Medianews.az
Müxalifət var, ya yoxdur? –
139 baxış

Müxalifət var, ya yoxdur? – Partiya sədrləri arasında SORĞU

Azərbaycanda illərdir “müxalifət var, amma yoxdur” paradoksu müzakirə olunur. Bəziləri mövcud partiyaları real güc sahibi saymır, bəziləri isə müxalifətin kölgədə saxlanıldığını iddia edir. Cəmiyyətin bir qismi isə ümumiyyətlə bu anlayışa inanmır. Bəs siyasi partiyalar bu məsələyə necə baxır? Bu gün Azərbaycanda real müxalifət varmı? Varsa, kimdir? Yoxdursa, niyə yoxdur?

Medianews.az bu barədə Azərbaycanın siyasi partiya rəhbərləri arasında sorğu keçirib. Cavabları təqdim edirik:

Müasir Müsavat Partiyasının (MMP) sədri Hafiz Hacıyev:

“Azərbaycanda niyə müxalifət yoxdur? Bəs biz nəyik? Biz elə müxalifətik də. Mən 4 dəfə prezidentliyə namizəd olmuşam. Namizəd olduğum dövrdə “iribuynuzlu” məmurlarla mübarizə aparmışam. Ölkədə olan neqativ halları televiziya kanallarında, debatlarda bir-bir demişəm. Böyük mitinqlərimiz olub və həmin mitinqlərdə də bunları xatırlatmışam.

Bəzən millətimiz elə düşünür ki, müxalifət xalqın düşdüyü bəlalardan çıxması üçün yeganə yoldur. Qətiyyən belə deyil. Müxalifət deyəndə, məsələn, bizim fəal üzvlərimizin sayı 20-30 mindir, ümumilikdə isə 80-90 min üzvümüz var. Bakı şəhərində belə götürəndə 10-15 min fəal üzvümüz ola bilər. Biz bununla bütün xalqı düşdüyü bəlalardan xilas edə bilmərik. Xalq özü də fəal olmalıdır, düşünməlidir ki, bu işlərin axırı hara gedir, nə olacaq? Xalq, millət öz düşdüyü vəziyyətdən çıxış yolu axtarmasa, onu əzənə, ona zülm edənə qarşı mübarizə aparmasa, müxalifət nə edə bilər?

Biz bu məsələləri dəfələrlə müzakirə etmişik. Partiya hər şeyi həll etmir. Biz prezident seçkilərində 60-70 min imza ilə prezidentliyə namizəd olmuşuq. Amma nə edək ki, Ramiz Mehdiyev bizim 10 nəfər deputatlığa namizədimizi parlament seçkilərinə buraxmadı. Bunları da nəzərə almaq lazımdır. Əgər imkanımız olsaydı, böyük mitinqlər keçirdərdik, tədbirlər təşkil edərdik. Buna da imkan vermədilər. Ona görə də kimlərsə hesab edir ki, partiyalar güc sahibi deyil – bu, düzgün yanaşma deyil.

Deyirlər, parlamentdə müxalifət var. Yoxdur, bu, yalan söhbətdir. Bizim partiya dövlətçiliyə sadiqdir, dövlətin apardığı ideoloji işlərdə həmişə onun yanında olub. Nə edək ki, hakimiyyətin içində də rüşvətxorlar, korrupsionerlər, dövlətə xəyanət edənlər var? Cənab Prezident tez-tez kadr islahatları aparır, çalışır ki, bu məsələləri yoluna qoysun. Bu da çox çətin məsələdir.

Bu gün düşünürəm ki, biz dövlətin və dövlətçiliyin yanında olmalıyıq. Rüşvətxor məmurları, savadsız məmurları, xəyanət edənləri tənqid edirik. Müxalifətin də işi budur: çıxış etmək, sözünü demək, fikrini bildirmək. Bu mövzu ağır mövzudur. Zaman göstərəcək ki, ölkədə müxalifət hansı vəziyyətdə olacaq.”

