Moldova onu təşkilatın tərkibindən çıxarmağa imkan verəcək MDB ilə sazişləri ləğv etmə proseduruna başlayıb.
Medianews.az xəbər verir ki, bu barədə "Radio Moldova"nın efirində ölkənin baş nazir müavini və xarici işlər naziri Mixay Popşoy bildirib.
"Moldova Müstəqil Dövlətlər Birliyində üzvlüyünün əsasını təşkil edən üç əsas sazişin - MDB Nizamnaməsi, MDB-nin yaradılması haqqında saziş və müvafiq əlavənin ləğv edilməsi proseduruna başlayıb", - nazir bildirib.
Onun sözlərinə görə, bu sazişlərin rəsmi olaraq ləğv edilməsindən sonra ölkə hüquqi olaraq MDB-nin tərkibindən çıxacaq.
"De-fakto olaraq təşkilatda üzvlük daha əvvəl dayandırılmışdı. Bu sənədlər yekun təsdiq üçün parlamentə göndəriləcək", - deyə Popşoy vurğulayıb.