"İnter Mayami"nin və Argentina millisinin üzvü Lionel Messi müasir dövrün yeniliklərində maraqlı olmadığını bildirib.
Publika.az xəbər verir ki, o, süni intellektdən istifadə etməyi bacarmadığını bildirib:
"Mən nəinki "ChatGPT"dən, ümumiyyətlə süni intellektdən istifadə etmirəm. Ona qarşı olduğum üçün yox, sadəcə bu sahə ilə maraqlanmamışam və necə işlədiyini tam anlamıram. Antonela isə gün boyu "ChatGPT"dədir, hər şeyi ondan soruşur - reseptlər, yeməklə bağlı suallar, ümumiyyətlə hər şey. Amma mən hələ o dünyaya daxil olmamışam", - deyə Messi əlavə edib.
Messi sosial şəbəkələrlə bağlı da çətinlik yaşadığını qeyd edib:
"Reallıqla heç bir əlaqəsi olmayan çox şey deyilir. Başlıqlar olur ki, guya mən nəsə demişəm, guya nəsə baş verib, amma əslində belə bir şey olmayıb. İnsanlar danışır, nəsə deyir və sən hər şeyə cavab verə bilməzsən. Əgər çox ciddi bir məsələ deyilsə, üstündən keçməyə çalışıram. Futbolla bağlı olmayan mövzularda adımın hər yerdə hallanmasını və insanlar tərəfindən müzakirə olunmasını xoşlamıram".