Azad Vətən Partiyasının sədri Akif Nağı:

“Hesab edirəm ki, müxalifət-iqtidar məsələlərində Azərbaycan cəmiyyətində adekvat olmayan fikir formalaşıb. Bir anlıq düşünün: Amerikada, Avropada - yəni Qərb ölkələrində bu cür söhbətlər varmı ki, kim müxalifətdir, müxalifət hakimiyyətə qarşı hansı addımları atdı, müxalifət hakimiyyətin hansı hərəkətlərini sərt şəkildə tənqid etdi, üzərinə getdi? Belə bir şey yoxdur. Ümumiyyətlə, dövlətin idarə olunması partiyaların fəaliyyətinə əsaslanır. Dövləti partiyalar idarə edir.

Vaxtilə, XIX əsrə qədər dövlətləri müxtəlif sülalələr idarə edirdi. Bu sülalələr arasında da qanlı mübarizələr gedirdi: kim hakimiyyətə gələcək, dövləti idarə edəcək. Lakin sonradan, XIX əsrin sonu XX əsrin əvvəllərində qərara gəldilər ki, sülalələrarası mübarizəni siyasi mübarizəyə çevirmək lazımdır. Yavaş-yavaş partiyalar formalaşdı, partiyalar küçələrdə silahlı qarşıdurmalar əvəzinə müzakirələri, mübahisələri parlament zallarına keçirdilər. Yəni küçələrdən zallara keçid baş verdi. Qərbdə partiyalar heç vaxt düşünmür ki, böyük bir izdiham toplayıb - məsələn, bir milyonluq mitinq keçirib - dərhal hakimiyyətə gələ bilərlər. Azərbaycanda isə bununla bağlı yanlış yanaşma var ki, bir milyonluq mitinq keçirilsə, hökmən hücum edib hakimiyyəti ələ keçirmək lazımdır. Halbuki Qərbdə yürüşlərə və mitinqlərə münasibət tamam başqadır.

Bu gün Azərbaycanda Yeni Azərbaycan Partiyası (YAP) hakimiyyətdədir və öz mövqeyini qoruyub saxlamağa çalışır. Təbii ki, müəyyən nöqsanlar da ola bilər. Bu cəmiyyətdə yaşayasan, amma nöqsanlardan tam uzaq olasan - bu mümkün deyil. Hakimiyyətdən kənarda olan partiyalar arasında da hay-küylə, qışqırıqla səs qazanmağa çalışanlar var. Məsələn, vaxtaşırı 200-300 nəfərlə Şəhidlər xiyabanına çıxmaq, yaxud hər hansı bir tədbirdə “istefa” demək partiya olmaq demək deyil. Bu, daha çox dərnəkçilikdir, təxribatçılıq qruplarının davranışıdır. Bu cür anlayışlardan geri çəkilmək lazımdır. 90-cı illərin əvvəllərində hakimiyyət uğrunda mübarizə gedirdi: kimin dəstəsi güclü idisə, parlamentə hücum edir, hakimiyyəti ələ keçirir, parlamenti mühasirəyə alırdı. Bunlar siyasi mübarizə üsulu deyil.

Bu gün partiyalar normal şəkildə, qanunlara uyğun olaraq, yavaş-yavaş öz qüvvələrini və saylarını artırırlar. Ümumi qəbul olunmuş qayda budur”.

Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayev:

“Azərbaycanda uzun müddətdir ki, siyasi partiyalar arasında, iqtidar-müxalifət arasında düşmənçilik münasibəti olub. Eyni zamanda müxalif siyasi qüvvələrin öz aralarında da qarşıdurma siyasəti aparılıb. Bəziləri özlərini “ana müxalifət”, bəziləri isə “əsas müxalifət” adlandırıb. Bu ad altında dəfələrlə hakimiyyətlə iş birliyinə gedib, müəyyən dividendlər qazanmağa çalışıblar. Arxalarına da xarici qüvvələri alıblar. Əsasən güvəndikləri xarici dairələr olub və həmin dairələrdə özlərini bir növ təmsilçi kimi göstəriblər. Lakin müəyyən zaman keçdikdən sonra bəlli oldu ki, Azərbaycanda xarici qüvvələrin öz maraqları var. Onlar da müəyyən siyasi təşkilatları öz əlaltıları kimi proseslərə cəlb ediblər.

