Medianews.az
Minlərlə azərbaycanlı çətin durumda – Yeni qanun mübahisə yaratdı
68 baxış

Minlərlə azərbaycanlı çətin durumda – Yeni qanun mübahisə yaratdı

Son günlər “Tibbi sığorta haqqında” qanuna təklif edilən dəyişikliklər narazılıq yaradıb. Layihəyə əsasən, işsiz, qeyri-formal çalışan və rəsmi gəliri olmayan şəxslərin aylıq 16 manat icbari tibbi sığorta ödəməsi nəzərdə tutulur. Hətta qanun layihəsində ödəmənin gecikdirilməsi halında əlavə 10% sığorta haqqının tətbiq ediləcəyi də qeyd olunur.

İşsizlərin sığorta ödənişi etməsi ədaləti təmin edəcəkmi? Dünya təcrübəsində vəziyyət necədir?

Medianews.az bildirir ki, globalinfo.az-a danışan Sosial-strateji Tədqiqatlar və Analitik Araşdırmalar İctimai Birliyinin sədri İlqar Hüseynli deyib ki, faktiki olaraq işsiz kimi qeydiyyata alınan şəxsin heç bir gəlir mənbəyi yoxdur:

“Gəliri olmayan insanlardan icbari tibbi sığorta haqqının hansı hüquqi əsasla tələb oluna biləcəyi sual doğurur. Bu şəxslər ödənişi hansı vəsaitlə etməlidirlər? Ev əşyalarını satmaqla, borc almaqla, yaxud başqa yolla? Bu mənbə açıqlanmalıdır. Həmçinin qeyri-formal işləyən insanlar da var, məsələn, malyar, fəhlə, hörgüçü kimi fəaliyyət göstərənlər rəsmi qeydiyyatda deyil. Yəni onların real gəlir əldə edib-etmədiyini müəyyən etmək də mümkünsüzdür. Eləcə də yaşlanıb, əmək qabiliyyətini itirən şəxslər var. Bu halda, ödəniş onların övladlarından tutulmalıdır? Bütün bunlar ciddi paradoksal vəziyyət yaradır”.

Ekspert bildirib ki, burada həm də ədalətsiz yanaşma var:

“Əgər icbari tibbi sığorta ödənişi tələb olunursa, vətəndaşların həmin məbləği hansı mənbədən ödəyəcəkləri də aydın göstərilməlidir. Bununla yanaşı, ödəniş edən şəxslərin hansı səviyyədə və keyfiyyətdə tibbi xidmət alacağı da açıqlanmalıdır. Üstəlik, ödəniş gecikdikdə əlavə 10 faiz cərimənin tətbiqi vəziyyəti daha da ağırlaşdırır. Bütün hallarda işləməyən şəxsdən icbari ödəniş tələb etmək düzgün yanaşma deyil. Ola bilsin ki, başqa ölkələrdə bunun müsbət nümunələri var, lakin orada vətəndaşların formal və ya qeyri-formal gəlirləri barədə bəyannamə sistemi mövcuddur. Bu baxımdan təqdim olunan qərar Azərbaycanda hazırkı şəraitə uyğun deyil”.

Qeyd edək ki, hazırda formal şəkildə fəaliyyət göstərən qurumlarda işçi 2% və işəgötürən də 2% olmaqla bir vətəndaş üçün ümumilikdə 4% icbari tibbi sığorta haqqı ödənilir. Sözügedən qanuna dəyişiklik edildikdən sonra müəyyən kateqoriyaya daxil olan şəxslər istisna olmaqla, əmək potensialı olan şəxslər də ayda minimum əməkhaqqının (400 manat) 4%-i həcmində, yəni 16 manat icbari tibbi sığorta haqqı ödəyəcək.

Azərbaycanda rəsmi qeydiyyatda olan işsizlərin sayı (Məşğulluq Agentliyi üzrə) 1 oktyabr 2025-də 236 400 nəfər olub.

Bizə qoşulun