Medianews.az
O gecənin ən məsum qurbanlarından biri: 13 yaşlı Larisa Məmmədova
143 baxış

O gecənin ən məsum qurbanlarından biri: 13 yaşlı Larisa Məmmədova

36 il əvvəl yanvarın 19-dan 20-nə keçən gecə... O gecə amansız sovet ordusu azadlıq eşqi ilə alovlanan Azərbaycanda 7-dən 77-yə əliyalın, dinc sakinlərin azadlıq eşqini söndürməyə çalışdı. Bu eşqi söndürə bilməsə də, o gecə məsum talelər, hələ də dünyaya yalnız sevgi ilə baxan, nifrətin nə olduğunu bilməyən körpə qəlblər canilərin silahından çıxan mərmilərlə dəlmə-deşik edildi. Elə 13 yaşlı Larisa kimi... O, günlər əvvəl şəhərdə olan sovet ordusu əsgərlərinin ac olduğunu düşünüb, "ana, onlar yazıqdırlar, yemək hazırla aparım yesinlər" demişdi. Larisanın mərhəmətli ürəyinin döyüntüsünə son qoyan o mərmi həm də insanlığa atılmış güllə idi. Yanvarın 19-dan 20-nə keçən gecə təkcə insanlar deyil, vicdan da güllələnmişdi...

Fotolarda qalan xoşbəxt anlar...

"Larisa çox sakit qız idi. Heç vaxt razı olmazdı ki, söz-söhbət, dava-dalaş olsun", - AZƏRTAC-ın müxbiri ilə söhbətində anası Qalina Məmmədova deyir.

Larisanın yarımçıq taleyini fotoşəkillərə köçürülən xatirələrlə vərəqləyirik.

"Burada lap körpədir, burada bir yaşı var, burada bağçaya gedir, burada birinci sinifdə oxuyur. Saçı çox uzun idi, kəsmişdim. Deyirdi, ana, saçımı niyə kəsdin. Burada 5-ci sinifdə oxuyur. Sinif yoldaşları ilə, müəlliməsi ilə kollektiv şəklidir. 132-134 nömrəli liseydə təhsil alırdı...

Bu da son şəkillərindəndir. Novruz bayramı idi. Yadımdadır, Larisa deyirdi ki, ana, hər şey edək, yemək bişirək. Çox canfəşanlıq eləmişdi. Bayram çox yaxşı keçdi. Bizə qalan xoşbəxtliyin son şəkilləri oldu...

Bu da qardaşı Eminlə bayram şəklidir. Aralarında 9 yaşa yaxın fərq var. Emin ona “nyanya” deyirdi. Onu gəzdirirdi, bağçaya aparırdı. Nərminə də üçaylıq idi. Larisa mənə çox kömək edirdi. Ondan sonra sanki tək qaldım... ".

Qalina xanım deyir ki, Larisa Ukraynada doğulsa da Azərbaycana bağlı idi, azərbaycanlıları sevirdi. Dili yaxşı bilmədiyinə görə məyus olur, yavaş-yavaş öyrənməyə çalışırdı. Deyirdi pasport alanda adımı dəyişib Leyla edəcəyəm. Bakıya vurğun idi. Gələn hər kəsi aparıb gəzdirirdi. Deyirdi şəhərimin gözəlliklərini görsünlər. Dağüstü parkdan baxıb, ana, Bakı necə gözəldir deyirdi. Larisaya elə ömürlük Dağüstü parkdan Bakının mənzərəsinə tamaşa etmək qismət oldu...”.

Sanki hər şey Larisanın ürəyinə dammışdı...