Zaman keçdikcə etiraf etməliyik ki, müxalifət camiəsi zəifləyib. Hazırda hakim partiyanın mövqeyi daha güclüdür. Xüsusilə 44 günlük müharibədən sonra hakimiyyətin imkanları genişləndi. Cənab Prezidentin atdığı addımlar həm hakimiyyətin möhkəmlənməsinə, həm də onun təmsil etdiyi siyasi qüvvənin güclənməsinə səbəb oldu. Bu, bir reallıqdır.

Parlamentdə müxalifət partiyalarının təmsilçiliyi var. Cəmiyyətin özündə isə ümumilikdə 26 siyasi partiya fəaliyyət göstərir - hakim partiya da daxil olmaqla. Onların müəyyən qismi hakimiyyətlə eyni platformada yer alıb. Digər qismi isə müxalif mövqedədir. Bəzən deyirlər ki, müxalifət niyə bir araya gəlmir. Əslində, ideoloji yönümlərinə görə müxalifət müəyyən dövrlərdə bir araya gəlməlidir. Ümumilikdə götürdükdə, Azərbaycanda müxalif partiyalar mövcuddur. Doğrudur, əvvəlki kimi güclü deyillər, zəifdirlər, lakin bu, o demək deyil ki, Azərbaycanda müxalifət partiyası yoxdur. Biz partiya olaraq hesab edirik ki, daha obyektiv mövqeni qəbul edirik. Əgər müsbət addımlar atılırsa və milli maraqlara uyğun hər hansı təklif irəli sürülürsə, biz onu dəstəkləyirik. Mənfi nüanslar görürüksə də tənqid edirik. Bu gün Böyük Azərbaycan Partiyasının mövqeyi də məhz budur. Hesab edirəm ki, bu dövlətçilik mövqeyidir”.

Ağ Partiya sədri Tural Abbaslı:

