Medianews.az
Mikayıl Gözəlovu güllələyən Elbrusun həbsxana VİDEOSU -
79 baxış

Mikayıl Gözəlovu güllələyən Elbrusun həbsxana VİDEOSU - Arxiv

Dekabrın 25-də paytaxtın Səbail rayonunda baş verən yol-nəqliyyat hadisəsi gözlənilməz bir faktı yenidən ictimai müzakirəyə çıxarıb. Qəza zamanı 10 yaşlı Sərxana operativ yardım göstərərək onu dərhal xəstəxanaya çatdıran polis polkovnik-leytenantı Müşfiq Gözəlovun Şuşanın güllələnmiş sabiq icra başçısı Mikayıl Gözəlovun oğlu olduğu məlum olub.

Bu fakt sosial şəbəkələrdə geniş rezonans doğurub. İstifadəçilər Mikayıl Gözəlovun fəaliyyəti, şəxsiyyəti və vətənpərvər mövqeyi barədə xatirələrini bölüşüb, onun Şuşa üçün gördüyü işləri xatırladıblar.

1768640682_589154692_887434277240217_4198642400765316171_n.jpg (450 KB)

Paralel olaraq, Mikayıl Gözəlovu qətlə yetirən Elbrus İbrahimovun bir zamanlar həbsxanada çəkilmiş görüntüləri də yenidən paylaşılıb.

Musavat.com həmin videonu təqdim edir.

Qeyd edək ki, Elbrus İbrahimov 27 il məhkum həyatı yaşayıb. O, cəzasının əsas hissəsini Qobustan qapalı həbsxanasında çəkib və 2019-cu ildə ağır xəstəlikdən həbsxanada vəfat edib. E.İbrahimov 1991-ci il dekabrın 11-də Şuşanın icra başçısı Mikayıl Gözəlovu qətlə yetirdiyinə görə məhkum edilmişdi.

Qətl ölkə miqyasında böyük səs-küy doğurmuşdu. Çünki hadisəni törədən şəxs Şuşada təcili tibbi yardım avtomobilinin sürücüsü idi və bir sürücünün icra başçısını kabinetində avtomat silahla qətlə yetirməsi ciddi suallar yaratmışdı.

Qətl baş verən gün - dekabrın 11-də Elbrus İbrahimov saxlanılaraq həbs edildi və bir neçə gün sonra Bakıdakı Bayıl həbsxanasına göndərildi. Məhkəmə prosesində qətllə bağlı qeyri-adi faktlar üzə çıxmadı. E.İbrahimov ifadəsində icra başçısı ilə aralarında mübahisə olduğunu və əsəbiləşərək ona atəş açdığını iddia etmişdi. Məhkəmə onu əvvəlcə güllələnmə cəzasına məhkum etsə də, sonradan bu cəza ömürlük həbslə əvəz olunmuşdu.

Mikayıl Gözəlovun yeganə oğlu Müşfiq Gözəlov mediaya verdiyi müsahibələrin birində atasının qətli ilə bağlı illərdir onu düşündürən suallardan danışıb.

“Bir təcili yardım sürücüsünün icra başçısını qətlə yetirməsi nəyinə lazım idi?” sualına cavabında bildirib ki, bu sual uzun illərdir onu da narahat edir.

“Atamı otağında güllələyən Elbrus adlı şəxs bu barədə heç vaxt danışmayıb. Mən bir neçə dəfə onunla görüşmək istəsəm də, buna icazə verilməyib”, - deyə M.Gözəlov qeyd edib.

O əlavə edib ki, yalnız bir dəfə təsadüfən atasının qatilinin qardaşı ilə qarşılaşıb.

Hadisədən illər keçməsinə baxmayaraq, Mikayıl Gözəlovun qətli bu gün də cavabsız suallar doğurur və cəmiyyət üçün qaranlıq qalan məqamlardan biri olaraq qalır.

Bizə qoşulun