov bildirib ki, Riyaziyyat və Mexanika İnstitutu əvvəlki kimi fəaliyyətini davam etdirir: “İndiyədək necə işləyirdiksə, indi də o qaydada işimizi davam etdiririk”.

İstər konkret olaraq Riyaziyyat və Mexanika İnstitutu ilə İdarəetmə Sistemləri İnstitutunun əsasında publik hüquqi şəxs statuslu Riyaziyyat İnstitutunun, istərsə də digər institutlar əsasında publik hüquqi şəxslərin yaradılmasına gəlincə, Misir Mərdanov deyib ki, bu barədə onda heç bir məlumat yoxdur.

Prezident İlham Əliyevin 4 aprel sərəncamında nəzərdə tutulan tədbirlərin 2025-ci ilin sonunadək mərhələli şəkildə görülməsi tapşırılıb.

İlin sonuna üç həftə qalır. Elə Misir Mərdanov da Medianews.az-ın əməkdaşı ilə söhbətində bunu xatırladıb.

Toğrul Əli,
Medianews.az

Bizə qoşulun