Qalina Məmmədova söhbətinə belə davam edib: “Yanvarın 19-u axşamtərəfi idi. Gün kifayət qədər sakit keçirdi. Larisa dedi ki, ana, mən nəsə narahatam, pis bir hadisə baş verəcək. İki-üç saatdan sonra Fərman gəldi ki, tez mənə yemək, çay ver, getməliyəm. Tanklar şəhərə girəcək, camaatı aparmalıyıq ki, qarşısını alaq. O zaman avtobus parkında kolon rəisi işləyirdi. Həmin vəzifəyə yenicə keçmişdi. Hazırlaşıb çıxmağa yaxın Larisa əl çəkmədi ki, ay ata, məni də apar. Mən ona dedim ki, Larisa sən heç yerə getməyəcəksən, mənə kömək lazımdır, uşaqlara baxmalıyıq. Dedi ki, onlara sən baxarsan, mən atamla camaata kömək etməyə gedirəm. Larisa inadından dönmədi, biz də razılaşdıq. Təzə aldığımız isti geyimləri geyindi ki, səhərə kimi ata ilə çöldə qalacağam. Avtobus Prezident Administrasiyasının yanında dayanmışdı, ona minib çıxıb getdilər. Yolda heç kim yox imiş. Anidən ağaclıqların arasından çıxan əlisilahlı hərbçilər indiki Səttərxan adına maşınqayırma zavoduna çataçatda avtobusu gülləbaran ediblər. Sürücü öldürülüb, idarəsiz qalan avtobus divara dəyib. Fərman ayağından güllə yarası alıb. Sürücü Larisanı qabaqda oturtdubmuş, güllə onun həssas və mərhəmətli ürəyinə tuş gəlib. Ətrafdakılar yoldaşımı maşınla Semaşkoya, indiki Kliniki Tibbi Mərkəzə aparıblar, Larisanı da başqa maşınla xəstəxanaya gətiriblər. Mən səhərə kimi yata bilmədim. Çöldən səs-küy, maşın səsləri gəlirdi. Təcili çölə çıxdım, dedilər ki, vəziyyət pisdir, yaralılar var, təcili pambıq və şam lazımdır. Qonşularla bərabər evdə nə var gətirib verdik. Tikan üstə idim, saatlar keçməsinə baxmayaraq, nə Fərman, nə də Larisadan xəbər yox idi. Səhər tezdən 9-un yarısı evə gələn zəngdən sonrasını xatırlamıram. Qışqıra-qışqıra çölə qaçdım. Fərman yaralanmışdı, Larisadan isə xəbər yox idi. Qonşularla Kliniki Tibbi Mərkəzə getdik. Xəstəxanaya girəndə dəhşətə gəldim. Orada qan su yerinə axırdı, qışqırıq, ağlamaq səsləri gəlirdi. Birtəhər yaralılar arasında Fərmanı tapdım. Yarası ağır idi, güllə bədənində gəzmişdi. Larisanı soruşdum, dedi ki, bilmirəm onu itirmişəm. Qonşular mənə dedilər ki, sən narahat olma, Fərmanın yanında otur, biz Larisanı tapmağa gedirik. Onlar Larisanın cansız bədənini tapdılar, amma mənə demədilər. Onu evə aparıblarmış. Mənə dedilər ki, Qalina, gedək evə yenə gəlib axtararıq. Hər kəs mənə qəribə baxırdı, hiss elədim ki, nəsə olub. Amma çar-naçar razılaşdım. Evdə xeyli adam var idi, içəri girdim ki, Larisanı yerə uzadıblar. Nə qədər səslədim, cavab gəlmədi... Sakitcə uzanmışdı, saçları üzünə tökülmüşdü, avtobusun şüşəsi üzünü yaralamışdı. Üst geyiminin qarşısını açan kimi ürək tərəfindən qan gəldi. Paltarının içi şüşə qırıntıları idi. Onun cənazəsini iki gün evdə saxladıq. Sonra Hökumət Evinin qarşısında minlərlə insan müşayiəti ilə faciə qurbanlarını dəfn etməyə apardıq. Xalq heç nədən qorxmayaraq ayağa qalxmışdı. Mən ora necə getmişəm, necə Şəhidlər xiyabanında Larisanı dəfn etmişəm bilmirəm. Allah mənə ayaq üstə durmaq üçün güc vermişdi sanki. Larisadan sonra çox çökmüşdüm. Azərbaycanlılar məni tək buraxmadılar. Deyirdilər ki, nə olsun ukraynalısan, sən bizimsən, Larisa da bizim balamızdır. Qonşularım mənə o ərəfələrdə çox kömək elədilər.

Bir neçə gündən sonra Fərmanın yanına getdim. Soruşdu ki, niyə gəlmirdin neçə gündür. Yalandan dedim ki, uşaqlara başım qarışmışdı. Başıma qara çalma bağlamışdım. Üzümə baxıb dedi ki, sən mənə yalan danışırsan. Larisa yoxdur deyib ağladı. Fərman güclə özünə gəldi. Larisanın məzarına gedə bilmirdi. Şəhidlər xiyabanına gedəndə çox ağlamışdı, sakitləşdirmək olmurdu.

Emin bacısının yoxluğundan xəbərsiz idi. Onu Fərmanın qohumları gilə aparmışdıq. Bir neçə gündən sonra Larisanı axtardı. Başqa bəhanələr uydusaq da, ağladı ki, Larisa ölüb, onu basdırıblar. Ora-bura qaçdı, dedi ki, “nyanya” yoxdur mən tək qaldım.

Larisa yuxularımıza gəlir...

Hadisədən 36 il keçməsinə baxmayaraq, hər şey ilkgünkü kimi yadımdadır. Danışdıqca o günləri yenə xatırlayıram. Larisa həmişə bizimlədir. Yuxularımıza gəlir, birdən gülür, birdən ağlayır. Ən maraqlısı odur ki, hadisədən günlər əvvəl Axundov bağı tərəfdə dayanan tankları, hərbçiləri görmüşdü. Demişdi ki, ay ana, yazıqdırlar yemək bişir, aparım yesinlər. Dedim ki, Larisa, lazım deyil, Allah bilir orada nə məqsədlə dayanıblar. Məramları çox keçmədi ki, bəlli oldu...

Uzun illər keçsə də mənə çox çətindir. Nəvələrimə onun haqqında danışıram. Larisa bir başqa idi, ancaq nəvələrim arasında Kamilla bir az xaraktercə ona oxşayır. Bizi nə ölkə rəhbərliyi, nə də Azərbaycan xalqı tək qoymadı. O hadisə də, onun qəhrəmanları da unudulmur. Tək arzum odur ki, bir daha müharibə olmasın, hər zaman sülh olsun”.

Ruhun şad olsun, Larisa. Sənin adın 20 Yanvarın sükutunda əbədi yaşayır. Sən bizim müstəqilliyimizin balaca, mərhəmətli və cəsarətli qəhrəmanlarından biri kimi tarixdə heç zaman solmayan iz buraxdın, baxmayaraq ki, ömrün soyuq qış gecəsində bir gül kimi soldu...

Bizə qoşulun