“Ümumiyyətlə, iqtidar və müxalifət anlayışları yanaşmadan asılı olaraq dəyişən, nisbidir. İstənilən bir dövlətdə iqtidar varsa, müxalifət də olmalıdır. Müxalifət yoxdursa, demək ki, o dövlətdə demokratiya da yoxdur. Təəssüf ki, Azərbaycanda hələ demokratik dəyərlər tam formalaşmayıb. Yalnız demokratik dəyərlər deyil, ümumilikdə cəmiyyətin, siyasi partiyaların, iqtidar və müxalifət münasibətlərinin özü də oturuşmayıb. Hətta qanunvericilikdə belə “müxalifət” anlayışı müəyyən olunmayıb. Hansı partiya müxalifətdir, hansı ana müxalifətdir, hansılar iqtidara yaxındır - bu məsələlər aydın deyil. Proses 90-cı illərin əvvlərindən inkişaf etmədi. Uzun illər iqtidarla müxalifət arasında münasibətlər rəqiblikdən çox düşmənçilik xarakteri daşıyıb. Onlar bir-birinə qalib gəlməkdən çox, bir-birini sıradan çıxarmağa çalışıblar. Bu da hazırda partiyaların düşdüyü vəziyyətdən anlaşıla bilər. Yəni iqtidar müxalifətə rəqibi kimi yox düşməni kimi baxırdısa, eyni ilə də müxalifət iqtidara düşmən kimi baxırdısa, təbii ki, bu günkü xaos, qarışıqlıq münasibətlərin formalaşmaması da başa düşüləndir. Amma deməzdim ki, müxalifət yoxdur. Hər kəs müxalifəti öz baxışı ilə dəyərləndirə bilər. Mən həbsdə olanda belə bəziləri deyirdi ki, Azərbaycanda müxalifət yoxdur. Yəni, bunu öz taleyimdən nümunə çəkdim. Yaxuda da müxalifət yoxdursa həbsdə olan insanlar var. Aksiya edənlər, etiraz bildirənlər, danışanlar var. Bəs bunlar kimdir? Əgər partiyalar müxalif deyilsə, niyə bu partiyaların varlığını davam etdirirlər? Dövlətdən maliyyə yoxdur, faəliyyət məhduddur, çıxış edirlər, üzərinə gəlirlər. Bu məsələlər genişdir və bunu bir sualla, bir müsahibə ilə izah etmək olmaz. Azərbaycanda müxalifət yoxdur tezisi ilə olan partiyaların hamısı da iqtidarla əl bildir və.s kimi tezislərdə düşünürəm ki, zamanında düşünülmüş şəkildə iqtidar tərəfdən cəmiyyətə ötürülüb. Cəmiyyətdə də inamsızlıq mühiti yaradılıb. İndi kimki cəmiyyətdə deyir ki, Azərbaycanda real müxalifət yoxdur, siz onlardan soruşsanız ki, eyni adamlar deyəcək ki Azərbaycanda iqtidar da yoxdur. Yəni nə baxımdan, iqtidarı da sevmirlər və inanmırlar. Yəni müxalifətə də, iqtidara da inanmırlar. O zaman ortaya bir sual çıxır. Bəs kimə inanır? Bu sistem necə irəliləyəcək? Bu baxımdan cəmiyyətdə həm informasiya azlığı var, həm də emosional yanaşma çoxdur. 2020-ci ildən sonra müəyyən qədər partiyalar arasında dialoq başlayıb, yeni münasibətlər sisteminə daxil olub. Bu münasibətlər sayəsində siyasi qüvvələr yavaş-yavaş mövqelərini bərpa etməyə və cəmiyyətdəki rolunu yenidən formalaşdırmağa çalışırlar. Məqsəd odur ki, iqtidar-müxalifət tandemi dünyada qəbul olunmuş standartlara uyğun şəkildə qurulsun və Azərbaycan inkişaf etsin.

Azərbaycanda inkişafın ləng getməsinin səbəblərindən biri də məhz bu münasibətlərin, bu sistemin düzgün qurulmamasıdır. Məsələn, parlamentə baxsaq, Yeni Azərbaycan Partiyasından başqa digər partiyalar müxalifət sayılsa da, gerçəkdə bu mövqe birmənalı deyil. Saysaq cəmi 10 müxalifətçi var. Çünki “bir tərəf” adı ilə olan deputatların sayı real müxalifətdən daha çoxdur. Səhv emtirsəmsə 38 deputat var. Dünyanın heç bir yerində bu qədər “bir tərəfli” struktur olmur. Bu isə müxalifəti proseslərdən kənarda saxlamaq cəhdidir.

Bütün bunlar bəlkə də iqtidarın daxilən özünü güclü hiss etməsinə kömək edir, ancaq dövlətin immutetini zəifləməsinə səbəb olur. Xarici təzyiqlər qarşısında daha həssas vəziyyətə düşür. Güclü dövlətlər güclü müxalifətə sahib olan dövlətlərdir. Güclü iqtidar da yalnız güclü müxalifətlə tarazlaşır. Əks halda, sistem zəif olur. Bu proses indi gedir, ləngdir, amma hər halda irəliləyir. Ümid edirəm ki, yaxın gələcəkdə münasibətlər istədiyimiz şəkildə formalaşacaq. Təəssüf ki, başqa dövlətlərin 3-5 ilə keçdiyi yolu biz 30 ildir yavaş-yavaş  keçirik”.

Oğuz Ayvaz,
Medianews.az

Bizə qoşulun