Bakı Dövlət Universitetinin (BDU) Filologiya fakültəsinin Rus dili kafedrasının professoru Mikayıl Cəfərov vəfat edib.
Bu barədə Medianews.az-a ali məktəbdən məlumat verilib.
Qeyd edək ki, Mikayıl Cəfərov 1939-cu il iyulun 7-də Gürcüstanda anadan olub. 1950-1956-ci illərdə Qazaxıstanın Cambul rayon orta məktəbində təhsil alıb. 1956-1960-cı illərdə Marneuli rayonu Şulaveri qəsəbə orta məktəbində təhsilini davam etdirib. 1961-1962 və 1966-1969-cu illərdə M.F.Axundzadə adına Azərbaycan Pedaqoji Dillər İnstitutunda (APDİ) təhsil alıb. 1980-ci ildə “XVIII-XX əsrlər rus dilində mürəkkəb sifətlər” mövzusunda dissertasiya müdafiə edib və filologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi alıb. 1969-1979-cu illərdə APDİ-də laborant və müəllim vəzifələrində çalışıb. 1979-cu ildən BDU-da fəaliyyət göstərib. 1979-1984-cü illərdə BDU-nun Rus dilçiliyi kafedrasında baş müəllim, 1984-2024-cü illərdə Rus dili (təbiət fakültələri üzrə) kafedrasının müdiri olub. 2024-cü ildən isə kafedranın professoru kimi fəaliyyət göstərirdi. O, 2006-2016-cı illərdə Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının eksperti olub.
Mikayıl Cəfərov 1984-cü ildə dosent elmi adını alıb. 1998-ci ildə “XVII-XX əsrlər rus dilində mürəkkəb sözlərin struktur-semantik inkişafı” mövzusunda dissertasiya müdafiə edib və filologiya elmləri doktoru elmi dərəcəsi, 2004-cü ildə professor elmi adını alıb. Tədqiqat sahəsi rus dilçiliyi, rus dili və rus dilinin tədrisi metodikası olub.
O, 2009-cu ildə “Əməkdar müəllim” fəxri adı, 2019-cu ildə isə "Tərəqqi" medalı ilə təltif olunub.
Allah rəhmət eləsin!
