“Bütün günü evdə oluram. Bəzən ev işləri ilə məşğul oluram, kitab oxuyuram. Mənim yaşımda adam başqa nə edə bilər ki?!”
Bunu Musavat.com-a açıqlamasında Əməkdar artist Zemfira Sadıxova deyib.
O bildirib ki, kino üçün darıxsa da, nə yaşı, nə də kino sahəsinin vəziyyəti ona çəkilməyə imkan verir:
“Hazırda Azərbaycan kinosu ilə bağlı vəziyyət ürəyimcə deyil. Buna görə də hesab edirəm ki, indi Azərbaycanda kino yoxdur. Yaşım da çoxdur. Bu yaşda durub hansısa seriala çəkilə bilmərəm. 86 yaşım var, ömrümü sakit şəraitdə keçirirəm. Nə iləsə başımı qatmağa çalışıram”.
Aktrisa bildirib ki, bir neçə il bundan öncə ürəyində problemlər olub, indi isə səhhəti stabilləşib: “Əvvəllər İrana gedirdim, indi isə dərmanlarımı Azərbaycandan alıram”.
Z. Sadıxova deyir ki, sosial şəbəkələrdə aktivdir, verilişləri izləyir: “Dünyada baş verən bütün xəbərləri izləyirəm, darıxmıram”.