İranda davam edən kütləvi etiraz və iğtişaşlar əsnasında Donald Tramp xalqa dəstək vəd edib. ABŞ Prezidenti rəsmi Tehranı “ən ağrılı yerə” zərbə endirməklə hədələyib.
“İran böyük problem içindədir. Mənə elə gəlir ki, insanlar bir neçə həftə əvvəl heç kimin həqiqətən mümkün olduğunu düşünmədiyi bəzi şəhərləri ələ keçirir. Bu vəziyyəti çox diqqətlə izləyirik. Mən bu bəyanatı çox sərt şəkildə söylədim ki, əgər keçmişdəki kimi, insanları öldürməyə başlasalar, işə qarışacaq, ağrıyan yerə çox güclü zərbə vuracağıq. Bu, təcavüz deyil, ağrıyan yerə çox güclü zərbə vurmaq deməkdir”, - Tramp vurğulayıb.
“Yeni Sabah” xəbər verir ki, Trampın “ağrıyan yer” ifadəsinin nəyə eyham olduğu barədə fərqli rəylər mövcuddur. Bəziləri bunu İslam Respublikasının nüvə obyektləri olduğunu düşünür. Digər rəylərə görə, ABŞ Prezidentinin sözləri Ağ Evin İranın hərbi, o cümlədən “Sepah” bazlarını hədəfə ala biləcəyinə işarədir. Lakin eyhamın konkret bir şəxsə aid olması fikri də mövcuddur – İranın Ali Rəhbərinin iqamətgahına zərbə və son nəticədə Ayətullah Xamnəinin qətlə yetirilməsi.
Ehtimalın Trampın, yaxud məsləhətçilərinin beynində dolaşdığına tam əminlik olmasa da, nəzəri baxımdan mümkündür. Bu fəvqəladə halda İslam Respublikasının yeni Ali Rəhbərinin seçilməsi zərurəti yaranır. Üstəlik, proses mümkün qədər tez başa çatdırılmalıdır ki, hakimiyyət boşluğu yaranmasın, əks halda, İranda kütləvi aksiyalar cızığından çıxar, ölkə xarici müdaxiləyə açıq qalar.
Üçüncü Ali Rəhbərin seçkisi
İslam Respublikasının Konstitusiyasına görə, Ayətullah Xamnəinin rəhbərliyi sona çatdıqdan sonra (səlahiyyət müddəti 2011-ci ilə qədər davam edəcək) Altıncı çağırış Ekspertlər Şurası üzvlərinin məclisi toplanmalıdır.
Qaydalara görə, lideri seçmək üçün ekspertlərin ən azı üçdə ikisi konkret namizədə səs verməlidir.
İslm Respublikasının konstitusiyasında liderin varisi və ya canişininin/müavininin mövcudluğu qeyd edilmir. Lakin ekspertlər mövcud ali dini başçının səlahiyyət müddəti ərzində onun varisini də seçə bilər.
Təcrübədə belə bir hal bir dəfə olub, amma Ayətullah Xomeyninin zamanında Ayətullah Hüseynəli Müntəzirinin varislikdən uzaqlaşdırılmasından ilə bu üsuldan artıq istifadə edilmir.
Konstitusiyaya görə, liderin öz vəzifələrini yerinə yetirə bilməməsi (fəaliyyət qabiliyyətsizliyi və s.) və ya ölümü halında növbəti liderin təyin olunmasına qədər prezident, məhkəmə hakimiyyəti başçısı və Nəzarətçilər Şurasının üzvlərindən birindən ibarət şura müvəqqəti olaraq bütün səlahiyyətləri yerinə yetirir. Əgər onlardan biri bu müddət ərzində hər hansı bir səbəbdən vəzifəsini yerinə yetirə bilmirsə, onun yerinə Şura başqa bir şəxs təyin edir.
Növbəti Ali Rəhbər
Zaman-zaman İranda rəhbərlik məqamına dair fərqli fikirlər və fərziyyələr peyda olub. Müzakirə yasaq olmayıb, Ayətullah Xamnəini kimin əvəz edəcəyinə dair dürlü ehtimallar səsləndirilib.
İranın mərhum prezidenti Əkbər Haşimi Rəfsəncani bir dəfə demişdi ki, Ekspertlər Şurası “bir neçə yüz nəfərlə danışıqlar apardıqdan sonra” Xamnəinin yerinə 2 nəfəri gizli şəkildə seçib. Ali liderin nümayəndəsi Seyid Yusif Təbatəbainecad və Mahmud Ələvi isə bir deyil, bir neçə şəxsdən ibarət Rəhbərlik Şurası ideyası barədə iddian təkzib ediblər. Ayətulllah Möhsün Müctəhid Şəbüstəri də onlara qoşularaq kollegial rəbhərlik iddiasının şayiə olduğunu bildirib.
Ekspertlər Şurasında 3 nəfərdən ibarət gizli komissiya barədə isə ilk dəfə Əhməd Xatəmi söz açıb. Daha sonra Mürtəza Müqtədayi, Haşim Haşimzadə Harisi və Möhsün Əraki həmin komissiyanın varlığını təsdiqləyiblər.
Deyilənlərdən bu nəticə çıxıb ki, “İks saatı”nda müzakirələrin uzanmaması üçün gizli komissiya müxtəlif namizədlərin araşdırılması ilə məşğul olur.
Atadan oğula?
Ayətullah Xamnəi açıq şəkildə olmasa da, oğlu Müctəba Xamnəinin varis seçilməsi ehtimalına qarşı çıxıb. Ekspertlər Şurasının üzvü Rəhim Təvəkkol 2 il əvvəl isə bunu təsdiqləyərək, artıq rəhbərlik məqamına potensial namizədlərin olduğunu dilə gətirib.
Mümkün varislər heç vaxt aşkar şəkildə müzakirə etməyib və bu da Xamnəinin ölümündən sonra ölkəni kimin idarə edəcəyi ilə bağlı sualı açıq saxlayır.
Bəzi rəylərə görə, "dünyanın düz vaxtında" belə varisliyin müəmmalı qalması müəyyən mənada gələcəkdə böhrana çevrilə bilər və nəticədə siyasi boşluq İslam Respubliksını süquta sürükləyəcək.
Kimlər növbəti Ali Rəhbər olmağa namizəd sayıla bilər?
Siyahı çox da uzun deyil. Amma Ali Rəhbər seçiminin bir əsas cəhəti var: namizədin “ayətullah” titulu daşıması yox, siyasi cəhətdən kamil olması və bəsirəti mühümdür. Xatırlanması yerinə düşər ki, indiki liderin özü də hakimiyyətə gəldikdə “hüccətül-İslam” titulu daşıyırdı.
Konkret adlara gəlincə, meydanda kimlər var? Ayətuyllah Cavadi Amoli, keçmiş prezident Həsən Ruhani, Qum dini hövzəsinin rəisi Ayətullah Əlireza Ə`rafi, daha sonra keçmiş məhkəmə hakimiyyəti rəhbəri Sadeq Laricani, nüfuzlu vaiz Məhəmməd Mehdi Mir Baqeri, İslam Respublikası qurucusunun nəvələri Həsən Xomeyni və Əli Xomeyni...
Bu şəxslərin hər biri fərqli siyasi cinahları təmsil edir. Şahlıq, daha doğrusu, Rəhbərlik quşu onlardan hansının başına qonacaq?