Medianews.az
Post-BMT dövrü: Sülh Şurası nəyi hədəfələyir?
120 baxış

Post-BMT dövrü: Sülh Şurası nəyi hədəfələyir?

ABŞ prezidenti Trampın təşəbbüsü ilə formalaşdırılan Sülh Şurası (Peace Council) qlobal güc balansının yenidən dizaynı baxımından strateji əhəmiyyətə malik yeni geosiyasi institutdur. Bu struktur, faktiki olaraq, post-BMT dövrünün hibrid təhlükəsizlik arxitekturasını formalaşdırmağı hədəfləyir. Şuranın missiyası beynəlxalq münasibətlərdə “realpolitik” konsepsiyasına əsaslanaraq, universalist və normativ yanaşmaları aradan qaldırmaq, onların yerinə milli maraqların sinxronlaşdırıldığı praqmatik çoxtərəfli əməkdaşlıq modelini tətbiq etməkdir.

Sülh Şurası qlobal təhlükəsizlik sisteminin transformasiyası prosesində alternativ kollektiv qərarverici mexanizm kimi nəzərdən keçirilir. Tramp administrasiyasının ideoloji əsasını təşkil edən “sovereignty first” (suverenlik üstünlüyü) doktrinası bu platformanın siyasi-fəlsəfi təməlini formalaşdırır. BMT-nin struktur böhranı, NATO-nun qeyri-effektivliyi və Aİ-nin geosiyasi iradə çatışmazlığı fonunda bu təşəbbüs Vaşinqtonun qlobal normativ hegemoniyadan funksional geosiyasi liderliyə keçidini simvolizə edir.

Azərbaycan üçün bu proses strateji çoxvektorlu siyasətin institusional təminatına çevrilə bilər. Bakı həm Qafqazda, həm də Avrasiya genişlənmə trayektoriyasında regional təhlükəsizlik arxitekturasının mühüm elementi kimi çıxış edir. Bu üzvlük sayəsində Azərbaycan yalnız diplomatik deyil, həm də geostrateji aktor statusunu beynəlxalq səviyyədə möhkəmləndirir.

İctimai diskussiyalarda səslənən “Azərbaycan Sülh Şurasına üzv olmaq üçün 1 milyard dollar ödəyəcək” fikri geniş rezonans doğursa da, məsələ geoiqtisadi kontekstdən çıxarılıb. Əslində, bu məbləğ dairəvi maliyyələşdirmə mexanizminin bir hissəsidir və Şuraya üzv olan bütün dövlətlər üçün tətbiq edilmir.

1 milyard dollarlıq ödəniş yalnız daimi üzvlük statusu əldə etmək və iştirak müddətini üç ildən artıq uzatmaq istəyən dövlətlər üçün müəyyən edilib.

Üçillik iştirak mandatı ilə qoşulan ölkələr üçün belə yüksək maliyyə öhdəliyi yoxdur.

Bu format çərçivəsində üzvlər qərarvermə prosesində iştirak edə, lakin strateji veto hüququndan istifadə edə bilməzlər; onların funksiyası daha çox humanitar diplomatiya və regional sabitləşdirmə mexanizmlərində iştirak üzərində qurulur.

Beləliklə, bu ödəniş maliyyə tranzaksiyası deyil, siyasi kapitalın ekvivalentidir — yəni, qərarların formalaşdırılmasında iştirak səviyyəsini müəyyən edən institusional legitimlik rüsumudur.

Azərbaycan artıq BMT, Qoşulmama Hərəkatı və Türk Dövlətləri Təşkilatı kimi platformalarda özünü normativ məsuliyyət daşıyan dövlət kimi təqdim edib. Lakin Sülh Şurası Bakıya funksional təsir gücünə malik aktor statusu qazandırmaq imkanı verir.

Bu qurum çərçivəsində Azərbaycan enerji diplomatiyasını, nəqliyyat logistik strategiyasını və humanitar siyasətini vahid koordinasiya mərkəzinə çevirərək, Qlobal Cənubun maraqlarını Qərb siyasi sisteminə inteqrasiya edən vasitəçi dövlət modelini tətbiq edə bilər.

Tramp administrasiyası üçün Bakı Cənubi Qafqazda strateji balansın “pivot state”i kimi çıxış edir. Bu, həm ABŞ-ın Avrasiya siyasətində dayanıqlılıq yaradır, həm də Azərbaycanın geosiyasi “autonom kurs”unu legitimləşdirir.

Sülh Şurası faktiki olaraq, soyuq müharibədən sonrakı liberal beynəlxalq nizamın eroziyası fonunda formalaşan realpolitik sintezidir. Burada prioritetlər ideoloji deyil, strateji qarşılıqlı asılılıqlar, enerji təhlükəsizliyi, nəqliyyat dəhlizləri və hibrid təhdidlərin idarəolunması ilə müəyyən olunur.

Bu sistemdə Azərbaycan geosiyasi tranzit mərkəzi və diplomatik amortizator funksiyasını yerinə yetirə bilər. Bakı həm Türkiyə və Mərkəzi Asiya ölkələri ilə koordinasiyanı gücləndirəcək, həm də Qərb strukturları ilə kooperativ təhlükəsizlik formatı yaradacaq.

Trampın təşəbbüsü ilə yaradılan Sülh Şurası qlobal idarəetmədə paradiqmatik dəyişiklik mərhələsini açır. Bu qurum BMT-nin normativ böhranını əvəz edən realpolitik tipli kollektiv təhlükəsizlik mexanizmi kimi fəaliyyət göstərəcək.

Azərbaycanın bu prosesdə iştirakı onu regiondan qlobal səviyyəyə daşıyan strateji modernizasiya aktıdır. 1 milyard dollar məsələsi isə yalnız iqtisadi göstərici deyil – bu, dövlətin beynəlxalq siyasi sistemdə təsir payına verdiyi qiymətdir.

Sülh Şurası Azərbaycanın beynəlxalq sistemdə suveren təsir mərkəzinə çevrilməsi yolunda mühüm mərhələdir — artıq Bakı sülh proseslərinin obyektindən çox, qlobal təhlükəsizliyin memarı roluna yüksəlir.

Elçin Alıoğlu,
politoloq

Bizə qoşulun